Tədbiri giriş sözü ilə açan kafedranın müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova 1918-ci ildə azərbaycan ərazilərində baş vermiş etnik təmizləmə siyasəti barəsində danışaraq qeyd etmişdir ki, bu soyqırımlar öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.
Daha sonra Akademiyanın prorektoru professor Ə.Z.Abdullayev çıxış edərək qeyd etmişdir ki, erməni qəsbkarları hər zaman xalqımıza qarşı soyqırımlar, etnik təmizləmə və deportasiya həyata keçirmiş, tarix boyu “Böyük Ermənistan” xülyası ilə yaşamışdılar.
Soyqırımı Memorial Kompleksinin mütəxəssisi tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı 1918-ci il Lənkəran, Cavad və Göyçay qəzalarında azərbaycanlıların soyqırımı haqqında tədbir iştirakçılarına məlumat vermişdir.
Kompleksin mütəxəssisi Nazilə Məmmədova isə Soyqırımı Memorial Kompleksinin ötən 10 il ərzindəki fəaliyyəti barəsində danışmışdır. Qeyd olunmuşdur ki, Kompleksi bu günə qədər 200 mindən çox xarici olmaqla 1 milyondan çox ziyarətçi ziyarət etmişdir.
Sonda tədbir iştirakçılarına Soyqırımı Memorial Kompleks tərəfindən hazırlanmış azərbaycanlılara qarşı törədilmiş soyqırımlar barədə kitab və bukletlər təqdim olunmuşdur.