Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən “Gələcəyin Muzeyi” 2022-ci ildən fəaliyyət göstərir. Muzey dünyanın ən innovativ və futuristik binalarından biri hesab olunur. Binanın görünüşü halqa formasındadır və üzərində ərəb xətti ilə sitatlar yazılmışdır. Binanın layihələndirilməsi “Killa Design” memarlıq bürosuna məxsusdur.
Müasir standartlara cavab verən muzeydə süni intellekt, robot texnologiyası, kosmos tədqiqatları, biotexnologiya və ekoloji problemlərlə bağlı sərgilər nümayiş olunur. Gələcəyin Muzeyi həm interaktiv sərgilər, eyni zamanda elmi və texnoloji innovasiyaların təqdimatı üçün məkandır və regionda elmi biliklərin inkişafına töhfə verməyi qarşısına məqsəd qoymuşdur. Burada ziyarətçilər gələcək dünyanı hiss edə və texnologiyanın insan həyatına necə təsir göstərə biləcəyini öyrənə bilirlər. Muzey həmçinin tədqiqatçılar, alimlər və turistlər üçün bir platforma rolunu oynayır.