Quba, 28 dekabr, Elxan Yusifli, AZƏRTAC
Ermənistan Qərbi Azərbaycanda bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan edib. Bu vaxta kimi həmin ərazilərdə 120 abidənin olması göstərilirdi. Amma Osmanlı arxivlərində aparılan araşdırmalar nəticəsində Qərbi Azərbaycanda 220-dən çox tarixi, mədəni və dini abidə barədə məlumata rast gəlinir. Bu araşdırmalar davam etdirilir. Biz öz keçmişimizə sahib çıxmalıyıq. Ölkə rəhbərliyinin məqsədyönlü siyasəti Qərbi Azərbaycana dönəcəyimiz barədə nikbin düşünməyə əsas verir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova söyləyib.
R.Bayramova bildirib ki, Azərbaycan haqq səsini tarixi faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırır. Buna görə də ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri fayda verməyəcək.
“Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olan zaman bildirdi ki, Qərbi Azərbaycanın bizim tarixi torpağımız olduğunu bir çox tarixi sənədlər, tarixi xəritələr təsdiqləyir. Azərbaycanlıların öz dədə-baba yurdlarından qovulması yaxın keçmişdə baş verib. Bu hadisələrin canlı şahidləri həyatdadır. Qərbi Azərbaycanda bizim viran qalan kəndlərimizin qalıqları yerindədir. Həmin yerlərdə azərbaycanlılara məxsus qəbiristanlıqlar var. İndiki Ermənistan ərazisində tarix boyu azərbaycanlılar yaşayıb. İndi bütün bunların dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində işlər başlayıb”, – deyə Rəxşəndə Bayramova söyləyib.
Tarixçi qeyd edib ki, Qərbi Azərbaycanda yaşayan soydaşlarımız qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalıblar. İndi onların hüquqlarının bərpa olunması vaxtı gəlib çatıb. Vətən müharibəsində qazandığımız şanlı Qələbə də göstərdi ki, qüdrətli Azərbaycan qarşısına qoyulan məqsədlərə çatmaq üçün bütün imkanlarını səfərbər edə bilir. Vaxt gələcək, Qərbi Azərbaycandan qovulmuş insanlarımızın da doğma yurd həsrəti bitəcək. Tarixi ədalət bərqərar olacaq.