Tarixçilərin qələmindən: Milli Məclisin deputatı, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı
Bakıda ermənilər mart hadisələri zamanı dinc müsəlman əhalini siyasi mənsubiyyətə fərq qoymadan kütləvi surətdə qırmışlar.
Azərbaycan mənbələrində də öldürülənlər barədə çoxlu məlumat var. Məsələn, N.Nərimanov 1918-ci il mayın 23-də çap olunmuş “Vətəndaş müharibəsinin milli rəng almaması üçün nə etmək lazımdır” adlı məqaləsində etiraf edirdi: “Fanatizmdən uzaq olan hər bir şəxsə məlumdur ki, Zaqafqaziyada gedən vətəndaş müharibəsində 99 faiz bir millətin nümayəndələri qırılır. İrəvan quberniyası, Lənkəran qəzası, Quba, Şamaxı bölgələri mənim dediklərimi tamamilə təsdiq edir”. N.Nərimanov daha sonra 1919-cu ilin fevralında yazdığı “Biz Qafqaza hansı şüarla gedirik” və “Qafqazın işğalına baxış” adlı məqalələrində göstərirdi ki, bolşevizm şüarları altında daşnaklar müsəlman əhaliyə zülm etdilər. Belə şəraitdə sovet hökuməti Bakıda vətəndaş müharibəsinə başlamağa qərar verdi. Vətəndaş müharibəsi adı altında Bakıda qanlı hadisələr törədildi. Bakıda sovet hakimiyyəti daşnakların əlində alət idi. Azərbaycan hökumətinin istintaq komissiyasının sənədlərindən aydın olur ki, Bakıda ermənilər mart hadisələri zamanı dinc müsəlman əhalini siyasi mənsubiyyətə fərq qoymadan kütləvi surətdə qırmışlar. Digər mənbələrə əsasən, yalnız Bakıda 12 mindən artıq azərbaycanlı öldürülmüşdü. Kütləvi qırğınlar yalnız Bakı ilə məhdudlaşmadı. Azərbaycanın və Cənubi Qafqazın digər yerlərində də azərbaycanlılara qarşı qırğınlar törədildi.
Mənbə: Xalq qəzeti. 29 mart 2019-cu il.

Paylaş