1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımların 107-ci ildönümü ilə əlaqədar olaraq Quba şəhərində "Soyqırımı Memorial Kompleksi" və Quba Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Erməni vəhşiliyi-Quba soyqırımı” adlı anım tədbiri keçirilib. / 18 Mart, 2025
Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov açaraq qeyd edib ki, 1918-ci ildə Quba və digər qəzalarda azərbaycanlılara qarşı erməni daşnak dəstələrinin törətdiyi qətliamlar xalqımızın yaddaşında silinməz iz buraxıb. Tarixi həqiqətlərin unudulmamasının vacibliyini qeyd edən natiq bu cür tədbirlərin gələcək nəsillərə soyqırımı həqiqətlərinin çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını bildirib.
Daha sonra çıxış edən “Soyqırımı Memorial Kompleksi”nin direktor müavini Mehriban Əliyeva Quba məzarlığında aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan kütləvi məzarlıq barədə ətraflı məlumat verib. O qeyd edib ki, burada tapılan insan qalıqları 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmiş günahsız insanların faciəsini bir daha sübut edir. Mehriban Əliyeva vurğulayıb ki, bu cür soyqırımı aktlarının dünya ictimaiyyətinə çatdırılması və tarixi həqiqətlərin təbliği Azərbaycan üçün mühüm vəzifələrdən biridir.
Anım tədbirinə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrin, Quba Dövlət Sosial-İqtisadi Kollecinin tələbələrinin və fəal oxucuların iştirakı ilə ümumilikdə 40-a yaxın şəxs qatılıb.
Paylaş