• office@soyqirim.az
  • (023)335-37-07
31 mart azərbaycanlılara qarşı törədilmiş soyqırımların 107-ci ildönümü ilə bağlı anım tədbiri / 31 Mart, 2025
2007-ci ilin aprel ayında Quba şəhər stadionunda təmir-qazıntı işləri aparılarkən aşkar edilmiş kütləvi məzarlıqdakı insan qalıqlarının 1918-ci ildə erməni daşnak-quldur dəstələri tərəfindən soyqırıma məruz qalmış yerli dinc əhaliyə aid olduğu müəyyən edilmişdir. Bundan bir qədər sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli 673№-li sərəncamına əsasən, 2012-2013-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi” inşa edilmişdir. 2013-cü il sentyabr ayının 18-də Prezident İlham Əliyevin iştirakı ilə açılmış Soyqırımı Memorial Kompleksini ötən 12 il ərzində 200 mindən çox xarici ziyarətçi olmaqla 1 milyondan çox insan ziyarət etmişdir. Soyqırımı Memorial Kompleksi dövlətimizdə erməni vandalizmini özündə əks etdirən yeganə ideoloji mərkəzdir. Kompleksin əsas missiyası erməni qəddarlığını olduğu kimi bəyan etmək və Azərbaycan həqiqətlərini həm yerli, həm də beynəlxalq səviyyədə təbliğ etməkdir.
31 mart azərbaycanlılara qarşı törədilmiş soyqırımların 107-ci ildönümü ilə bağlı Soyqırımı Memorial Kompleksində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba Rayonu İcra Hakimiyyəti və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi xanım Səbinə Hacıyeva, Quba Rayon İcra hakimiyyətinin başçısı cənab İlqar Mahmudov, yerli idarə-müəssisə rəhbərləri, eləcə də rayon ictimaiyyəti iştirak etmişlər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarət edərək abidənin önünə gül-çiçək dəstələri düzmüşlər. Daha sonra tədbir iştirakçıları Kompleksin ərazisində yerləşən xatirə abidəsini ziyarət etmişlər.
Kompleksin muzey hissəsi ilə tanış olan tədbir iştirakçıları əməkdar rəssam Adil Şıxəliyevin müşaiyəti ilə rəssamın 1918-ci il azərbaycanlıların soyqırımlarına həsr olunmuş əsərlərindən ibarət “Mələklərin Fəryadı” adlı qobelen sərgisi ilə tanış olmuşlar, həmçinin sərgiyə gələnlərə Quba Rayon İcra Hakimiyyəti tərəfindən sərgi ilə əlaqədar hazırlanmış kitabçalar təqdim edilmişdir.
Tədbir iştirakçıları həmçinin Kompleks əməkdaşlarının ötən il ərzində əldə etdikləri uğur və nəticələri özündə əks etdirən sertifikat və diplomlarla da tanış olmuşlar.
Axşam saatlarınadək davam edən anım tədbirinə mərkəzi və yerli İcra Hakimiyyəti orqanları, idarə-müəssisə və təşkilat rəhbər və əməkdaşları, media nümayəndələri, tələbə və gənclər, eləcə də onminlərlə insan qatılmışdır.
Xatırladaq ki, adı qeyd olunan sərgi 2 ay müddətində Soyqırımı Memorial Kompleksində nümayiş olunacaq.

Paylaş

Spread the love