Quba qəzasına hazirda rayon statusunda olan Quba, Qusar, Şabran, Xaçmaz, Siyəzən rayonları daxil idi. Qəzanın mərkəzi Quba şəhəri idi. Həmin ərazi bölgüsü Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Az. SSR -də 1929-cu ilədək mövcud olmuşdur.
1916-cı il “Tifliskiye Vedomosti” adlı statistik məlumatlarda Quba qəzasının milli tərkibi belə göstərilmişdir: Qəzanın ümumi 198. 204 nəfər əhalisinin 64,15 %-ni azərbaycanlılar və tatlar, 24.72%-ni ləzgilər, qrızlar, buduqlar, ceklər, avarlar və s., 7, 58%-ni, yəhudilər, 2,71%-ni ruslar, 0,78% digərləri təşkil edirdi.
Bölmədə Azərbaycan Xalq Cümhuriyyəti dövründə tərtib edilmiş Quba qəzasının xəritəsidə nümayiş olunur. Məlumat bölməsi təşkil edilərkən həmin xəritədə 1918-ci ildə soyqırımlarına məruz qalmış kəndlər xüsusi qırmızı nişanlarla işarələnmişdir. İlkin məlumatlara görə, qəzada 122 kəndin talanlara və dağıntılara məruz qalması qeyd olunsa da, daha dəqiq aparılmış təhqiqatlar nəticəsində bu kəndlərin sayı 167 olduğu sübut olunmuşdur. Quba şəhəri və ətraf kəndlərində-38, Qusarda-27, Xaçmazda-65, Şabranda-21, Siyəzəndə-16 yaşayış məntəqəsi dağıdılmışdır.