"Xurşidbanu Natəvanın ev-muzeyi"
Azərbaycanın görkəmli şairəsi, el arasında “Xan qızı” adı ilə tanınan Xurşidbanu Natəvana məxsus ikimərtəbəli ev Şuşa şəhərində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsidir. 1930-cu illərin əvvəllərində Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi bu binada fəaliyyətə başlamışdır. 1984-cü ildən məktəb Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbi adlandırılmışdır.
1987-ci ildə binada əsaslı təmir və bərpa işləri aparıldıqdan sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialı burada fəaliyyətə başlamışdır.
1992-ci ilin may ayının 8-də Şuşa şəhəri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq qəsd edilmişdir.
Vətən müharibəsindən sonra Şuşa şəhərində aparılan bərpa və yenidənqurma işləri zamanı Xan qızı Natəvanın evinin köhnə üslubunun saxlanılması şərtilə bərpa edilməsi nəzərdə tutulmuşdur.
Paylaş