Quba şəhərinin zəngin, milli-memarlıq ornametlərinə malik, ən qədim məscidlərdən biri 1802-ci ildə Qazi İsmayıl əfəndinin maddi yardımı ilə tikilmiş “Cümə” məscididir. “Cümə” məscidi ibadət yeri olması ilə yanaşı şəhərin ictimai həyatında da mühüm rola malik olan Azərbaycanın ən qədim dini mərkəzlərindən biri olmuşdur. Cümə məscidi şəhərinin mərkəzində, bazar ərazisinin ətrafında Quba meydanında yerləşirdi.
1918-ci ilin may ayının 1-də Hamazaspın başçılığı altında 3 minlik ordu üç tərəfdən Qubaya daxil olaraq şəhəri toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutur.
Hamazasp Qubaya gəlişinin dördüncü günü Cümə məscidinin qarşısında yerli sakinlərlə görüşmüş və bildirmişdir ki, o bura bolşevik hökuməti qurmağa deyil, Qara dənizdən Şahdağadək Böyük Ermənistan yaratmağa gəlmişdir.