Quba şəhərinin mərkəzində yerləşən Günbəzli hamam XVIII-XIX əsrlərə aid bir abidədir. Günbəzli hamam el arasında “Çuxur hamam”, “Bəkir hamamı”, “Məşədi Əlimərdan hamamı” adları ilə də tanınır. Şərq memarlığınını incilərindən sayılan bu abidə 1985-ci ilə qədər hamam kimi istifadə olunub.
Günbəzli hamam ümumi bir zaldan, bəylər üçün nəzərdə tutulan 4 otaqdan, istirahət və çay içmək üçün planlaşdırılan daha 3 otaqdan ibarətdir. Hamam 1 qapılı, 6 pəncərəli, 1 mərtəbəlidir və qırmızı kərpicdən inşa edilib. Hamamın içərisində milli ornamentlərdən xüsusi ustalıqla istifadə edilib. Böyük və kiçik olmaqla iki tağdan ibarətdir.
Azərbaycan Nazirlər Kabinetinin 2002-ci il tarixli 32 saylı qərarına əsasən hamam yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasına daxil edilmiş və 2016-cı ildə əsaslı təmir işləri aparılıb. Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.