Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək ərazi bütövlüyümüz uğrunda canlarından keçən bütün şəhidlərimizi dərin ehtiram və hüznlə yad edir. 27 sentyabr tarixi doğma torpaqlarımızı işğaldan azad etmək, sərhədlərimizi təxribatlardan qurtarmaq iradəmizin möhkəm təməli kimi yaddaşlarda əbədiləşmişdir. Bu şərəfli tarix həm də Qarabağda erməni hökmranlığına son qoyan hərbi-siyasi gücümüzün, milli ruhumuzun və həmrəyliyimizin təntənəsidir. Uzaq keçmişdən başlayan ədalətsiz prosesləri dəyişən bu gün ölkəmizə qarşı aparılan uzunmüddətli düşmənçilik və etnik dözümsüzlük siyasətinə son qoydu. 2020-ci ilin həmin təqvim günü haqlı davamızın möhtəşəm nəticələrini, torpaqlarımızın işğaldan azad olunmasını və əsl sahiblərininə qovuşmasını təmin etdi. Eyni zamanda, bu qətiyyətli addım bölgədə yeni siyasi-iqtisadi proseslərin və çoxtərəfli regional əməkdaşlığın təməlini qoydu. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi barədə Sərəncam imzalanmışdır. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə 2023-cü il sentyabrın 27-də saat 12:00-da bütün ölkə ərazisində bir dəqiqəlik sükut elan edilmişdir. Həmin əlamətdar tarix Vətən müharibəsində qəhrəmancasına döyüşərək üçrəngli Azərbaycan Bayrağını azad olunmuş torpaqlarımızda dalğalandıran əsgər və zabitlərimizə verilən yüksək dəyərin təzahürüdür. Qarabağın göylərindən Cənnətə yol salan cəsur igidlərimizin ruhu şad olsun, çünki məhz onların qanı və canı bahasına bu Vətən bütövləşdi. Xalqımızın yaddaşında əbədi yaşayacaq bu şanlı qəhrəmanlar torpaq uğrunda şəhid olaraq min amal ilə yenidən dirilmişlər. Tarix yazan bütün oğullarımızın vətənpərvərliyi qarşısında sonsuz ehtiramla baş əyirik.



