Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyinin ofisində keçirilən tədbir öncəsi iştirakçılar ofislə tanış olub, təşkilatın fəaliyyəti, gördüyü işlər və qarşıya qoyduğu məqsədlər barədə məlumat əldə ediblər.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyinin sədri Dr. İlham Qaraqurbanlı çıxış edərək İcmanın əsas missiyasının Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, tarixi irsin qorunması, azərbaycanlıların öz doğma yurdlarına qayıdış hüququnun müdafiəsi və bu istiqamətdə ictimai məlumatlılığın artırılması olduğunu vurğulayıb.
Təşkilatın sədr müavini, tanınmış şair “Vətən” poemasının müəllifi Ramiz Qusarçaylı da çıxışında Qərbi Azərbaycanın tarixi, mədəni irsi və doğma yurd həsrətinin xalqın yaddaşında yaşadılması, bu həqiqətlərin gələcək nəsillərə ötürülməsinin mənəvi əhəmiyyətindən bəhs edib.
Daha sonra Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru Dr. Rəxşəndə Bayramova çıxış edərək tarixi hadisələrin araşdırılmasının, soyqırımı faktlarının sənədləşdirilməsinin və bu həqiqətlərin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən bəhs edib. O, tarixi yaddaşın qorunmasının milli kimliyin və ədalətə olan çağırışın mühüm tərkib hissəsi olduğunu qeyd edib.
Soyqırımı Memorial Kompleksininn direktor müavini Mehriban Əliyeva və Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin əməkdaşları Ülkər Zeynallı, Abutalib Turabov və Namiq Bağırlı Qərbi Azərbaycanda yerləşən tarixi və mədəni abidələr, bölgədə azərbaycanlılara qarşı törədilmiş qırğınlar və soyqırımı hadisələri barədə məruzələrlə çıxış ediblər. Məruzələrdə tarixi faktların, maddi-mədəni irs nümunələrinin və sənədlərin qorunmasının, bu mövzuların elmi əsaslarla araşdırılaraq ictimaiyyətə təqdim edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tədbir mövzu ətrafında aparılan müzakirələrlə yekunlaşıb. İştirakçılar tarixi həqiqətlərin təbliği, elmi araşdırmaların genişləndirilməsi və bu istiqamətdə birgə fəaliyyətin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.



