28 May Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri- respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü – Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiiyi ərəfəsində 28.05.2018-ci il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin tədbirlər planına əsasən, Xaçmaz şəhəri Z. Əliyeva adına 8 nömrəli tam orta məktəbinin şagirdlərinin iştirakı ilə “Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda viktorina təşkil edilmişdir. Sualları cavablandıran fəal şagirdlər kitab və hədiyyələrlə mükafatlandırılmışdır.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Soyqırımı Memorial Kompleksi tərəfindən Bakı şəhərinin ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər davam etdirilir. Bu çərçivədə 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri, eləcə də “Mədəni irsimiz: dünən və bu gün” mövzularını əhatə edən təqdimatlar əsasında məktəblərdə görüşlər və sərgilər təşkil olunur. Növbəti maarifləndirici tədbirlər 13 nömrəli tam orta məktəbdə və Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirlər zamanı Kompleksin əməkdaşları Nazilə Məmmədova və Zərifə Əlirzayeva çıxış edərək şagirdlərə xalqımıza qarşı törədilmiş soyqırımı hadisələri, onların tarixi səbəbləri və ağır nəticələri barədə ətraflı məlumat veriblər. Çıxışlarda əsrlər boyu xalqımıza qarşı həyata keçirilmiş soyqırımı və etnik təmizləmə siyasətinin mahiyyəti, günahsız insanların kütləvi qətlə yetirilməsi, əhalinin doğma yurdlarından didərgin salınması, eləcə də tarixi və mədəni irsimizin məhv edilməsi faktları diqqətə çatdırılıb. Xüsusilə Quba şəhərində aşkar edilmiş kütləvi məzarlığın həmin faciəli hadisələrin tarixi sübutlarından biri olduğu vurğulanıb.
Bildirilib ki, bu məzarlıq xalqımıza qarşı törədilmiş cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirici görüşlərdə Azərbaycanın zəngin mədəni irsinin qorunması və təbliği məsələlərinə də geniş yer ayrılıb. Şagirdlərə işğal dövründə tarixi və dini abidələrimizin, məscidlərimizin, ziyarətgahlarımızın, muzey və kitabxanalarımızın dağıdılması, talan edilməsi və milli-mədəni mənsubiyyətinin saxtalaşdırılması barədə məlumat verilib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, tarixi abidələrin yenidən bərpası, mədəni irs nümunələrinin mühafizəsi və gələcək nəsillərə çatdırılması istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb. Məktəblərdə təşkil olunan sərgilərdə 1918-ci il soyqırımı hadisələrini əks etdirən arxiv materialları, tarixi sənədlər və fotoşəkillər nümayiş etdirilib. Şagirdlər sərgi materialları ilə yaxından tanış olub, mövzulara böyük maraq göstərərək Kompleksin əməkdaşlarına suallar ünvanlayıblar. Tədbirlərin sonunda məktəb rəhbərləri çıxış edərək bu cür maarifləndirici görüşlərin gənc nəslin tarixi yaddaşının formalaşmasında, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsində və vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd ediblər. Qeyd edək ki, keçirilən maarifləndirici tədbirlərdə ümumilikdə 1000-ə yaxın şagird iştirak edib.
Məktəb-liseyin daxilində fəaliyyət göstərən Heydər Əliyev muzeyində təşkil olunan tədbirdə əvvəlcə iştirakçılar muzeydəki sərgi ilə tanış olublar.
Tədbirdə kompleksin əməkdaşları, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Abutalib Turabov və Xəyal Nuhbalayev, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş mütəxəssisi Asya Əhmədova, habelə məktəb-liseyin direktoru, müəllim və şagirdləri iştirak ediblər.
Məktəbin direktoru Yasəmən Əliyeva çıxış edərək qonaqlara təşəkkürünü bildirib, belə tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsində, tarixi yaddaşın qorunmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sübhan Talıblı çıxışında 8 Noyabr – Zəfər Günü haqqında məlumat verib, Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun qəhrəmanlığından və Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan Qələbədən danışıb. O, gənc nəslin bu tarixi bilməsinin və qiymətləndirməsinin vacibliyini qeyd edib.
Abutalib Turabov soyqırımı və erməni təcavüzünün xalqımıza vurduğu ağır nəticələrdən bəhs edib, tarixi faktların gələcək nəsillərə düzgün çatdırılmasının önəmini diqqətə çatdırıb.
Xəyal Nuhbalayev şagirdlərə Soyqırımı Memorial Kompleksinin fəaliyyəti, apardığı maarifləndirmə işləri və layihələr barədə məlumat verib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş mütəxəssisi Asya Əhmədova mədəni irsin qorunmasından, işğal dövründə mədəni və tarixi abidələrimizə vurulan ziyandan, onların bərpasının əhəmiyyətindən danışıb.
Tədbirdə şagirdlər də Vətən, Zəfər və şəhidlər mövzusunda çıxışlar ediblər.
Tədbirdə ümumilikdə 70 nəfər iştirak edib, günboyu nümayiş olunan sərgiyə isə mindən çox insan baxış keçirib.