• office@soyqirim.az
  • (023)335-37-07
Quba Şəhərində "Soyqırımı Memorial Kompleksi" ndə 31 mart Azərbaycanlıarın Soyqırımının 100-cü il dönümü qeyd edildi / 31 Mart, 2018

 

Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918- ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli 673№ – li sərəncam imzalamışdır. Sərəncama müvafiq olaraq 2012-2013-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində “Soyqırım memorial kompleksi” inşa edilmiş və 2013-cü il sentyabr ayının 18-də cənab cənab Prezidentin iştirakı ilə açılışı olmuşdur. Soyqırım muzeyi 1918-ci il azərbaycanlıların soyqırımı tarixinə həsr edilmiş ilk və yeganə muzeydir. Muzeydə yalnız Quba qəzasında deyil, Bakı quberniyasının digər: Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırım barəsində geniş məlumat əldə etmək olar.Bu faktlardan göründüyü kimi, ermənilər öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metodlardan istifadə ediblər. Hesablamalara görə açılışdan sonra “Soyqırım memorial kompleksi”ni ümumilikdə 200 mindən cox adam, o cümlədən 50-dən artıq ölkənin nümayəndəsi ziyarət etmişdir. Burada ziyarətçilərə 1918-ci ildə xalqımızın başına gətirilən dəhşətlərlə bağlı məlumat verilib. Qeyd olunub ki, həmin dövrdə təkcə Quba qəzasında 16782 nəfər öldürülüb, 150-dən çox kənd yerlə yeksan edilib. Quba şəhərində 259 ev yandırılıb, 1800 nəfər azyaşlı erməni vandalizminin qurbanı olub. Azərbaycanlıların soyqırımı gününün 100-cu ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksinə yürüş keçirilmişdir. Yürüşdədövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları və ölkənin bütün bölgələrindən vətəndaşlar iştirak etmişlər.Quba şəhərinin mərkəzindən başlayan və minlərlə insanın iştirak etdiyi yürüşünün məqsədi 1918-ci il soyqırım qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni terrorçuları tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayət faktlarını yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Yürüş iştirakçıları Quba soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Memorial Kompleksə doğru hərəkətə başladılar. Quba kütləvi məzarlığının önünə əklil və tər çiçəklər qoyaraq faciə qurbanlarının xatirəsini ehtiramla yad etdilər. Yürüş mərasimindən sonra Quba Soyqırım Memorial Kompleksində “Soyqırımın dərsləri” mövzusunda respublika elmi konfransı təşkil olunmuşdur. Həmçinin Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin zalında təşkil olunan “1918-ci ilin mart soyqırımı Belarus fotoqrafı Lev Daşkeviçin gözləri ilə” adlı foto-sərgiyə baxış keçirilmişdir.Quba kütləvi məzarlığına insanların ziyarəti axşam saatlarına kimi davam etmişdir.

Paylaş

Spread the love