Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə Kompleks əməkdaşları Heydər Əliyev Fondunda.

 

06.12.2018- ci il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə  Kompleksin əməkdaşları Ulu Öndərin vəfatının xatirə günləri  çərçivəsində Heydər Əliyev Fondunda olmuşlar.  Kollektivi səmimi qarşılayan Heydər Əliyev İrsinin Tədqiqi və Elmi Araşdırmalar Departamentinin direktoru Məhəbbət xanım Mehdiyeva Ümummilli Lider  Heydər Əliyevin  həyat və  fəaliyyətindən söhbət açmışdır. O, qeyd etdi ki, Ulu Öndər istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə milli quruculuq siyasəti onun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etmişdir.  Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir.  Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi. Daha sonra səmimi qarşılanma və dəyərli fikirlərinə görə  Məhəbbət xanıma təşəkkürünü bildirən “Soyqırımı Memorial Kompleksi”nin direktoru Rəxşəndə Bayramova bildirdi ki, Ulu öndər hər bir Azərbaycan vətəndaşı üçün örnəkdi və o hər birimizin urəyində əbədiyaşardır. O, əminliklə bildirdi ki, hələ çox-çox nəsillər bu dahi şəxsiyyətin fəaliyyətini öyrənəcək və həyatlarında tətbiq edəcəklər.   Kompleks əməkdaşları ilə səmimi söhbətdən sonra sonda xatirə  şəkilləri çəkilmişdir.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə Kompleksin əməkdaşları Heydər Əliyev Mərkəzində.

Azərbaycan Respublikasının  Ümummilli  Lideri Heydər Əliyevin  xatirə günləri çərçivəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə Kompleksin əməkdaşları 06.12. 2018-ci il tarixində son illərin ən gözəl memarlıq nümunələrindən biri sayılan Heydər Əliyev Mərkəzində olmuşlar. Kompleks əməkdaşları Mərkəzdə Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondların qorunması istiqamətində fəaliyyət göstərən Muzeyin ən cəlbedici və maraq doğuran bölümündə, Ümummilli Lider Heydər Əliyevin   həyat və  fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən maraqlı faktlar, foto, video materiallar və digər unikal eksponatlarla tanış olmuşlar.

 

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə Ulu Öndərin xatirə günləri çərçivəsində xüsusi layihə həyata keçirildi.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə Kompleksin 15-dən yuxarı  əməkdaşı 06.12.2018-ci il tarixində Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasına həsr edilmiş xatirə günləri çərçivəsində Fəxri Xiyabanını ziyarət etmişlər.  İlk öncə Ulu öndərin məzarı üstə  tər gül dəstələri qoymuş və müdrik dövlət xadiminə Allahdan rəhmət diləmişlər.  Ziyarət zamanı  Kompleksin direktoru Tarix üzrə fəlsəfə doktoru Rəxşəndə  Bayramova Ulu Öndərin  məzarı önündə  nitq söyləyərək bildirmişdi ki, Müasir Azərbaycanın qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi olmuşdur.  Bu dahi şəxsiyyət tarixi yazan və yaradan,  onu yönəltməyi bacaran, dövlət idarəçiliyi və siyasi fəaliyyəti nadir olan fövqəlbəşər  insan idi.Sonda Kompleks əməkdaşları görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişlər.

 

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilər Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər.

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində şimal bölgəsinə səfər edən Ismayıllı, Qəbələ, Şamaxı, Şəki, Oğuz, Agsu, Yevlax, Göycay və Qobustan rayonlarının məktəbliləri Quba rayonunun görməli və tarixi yerləri ilə tanış olmuşlar. Səfər çərçivəsində 19-20 noyabr 2018-ci il tarixlərində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Ziyarət zamanı Kompleksin əməkdaşları Quba soyqırımı məzarlığının 2007-ci il aprel ayında ərazidə torpaq işləri görülərkən aşkar edilməsi və erməni vandallarının Azərbaycan torpaqlarında törətdikləri soyqırımları haqqında ətraflı məlumat vermişlər. Məktəblilərin diqqətinə çatdırılıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılmış və tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir. Sonda məktəblilər faciə qurbanlarının xatirəsinə ucaldılan abidə önünə gül dəstələri qoymuşlar.

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilər Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin müstəqillik illərində əldə edilmiş naliyyətlərin dərindən öyrənilməsi məqsədilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya iştirakçıları Quba şəhərində səfərdə olublar.Səfər çərçivəsində, 15-16  noyabr 2018-ci il tarixində  Ağcabədi, Beyləqan, Laçın, Xocavənd, Ağdam, Tərtər, Naftalan, Bərdə və  Goranboy rayonlarının məktəbliləri Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər Kompleksin bələdçiləri məktəblilərə XX əsrin əvvəllərində Azərbaycan torpaqlarında cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı hadisələri və muzeyin ekspozisiyalarında əks olunmuş Bakı, Şamaxı, Göyçay, Cavad, Quba və digər qəzalarda kütləvi surətdə qətlə yetirilmiş insanların, dağıdılıb məhv edilmiş kəndlərin, milli mədəniyyət abidələrinin foto şəkilləri və sənədləri haqqında ətraflı məlumat vermişlər.

“Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları I Beynəlxalq Ağsu Simpoziumunda iştirak etdilər

9-10 noyabr 2018-ci il tarixində Ağsuda “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Odlar Yurdu Universiteti, Türkiyənin Kastamonu Universiteti, İtaliyanın Yokoku Assosiasiyası və Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan “Türk Dünyası Dövlətçilik İrsi” mövzusunda I Beynəlxalq Ağsu Simpoziumu keçirilmişdir. Beynəlxalq Simpoziumda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, daxili və xarici siyasəti, Cümhuriyyət dövründə mədəniyyət və ədəbiyyat, Azərbaycan parlamenti, azərbaycanlılara qarşı soyqırımı aktları, Qafqaz İslam Ordusunun Bakını azad etməsi, Azərbaycan mühacirəti tarixi, Azərbaycan Xalq Cümhuriyyəti – 100 il rəqəmlərdə: əhali, iqtisadiyyat və beynəlxalq əlaqələr mövzularında məruzələr dinlənilmişdir. Qeyd edək ki, simpoziumda Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin əməkdaşları Lətafət Beybutova və Abutalib Turabov da çıxış edərək, Sertifikatlara layiq görülmüş və sonda iştirakçılar Ağsunun görməli -gəzməli yerləri ilə tanış olmuşlar.

 

İsveç Krallığı, Norveç və ABŞ-dan gələn 20-dən çox gənc Quba Şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə.

02.11.2018-ci il tarixində Umaf Gənclər Təşkilatının sədri Siavosh Derakhti və Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyevin birgə təşkilatçılığı ilə İsveç Krallığı, Norveç və ABŞ-dan gələn 20-dən çox gənc Azərbaycan Respublikasına səfər ediblər. Səfər çərçivəsində qonaqlar Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər.  Kompleksin əməkdaşları qonaqlara bəşəriyyətin ən böyük faciələrindən olan 31 mart soyqırımı faktlarından, tarixi həqiqətləri haqqında məlumat vermişlər.