Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarə etməsində olan muzeylərin rəhbərləri ilə görüş keçirilib. Görüşdə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, rəis müavini Ceyhun Qəmərli, Dövlət Xidmətinin müvafiq struktur bölmələrinin rəhbərləri və muzey direktorları iştirak ediblər.
Tədbirdə muzeylərin fəaliyyətinin müasir idarəetmə prinsipləri əsasında təşkili və səmərəliliyinin artırılması, tapşırıqların vaxtında və keyfiyyətlə icrası, ziyarətçilərə göstərilən mədəni xidmətlərin keyfiyyətinin yüksəldilməsi, əlçatan və müasir xidmət mühitinin formalaşdırılması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və əməkdaşların peşəkar inkişafı məsələləri müzakirə olunub.
Görüşdə həmçinin, muzey fondlarının komplektləşdirilməsi və eksponatların mühafizəsi, müasir texnologiyaların tətbiqi, təbliğat imkanlarının genişləndirilməsi və maarifləndirici tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.



