Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclası keçirilib.

İclasda mədəniyyət nazirinin müavini Səadət Yusifova Ekspert Şurası tərəfindən həyata keçirilən işlərin nəticələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında mövcud olan səhvlərin aradan qaldırılması, tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən obyektlərin dövlət mühafizəsinə daxil edilməsi məqsədilə yaradılmış Ekspert Şurası öz fəaliyyətini davam etdirir. Ötən dövrdə Ekspert Şurasında müzakirə edilmiş abidə və yeni aşkar edilmiş abidələrdən artıq 748-i barədə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən rəy verilmilşdir.
Ekspert Şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor, Gülçöhrə Məmmədova müzakirəyə çıxarılan məsələlər haqqında məlumat verib. Bildirib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən mövcud siyahıya əlavə və düzəlişlərin edilməsi üçün toplanmış yeni materiallar Ekspert Şurasına təqdim edilib.
İclasda 56 yeni aşkar edilmiş abidənin dövlət mühafizəsinə götürülməsi, 11 abidənin isə məlumatlarına dəyişiklik edilməsi müzakirə olunub. Sözügedən məsələ ilə bağlı Şura üzvlərinin rəy və təklifləri dinlənilib, tarixi, memarlıq və arxeoloji əhəmiyyəti daşıyan obyektlərin dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərin görülməsi barədə qərarlar qəbul edilib.

27 sentyabr Anım Günüdür

Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək ərazi bütövlüyümüz uğrunda canlarından keçən bütün şəhidlərimizi dərin ehtiram və hüznlə yad edir. 27 sentyabr tarixi doğma torpaqlarımızı işğaldan azad etmək, sərhədlərimizi təxribatlardan qurtarmaq iradəmizin möhkəm təməli kimi yaddaşlarda əbədiləşmişdir. Bu şərəfli tarix həm də Qarabağda erməni hökmranlığına son qoyan hərbi-siyasi gücümüzün, milli ruhumuzun və həmrəyliyimizin təntənəsidir. Uzaq keçmişdən başlayan ədalətsiz prosesləri dəyişən bu gün ölkəmizə qarşı aparılan uzunmüddətli düşmənçilik və etnik dözümsüzlük siyasətinə son qoydu. 2020-ci ilin həmin təqvim günü haqlı davamızın möhtəşəm nəticələrini, torpaqlarımızın işğaldan azad olunmasını və əsl sahiblərininə qovuşmasını təmin etdi. Eyni zamanda, bu qətiyyətli addım bölgədə yeni siyasi-iqtisadi proseslərin və çoxtərəfli regional əməkdaşlığın təməlini qoydu. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi barədə Sərəncam imzalanmışdır. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə 2023-cü il sentyabrın 27-də saat 12:00-da bütün ölkə ərazisində bir dəqiqəlik sükut elan edilmişdir. Həmin əlamətdar tarix Vətən müharibəsində qəhrəmancasına döyüşərək üçrəngli Azərbaycan Bayrağını azad olunmuş torpaqlarımızda dalğalandıran əsgər və zabitlərimizə verilən yüksək dəyərin təzahürüdür. Qarabağın göylərindən Cənnətə yol salan cəsur igidlərimizin ruhu şad olsun, çünki məhz onların qanı və canı bahasına bu Vətən bütövləşdi. Xalqımızın yaddaşında əbədi yaşayacaq bu şanlı qəhrəmanlar torpaq uğrunda şəhid olaraq min amal ilə yenidən dirilmişlər. Tarix yazan bütün oğullarımızın vətənpərvərliyi qarşısında sonsuz ehtiramla baş əyirik.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə kompleks əməkdaşları, universitetin müəllim və tələbə heyəti iştirak edib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru Dr. Rəxşəndə Bayramova Anım Gününün xalqımızın yaddaşında mühüm yer tutduğunu qeyd edib, şəhidlərin qəhrəmanlığının daim ehtiramla xatırlanmasının vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən kompleksin direktor müavini Mehriban Əliyeva Vətən müharibəsində əldə olunan tarixi Zəfərin qazanılmasında şəhidlərin göstərdiyi fədakarlıqdan və onların xalqımızın qəlbində əbədi yaşayacağından bəhs edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Humanitar elmlər kafedrasının baş müəllimi Dr. Təhminə Əliyeva çıxışında 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyətindən, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində bu cür tədbirlərin rolundan bəhs edib.
Daha sonra çıxış edən Soyqırımı Memorial Kompleksinin əməkdaşı Səriyyə Abidova isə şəhidlərin həyat yolunun, qəhrəmanlığının və onların xatirəsinin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd edib.
Tədbir iştirakçıları tərəfindən şəhidlərin əziz xatirəsinə ehtiram ifadə olunub və onların qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.

Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva APA İnformasiya Agentliyinə Qafqaz Albaniyasının memarlıq irsinə həsr olunmuş geniş müsahibə verib.

13 Years Since the Establishment of the Genocide Memorial Complex in Guba It has been 13 years since the establishment of the Genocide Memorial Complex in the city of Guba.

