Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Quba Peşə Liseyi ərazi partiya təşkilatlarının birgə təşkilatçılığı ilə VIII Qurultayın yekunlarına həsr olunmuş müşavirə keçirilib. Tədbirdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxsəndə Bayramova, Quba Peşə Liseyinin direktoru Hüseynağa Baxışov, eləcə də ərazi partiya təşkilatlarının kollektivləri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin fəaliyyətinə və onların rəhbərliyi ilə işıq üzü görən nəşrlərə həsr olunmuş kitab sərgisinə baxış keçirilib.
Tədbiri giriş sözü ilə Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxsəndə Bayramova açaraq iştirakçıları salamlayıb. O, YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolundan danışaraq VIII Qurultayın əhəmiyyətini qeyd edib, partiyanın keçdiyi tarixi yolun müasir Azərbaycanın inkişaf salnaməsinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.Sonra YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək VIII Qurultayda müzakirə olunan məsələlər və qəbul edilən qərarlar barədə məlumat verib. O bildirib ki, qurultay partiyanın qarşısında dayanan yeni vəzifələrin müəyyənləşdirilməsi və ölkəmizin inkişaf strategiyasının həyata keçirilməsində YAP-ın rolunun daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Quba Peşə Liseyinin direktoru Hüseynağa Baxışov çıxışında VIII Qurultayın əhəmiyyətindən danışaraq peşə təhsilinin inkişafının, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığının və gənclərin peşə təhsilinə cəlb olunmasının mühüm istiqamətlərdən olduğunu bildirib. Tədbirdə çıxış edən Quba Soyqırımı Memorial Kompleksi ərazi partiya təşkilatının sədri Abutalıb Turabov da VIII Qurultayın nəticələrinin əhəmiyyətindən danışaraq qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəal iştirakının vacibliyini qeyd edib. Sonda VIII Qurultayın qərarlarından irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



