Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti, Qərb dairələri ilə aparılan bir illik gərgin danışıqlardan sonra müstəqilliyimizin tanınmasına nail olunmuşdu. Belə ki, 1920 –ci il yanvarın 11-də I Dünya müharibəsinin yekunlarına həsr olunmuş Paris sülh konfransının Ali Şurasında Böyük Britaniyanın xarici işlər naziri Kerzonun təklifi ilə Azərbaycan Cümhuriyyətinin tanınması barədə qərar qəbul olundu.
1920-ci il yanvarın 14-də Azərbaycan Cümhuriyyətinin Baş naziri Nəsib Bəy Yusifbəyli Ə.B.Topçubaşova təqdim edilmiş Paris Sülh konfransının rəsmi qərarını vətəndaşlara açıqlamış və həmin tarix Azərbaycan Xalq Cümhuriyyətində qeyri-iş günü elan olunmuşdur. Bakıda bu münasibətlə bayram şənliyi keçirilmiş və parlamentin təntənəli iclası olmuşdur. İclasda Məhəmməd Əmin Rəsulzadə çıxış edərək, nitqini bu sözlərlə bitirmişdir:”Azərbaycan xalqı öz istiqlalını dünyaya tanıtdı. Bir kərə yüksələn bayraq, bir daha enməz!”




