• office@soyqirim.az
  • (023)335-37-07
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr olunmuş “Müsəlman Şərqinin ilk parlamentli respublikası tarixi tədqiqatlarda” mövzusunda Respublika elmi-praktik konfrans keçirilmişdir. / 24 May, 2024
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan konfransda soyqırımı qurbanlarının və torpaqlarımız uğrunda şəhid olmuş igid oğullarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Cümhuriyyət fədailərinə həsr edilmiş qısa sənədli filimin nümayişindən sonra qonaqları salamlayan kompleksin direktoru Dr. Rəxşəndə Bayramova konfransın işinə uğurlar arzulayıb. O, bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən çoxşaxəli islahatların bu məkanda gerçəkləşdirilməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının parlaq təcəssümüdür.
Daha sonra çıxış edən Tarix fakültəsinin dekanı İbrahim Zeynalov vurğulamışdır ki, XX əsrin əvvəllərində müsəlman Şərqində bir çox Avropa dövlətləri üçün nümunə ola biləcək parlamentin yaradılması böyük tarixi əhəmiyyət daşıyan hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti kimi onun parlamenti də özünəməxsus tarixi yol keçib. Xalq Cümhuriyyəti parlamenti qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, onun gördüyü mühüm işlər Azərbaycan tarixində silinməz izlər qoyub. Azərbaycan Xalq Cümhuriyyəti parlamenti bu gün xalqımızın qürur mənbəyidir.
Elmi məqalələr ilə çıxış edən tarixçi alim və tədqiqatçılar mövzu ətrafında fikir mübadilələri aparmışlar.
Qeyd edək ki, keçirilən konfransın əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, eləcə də XX əsr soyqırımı həqiqətlərini bir daha yada salmaq, regionda elm və tarixin inkişafına dəstək olmaq, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı araşdırma aparan alim və tədqiqatçıları bir araya gətirməkdir.

Paylaş

Spread the love