• office@soyqirim.az
  • (023)335-37-07
Maçu Piçu "İnklərin itirilmiş şəhəri"

Beynəlxalq Abidələr Günü, mədəni və tarixi irsi qorumağa yönəlmiş bir gündür. Bu gün insanlığın keçmişə aid izlərini daşıyan abidələrin və mədəni mirasın əhəmiyyətini bir daha xatırladır. Hər bir abidə yalnız keçmişin yadigarı deyil, eyni zamanda gələcək nəsillərə ötürülməsi lazım olan dəyərli məlumatları daşıyan bir xəzinədir. Bu günün qeyd edilməsi hər birimizin bu irsi qorumaq və gələcək nəsillərə ötürmək məsuliyyətini dərk etməyimizə yardımçı olur. Bu abidələr keçmişin həyat tərzini, inanc sistemlərini, sənət və mədəniyyətləri əks etdirən qiymətli izlərdir.
Tarixin izlərini özündə daşıyan abidələrdən biri də Peruda yerləşən Maça Piçu abidəsidir.
Maçu Piçu “İnklərin itirilmiş şəhəri” olaraq da tanınır və Perunun dağlıq bölgəsində, dəniz səviyyəsindən 2,430 metr yüksəklikdə yerləşir. XV əsrin 50-ci illərində Paçakutek tərəfindən inşa edilən bu şəhər İnklərin imperiyasının mərkəzindən uzaqda, müqəddəs bir məkan kimi tikilib. Şəhər ispanların 1532-ci ildən sonra ink imperiyasını fəth etməsindən əvvəl uzun müddət gizli qalaraq 400 ildən sonra 1911-ci ildə Hiram Bingham tərəfindən kəşf edilib.
Maçu Piçu 200-dən çox hissədən ibarət olan bir kompleksdir. Bu hissələr arasında məbədlər, iqamətgahlar və anbarlar yerləşir. Şəhərin əhalisi, əsasən, kənd təsərrüfatı ilə məşğul olan və Günəş allahı İntiyə sitayiş edən 1200 nəfərdən ibarət idi. Şəhər dağların qoynunda inşa edilib və mükəmməl daş işləmə texnikası ilə diqqət çəkir. Daşlar, bir-birinə uyğunlaşdırılaraq tikilmiş və pilləkənlər vasitəsilə birləşdirilmişdir. Bu, inklərin inşaat texnologiyasının və memarlığının yüksək səviyyəsini nümayiş etdirir.
Şəhər, həm də bir çox dini və mədəni önəmi olan abidələrə ev sahibliyi edir. Ən məşhur abidələrdən biri, Günəş Allahı üçün tikilmiş məbəd və “Üç Pəncərənin Məbədi”dir. Şəhərin ətrafında həmçinin mükəmməl tikilmiş daş qalalar və pəncərə açılan binalar mövcuddur. Bütün bu strukturlar, inklərin yüksək memarlıq və inşaat bacarıqlarını göstərir.
Maçu Piçu 1983-cü ildən UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Maçu Piçu, bu siyahıya daxil edilərkən, yalnız bir arxeoloji və memarlıq abidəsi kimi deyil, həm də İnklərin mədəniyyətinin, tarixinin və inanclarının mühüm bir simvolu olaraq qəbul edilib.
Maçu Piçu həm də təbii gözəllikləri və möhtəşəm panoramik mənzərələri ilə məşhurdur. Şəhər, 2007-ci ildə dünyanın yeddi möcüzəsindən biri olaraq tanınmışdır və bu gün dünya turizminin ən vacib məkanlarından biridir.

Paylaş

Spread the love