• qsmk@soyqirim.az
  • (023)336-37-07
Qobustan qaya rəsmləri

Qobustan ərazisi Bakı şəhərindən təxminən 60 kilometr məsafədə yerləşir. Buradakı Böyükdaş, Kiçikdaş və Cingirdağ massivlərində minillər boyu qorunub saxlanılmış qayaüstü təsvirlər tapılmışdır. Qobustan qaya rəsmləri Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin ən parlaq nümunələrindən biridir.
Qobustan qayaüstu təsvirləri eramızdan əvvəl X-VIII minilliyə və Orta əsrlərədək olan müxtəlif dövlərə aid edilir. 1939-cu ildən bu sahəni araşdıran alim İshaq Cəfərzadənin başçılığı ilə C.Rüstəmov, F.Muradova və digər arxeloqlar tərəfindən Qobustan petroqliflərinin ilk arxeloji tədqiqatlarına başlanılmışdır. O vaxtdan aparılan arxeoloji qazıntılar nəticəsində qayalar üzərində 7 mindən artıq rəsm, həmçinin qədim yaşayış məskənləri, mağaralar, 40-dək kurqan, mezolit dövrünə aid artefaktlar, 100 mindən çox maddi mədəniyyət əşyaları aşkarlandı.
Daha çox maraq doğuran Qobustan qayaüstü rəsmləri insanlığın minillər öncəki həyat tərzini, düşüncə dünyasını və mədəni inkişafını əks etdirən unikal abidədir. Əsasən, ov səhnələri, müxtəlif heyvan fiqurları, insanlar, rəqs səhnələri, dini ayinlər və gəmi təsvirlərinin yer aldığı bu rəsmlərdən məlum olur ki, qədim Qobustan sakinləri ovçuluqla, heyvandarlıqla, balıqçılıqla məşğul olmuş, eyni zamanda öz adət-ənənələrini də daşlara həkk etmişlər. Rəqs edən qadın və kişilərin təsviri onların bayram və mərasimlərdə birgə şənləndiklərini göstərir. Gəmi təsvirləri isə qədim insanların Xəzər dənizindən səyahət və balıqçılıq üçün istifadə etdiklərini sübut edir. Hətta bəzi rəsmlərdə günəş və ay kimi kosmik işarələr də öz əksini tapmışdır.Burada bizim eranın I əsrin sonlarına aid daş üzərində yazılmış qədim latın kitabəsi də tapılmışdır ki, bu da Qobustanın müxtəlif sivilizasiyaların yolu üzərində yerləşdiyini göstərir.
Nəticə etibarilə, Qobustan qaya rəsmləri xalqımızın qədim tarixi yaddaşının, mədəni irsinin və bədii düşüncəsinin nadir nümunəsidir. Bu abidələr bizə keçmişimizi daha yaxından tanımaq və gələcək nəsillərə çatdırmaq üçün əvəzsiz xəzinədir və Azərbaycanın tarixdə nə qədər qədim və zəngin köklərə malik olduğunu bütün dünyaya sübut edən canlı bir muzeydir.
2007-ci ildə Qobustan qaya rəsmləri UNESCO tərəfindən Dünya İrs Siyahısına daxil edilmişdir. Bu, Azərbaycanın qədim tarixinin beynəlxalq səviyyədə tanınması deməkdir. Hazırda Qobustan Dövlət Tarix-Bədii Qoruğu təkcə Azərbaycan vətəndaşlarının deyil, dünyanın müxtəlif ölkələrindən gələn turistlərin diqqətini cəlb edir.

 

Paylaş

Spread the love