"Mir Yaqub Mehdiyev"
Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından olan Mir Yaqub Mehdiyev 1891-ci ildə Bakının Xırdalan qəsəbəsində anadan olmuşdur. O, 1909-cu ildə Aleksandropol Kommersiya Məktəbini bitirdikdən sonra təhsilini Peterburq Politexnik İnstitutunun İqtisadiyyat fakültəsində davam etdirmişdir.
Kəndlilər İttifaqının və Bakı Müsəlman İctimai Təşkilatları Şurasının sədr müavini kimi ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən Mir Yaqub Mehdiyev sonralar İttihad Partiyasının təşkilatçısı olmuş, partiyanın birinci və ikinci qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdi. O, İttihad Partiyasını təmsil etməklə yanaşı Zaqafqaziya Seyminin üzvüdə seçilmiş və Zaqafqaziya Seyminin 1918-ci il 25 mart tarixli iclasında Cənubi Qafqazın müstəqil elan olunması tələbi ilə müsəlman fraksiyası adından ilk dəfə çıxış etmişdi.
1918-ci il mayın 26-da Zaqafqaziya Federasiyasının süqutundan sonra Azərbaycan Milli Şurasının üzvü olmuş, Milli Şuranın 1918-ci il noyabrın 19-da verdiyi “Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun”una əsasən, seçkisiz Azərbaycan Parlamentinin tərkibinə daxil edilmiş və məclis üzvü kimi fəaliyyətə başlamışdır. Parlamentdə “İttihad” fraksiyasının üzvü olmuşdur. Mir Yaqub Mehdiyev Paris Sülh Konfransında (1919–1920) iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində yer almışdır. Eyni zamanda, Azərbaycanın müstəqilliyinin 1920-ci ilin yanvarın 11-də de-fakto tanınmasında da Mir Yaqub bəyin xidmətləri olmuşdur. Seym üzvü olarkən 1918-ci il mart hadisələrindən sonra ilk dəfə “Biz Rusiyadan ayrılıb müstəqil olmalıyıq “şüarını da ilk dəfə Mir Yaqub bəy səsləndirmişdi.
Mehdiyev 7 noyabr 1949-cu ildə Türkiyənin İstanbul şəhərində vəfat etmişdir. O, Feriköy məzarlığında dəfn edilmişdir.
Paylaş