Şabran Tarix-Diyarşünaslıq Muzeyi və Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə “Şanlı tariximizin şanlı səhifəsi” mövzusunda geniş müzakirəyə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirin əsas məqsədi Vətən müharibəsində əldə olunan tarixi Zəfərin əhəmiyyətini vurğulamaq və Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan qəhrəmanları yad etməkdir. / 29 Oktyabr, 2024
Giriş sözü ilə çıxış edən Şabran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Bəsti Məmmədova Vətən müharibəsi zamanı əldə edilən qələbənin, Azərbaycanın yeni tarixində önəmli dönüş nöqtəsi olduğunu qeyd edib. O, Zəfər Gününün xalqımızın milli qüruru və iradəsinin simvolu kimi əbədiləşəcəyini vurğulayıb. Məmmədova həmçinin bu qələbənin gələcək nəsillərə qəhrəmanlıq və vətənpərvərlik örnəyi olduğunu bildirib.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktor müavini Mehriban Əliyeva çıxışında Vətən müharibəsinin ədalətli olduğunu, ölkəmizin tarixi ədaləti bərpa etdiyini vurğulayıb. O, 44 günlük müharibə nəticəsində Azərbaycanın beynəlxalq arenada qazandığı siyasi və strateji üstünlüklərdən bəhs edib. Mehriban Əliyeva həmçinin vurğulayıb ki, Zəfər Günü şəhidlərin xatirəsini anmaqla yanaşı, ölkəmizin güclü orduya sahib olmasının bariz göstəricisidir.
Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev isə öz çıxışında Zəfər Gününün həm daxili həm də beynəlxalq arenada Azərbaycanın mövqeyini necə gücləndirdiyini və Qarabağın işğaldan azad edilməsi ilə ölkəmizin regionda sülh və sabitliyi təmin edən əsas qüvvəyə çevrildiyini vurğulayıb. O, qələbənin hərbi-siyasi nəticələrindən və Azərbaycanın güclü liderliyi ilə bu qələbənin qazanıldığını qeyd edib.
Tədbirdə şəhid ailələri də çıxış edərək öz övladlarının Vətən uğrunda göstərdikləri qəhrəmanlıqlardan danışıb və onların fədakarlığının xalqımız üçün daim unudulmaz olduğunu bildiriblər.
Tədbirin sonunda isə “Mədəni İrsimiz: Dünən və Bu Gün” layihəsi çərçivəsində Qarabağda işğal zamanı dağıdılmış və Vətən müharibəsindən sonra yenidən bərpa edilən abidələrə həsr olunmuş sərgi nümayiş etdirilib. Burada Qarabağın tarixi irsinin bərpası, yenidənqurma işləri, Azərbaycanın mədəni irsinin qorunub saxlanmasının əhəmiyyəti vurğulanıb.
Paylaş