Quba, Qusar və Xaçmazda “Mədəni irsimiz: dünən bu gün – Qarabağ abidələri” adlı sərgi təşkil olunub. / 26 Sentyabr, 2025
Təşkil olunan sərgilərdə Quba, Qusar və Xaçmaz Uşaq İncəsənət, eləcə də Musiqi Məktəblərinin direktor, müəllim və şagird heyəti, Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları iştirak etmişlər. İştirakçılar Soyqırımı Memorial Kompleksi tərəfindən hazırlanmış “Mədəni irsimiz: dünən bu gün – Qarabağ abidələri” adlı fotosərgi ilə tanış olmuşlar. Sərginin açılışında çıxış edən Kompleksin əməkdaşı Abutalib Turabov kompleksin fəaliyyəti haqqında danışaraq təşkil olunan sərginin mədəni irsimizin bərpası və qorunması istiqamətində gənclərimizin maarifləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Çıxış edən Kompleksin mütəxəssisləri Ülkər Zeynalova, Zərifə Ağarzayeva və Səriyyə Abidova cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği və Azərbaycanın zəngin mədəni irsinin qorunması məqsədilə ölkəmizdə yerləşən yüzlərlə tarix-mədəniyyət abidəsində bərpa-konservasiya və yenidənqurma sahəsində aparılan işlərdən söhbət açıblar. Bildiriblər ki, Qarabağda, işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işləri sistemli və layihələndirilmiş şəkildə həyata keçirilir. İşğal dövründəki dağıdılan abidələrin bərpası yalnız bir tikinti prosesindən ibarət deyil. Bu həm də xalqımızın kimliyini bərpa etməsi, itirilmiş dəyərləri yenidən əldə etməsi deməkdir. Hər bir abidə, hər bir daş bir xatirədir. Bu abidələrin bərpası həm də bizə keçmişimizi unutmamağı, gələcəyimizi isə daha möhkəm və güclü qurmağı öyrədir.
Sonda sərgi iştirakçılarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılmışdır. Qeyd edək ki, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşəbbüsü, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən sərgidə 100-dən çox insan maarifləndirilmişdir.
Paylaş