• office@soyqirim.az
  • (023)335-37-07
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “Xocalı əsrin faciəsi” mövzusunda maarifləndirici tədbir keçirilib. / 23 Fevral, 2024

Yeni Azərbaycan Partiyasının Quba Rayon Təşkilatı və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə “Xocalı – əsrin faciəsi” adlı tədbir keçirilmişdir.

Tədbirdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru Dr. Rəxşəndə Bayramova və YAP Quba rayon təşkilatının, eləcə də Kompleksin əməkdaşları iştirak etmişlər. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlər birdəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə giriş sözü ilə açan Kompleksin direktoru Dr.Rəxşəndə Bayramova Ermənistan silahlı qüvvələri bölmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının texnika və canlı qüvvəsinin iştirakı ilə təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə, insanlığa qarşı törətdiyi soyqırımın 32-ci ildönümünün əvvəlki illərdən fərqli olaraq bu il yeni bir məzmunda anılacağını bildirib.
Daha sonra çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını aldı. Lakin illər ötsə, əsrlər bir-birini əvəz etsə də, Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəkdir. Bu faciə zamanı qədim Azərbaycan şəhəri Xocalı yerlə-yeksan edilib, uşaq, qadın, qoca bilmədən insanlar vəhşicəsinə qətlə yetirilib, itkin düşüb, əsir alınaraq olmazın əzab və işgəncələrinə məruz qalıblar. Minlərlə arxeoloji, tarixi-memarlıq abidələri dağıdılıb, milli-mənəvi dəyərlərimiz vandalcasına məhv edilib.
Tədbir Kompleks əməkdaşlarının mövzu ətrafında hazırladıqları məqalələrlə çıxış etməsi ilə davam edib.

Paylaş

Spread the love