Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin, Pir Hüseyn Xanəgahı tarix-memarlıq qoruğunun, eləcə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşlarının iştirakı ilə keçirilmiş vebinarda əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlər birdəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Xocalı soyqırımı ilə bağlı film izlənilmişdir. Tədbirdə çıxış edən Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova bildirmişdir ki, Xocalı soyqırımı XX əsrin ən qanlı faciələrindən biridir. Erməni cəlladlarının törətdiyi bu kütləvi qırğın nəticəsində günahsız insanlar qətlə yetirilmiş, arxeoloji, tarixi-memarlıq abidələri dağıdılmışdır. Daha sonra Pir Hüseyn Xanəgahı tarix-memarlıq qoruğunun direktoru Məhərrəm Müslümov Xocalı soyqırımının XX əsrdə dünyanın ən dəhşətli qətliamlarından biri, bütün insanlığa qarşı cinayət olduğunu vurğulayaraq bildirmişdir ki, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır.
Tədbir qoruq əməkdaşlarının mövzu ətrafında məruzələri ilə davam etmişdir.