2007-ci il aprel ayının 1-də Quba şəhər stadionu ərazisində torpaq işləri görülərkən kütləvi məzarlıq aşkar edilmişdir. Həmin ilin iyul ayından etibarən ümumi sahəsi 514 m² olan ərazidə Azərbaycan Milli Elmlər Akademiyası, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən tədqiqat işlərinə başlanılmışdır. Arxeoloji qazıntılar nəticəsində insan sümükləri ilə doldurulmuş 2 quyu və 2 arx (kanal) aşkar edilmişdir. 2008-ci ilin sentyabrında tədqiqat işləri başa çatdırılıb və məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir. 30 dekabr 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncam imzalanmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə Qudyalçayın sol sahilində memorial kompleks inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılışı olmuşdur. Açılışda cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak etmişlər. Ümumi sahəsi 3,5 hektar olan kompleks 5 hissədən ibarətdir: Xatirə abidəsi, Simvolik məzarlıq, Soyqırımı muzeyi, Bayraq meydanı və İnformasiya mərkəzi.
Qeyd edək ki, fəaliyyətə başladığı gündən kompleksi 1 milyondan çox insan ziyarət etmişdir. Onlardan 200 mindən çoxu xarici ziyarətçilərdir. Gələn yerli və xarici ziyarətçilərə 4 dildə – Azərbaycan, rus, ingilis və ərəb dillərində ətraflı məlumatlar verilir.

Diplomatlar Xudavəng monastırını ziyarət ediblər

Sentyabrın 12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində Kəlbəcər rayonunda olublar.
Səfər zamanı diplomatlar Vəng kəndində yerləşən Xudavəng monastırını ziyarət ediblər.
Mədəniyyət  Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə  Dövlət  Xidmətinin rəisi Səbinə Hacıyeva qonaqlara dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng monastırı haqqında ətraflı məlumat verib.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri monastır kompleksinin ərazisini gəzərək burada qorunub saxlanılan tarix-memarlıq nümunələri ilə yaxından tanış olublar.

Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə keçirilən Yay Məktəbinin iştirakçıları proqramın yekununda Quba şəhərində “Soyqırım Memorial Kompleksi”ni ziyarət ediblər. Ziyarət zamanı 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən Qubada və ətraf ərazilərdə törədilmiş soyqırımı hadisələri, memorial kompleksin muzeyində sərgilənən tarixi eksponatlar haqqında iştirakçılara ətraflı məlumat verilib.

“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslər üçün mədəni turların təşkili” layihəsi çərçivəsində Qubada növbəti tədbirini keçirib.

Təşkil olunan tədbir çərçivəsində iştirakçılar üçün mədəni tur və konsert proqramı keçirilib. Qonaqlar Qubanın tarixi və mədəni məkanları ilə tanış olub, bölgənin zəngin tarixi-mədəni irsi haqqında məlumat əldə ediblər. Tədbir iştirakçıları həmçinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni də ziyarət ediblər. Ziyarətçilərə 1918-ci il hadisələri və kompleksin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Qeyd edək ki, tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin sosial və mədəni həyata fəal inteqrasiyasına dəstək olmaq, onların asudə vaxtının səmərəli təşkilini təmin etmək, yaradıcılıq və bacarıqlarını nümayiş etdirmələri üçün imkan yaratmaq, eləcə də inklüzivliyin cəmiyyətdə təşviqinə töhfə verməkdir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Azıx mağara düşərgəsində beynəlxalq ekspedisiya tərəfindən aparılan arxeoloji qazıntı işləri ilə tanış olub.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, Qarabağ Universitetinin nəzdində fəaliyyət göstərən Azıx arxeoloji tədqiqat və analiz laboratoriyasının müdiri Əjdər Babazadə 2023-cü ildən fəaliyyətə başlayan beynəlxalq ekspedisiyanın fəaliyyəti, ərazidə aşkar olunan maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, qazıntılar zamanı “Total Station”, GPS və 3D modelləşdirmə kimi müasir texnologiyalardan istifadə olunur, bütün məlumatlar vahid Arxeoloji İnformasiya Sistemində toplanır.
Azıx mağarasında aparılan hazırkı tədqiqatların əsas elmi əhəmiyyəti qazıntıların rəqəmsal sənədləşdirilməsi, laboratoriya analizlərinin aparılması, paleoekoloji rekonstruksiya, beynəlxalq elmi əməkdaşlıq və yerli kadr hazırlığının vahid tədqiqat proqramında birləşdirilməsindən ibarətdir.
Davam edən tədqiqatlar nəticəsində əldə olunacaq yeni elmi məlumatların Azıx mağarasının Paleolit dövrünə dair xronoloji və mədəni xüsusiyyətlərinin daha dəqiq müəyyənləşdirilməsinə, Cənubi Qafqazda qədim insanın məskunlaşması və yaşayış mühitinə dair elmi təsəvvürlərin genişləndirilməsinə, habelə Azıx mağarasının dünyanın ən qədim insan məskənləri kontekstində elmi əhəmiyyətinin daha dərindən və hərtərəfli qiymətləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, Azıx mağarasında Azərbaycan-Almaniya birgə ekspedisiyası artıq 3-cü ildir davam edir. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniyanın Leiza İnstitutunun arasında imzalanmış memorandum çərçivəsində aparılan tədqiqatlarda Portuqaliya, Böyük Britaniya, ABŞ, Türkiyə, Fransa və digər ölkələrdən mütəxəssislər iştirak edir.

Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Jandarma Baş Komandanlığının “Soyqırımı Memorial Kompleksi”nə ziyarəti

Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Jandarma Baş Komandanlığının nümayəndə heyəti, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının zabit heyəti Quba şəhərində yerləşən “Soyqırımı Memorial Kompleksi”ni ziyarət ediblər.

Qonaqlara kompleksin bələdçiləri tərəfindən Soyqırımı Memorial Kompleksinin fəaliyyəti və tarixi hadisələr haqqında məlumat verilib. Ziyarətin sonunda qonaqlara bukletlər təqdim olunub.

2026-cı ilin birinci yarısında mədəni irsin qorunması və idarə olunması sahəsində görülən işlər

Daşınar mədəni irsin qorunması istiqamətində görülən tədbirlər nəticəsində 880 eksponat bərpa-konservasiya edilib, 362 eksponat üzrə isə müvafiq işləri davam etdirilir. Arxeoloji irsin öyrənilməsi məqsədilə 24 arxeoloji ekspedisiyanın aparılmasına icazə verilib, həyata keçirilən arxeoloji qazıntılar nəticəsində isə 636 artefakt aşkar edilərək müvafiq tədbirlər görülüb.
Hesabat dövründə 3134 ədəd mədəni sərvətin ixracına dair mühafizə şəhadətnamələri və 122 muzey əşyaları və kolleksiyaların müvəqqəti ölkədən kənara çıxarılmasına icazə verilib. İxracı nəzərdə tutulan 65 mədəni sərvət üzrə isə ekspertizalar təşkil olunub.
2026-cı ilin birinci yarısında Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən muzey və qoruqlara ümumilikdə 463 965 nəfər ziyarətçi gəlib. Onlardan 342 305 nəfəri muzeyləri, 121 660 nəfəri isə qoruqları ziyarət edib. Rəqəmsal platformalar vasitəsilə 138 718 bilet və ekskursiya xidməti satılıb.
Qoruqlar arasında ən çox ziyarət edilən məkan 63 906 ziyarətçi ilə Qobustan Milli Tarix-Bədii Qoruğu olub.

Azərbaycan və Gürcüstan mədəni əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib

İyulun 9-da Bakıda Azərbaycan Respublikası və Gürcüstanın Mədəniyyət nazirlikləri arasında Birgə İşçi Qrupunun 3-cü iclası keçirilib.
İclasda Gürcüstanın mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulavanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Azərbaycan nümayəndə heyətinə mədəniyyət nazirinin müavini Fərid Cəfərov rəhbərlik edib.
Tədbirdə Azərbaycan və Gürcüstan arasında mədəni-humanitar əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri geniş müzakirə olunub. Bildirilib ki, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mədəniyyət sahəsində əməkdaşlığın ardıcıl genişlənməsi üçün etibarlı zəmin yaradır.
Fərid Cəfərov çıxışında qeyd edib ki, Azərbaycan və Gürcüstanı ortaq tarix, zəngin mədəni irs və mehriban qonşuluq ənənələri birləşdirir. O vurğulayıb ki, son illərdə mədəniyyət sahəsində əməkdaşlıq yeni məzmun qazanaraq kitabxana işi, muzey fəaliyyəti, teatr, mədəni irsin qorunması, təsviri incəsənət, yaradıcı sənayelər, kino və rəqəmsal transformasiya kimi istiqamətləri də əhatə edən sistemli tərəfdaşlığa çevrilib.
Gürcüstanın mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulava səmimi qəbula görə təşəkkürünü bildirib, Azərbaycanla mədəni-humanitar əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.
İclas çərçivəsində teatrlar arasında qastrol və birgə səhnə layihələri, muzeylər və kitabxanalar arasında əməkdaşlıq, mədəni irsin qorunması, sərgilərin təşkili, yaradıcı sənayelər, kino sahəsində birgə təşəbbüslər, həmçinin mütəxəssislərin qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.
Görüşün yekununda tərəflər Birgə İşçi Qrupunun fəaliyyətinin iki ölkə arasında mədəni əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm platforma olduğunu vurğulayaraq, qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi və əlaqələrin gələcəkdə daha da genişləndirilməsi barədə razılıqlarını ifadə ediblər. İclasın sonunda Azərbaycan Respublikası və Gürcüstanın Mədəniyyət nazirlikləri arasında Birgə İşçi Qrupunun 3-cü iclasının Protokolu imzalanıb. Protokolda mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair razılaşdırılmış istiqamətlər öz əksini tapıb.