"Pəhləvanlıq mədəniyyəti"

Pəhləvanlıq mədəniyyəti — Azərbaycan xalqının fiziki, mənəvi və əxlaqi mədəniyyətinin ən qədim təzahürlərindən biridir. Bu mədəniyyət əsrlər boyu formalaşaraq xalq ənənələrinin, mərasimlərinin, bayram oyunlarının və gənclərin tərbiyə sisteminin mühüm hissəsinə çevrilmişdir. Pəhləvanlıq təkcə güləş, qüvvə və ustalıq deyil, həm də yüksək mənəvi keyfiyyətlər — namus, ədalət, təvazökarlıq və zəiflərin müdafiəsi deməkdir.
Azərbaycanda pəhləvanlıq mədəniyyəti çox qədim köklərə malikdir. Arxeoloji tapıntılar, dastanlar və folklor göstərir ki, güc yarışları ənənəsi hələ Qafqaz Albaniyası dövründən mövcud olmuşdur. Orta əsrlərdə pəhləvanlar ictimai həyatda mühüm yer tutmuş — xalq bayramlarında iştirak etmiş, karvan yollarını qorumuş, orduda xidmət etmiş və cəmiyyətin müdafiəçiləri kimi çıxış etmişlər.
«Kitabi-Dədə Qorqud», «Koroğlu» kimi dastan və əfsanələrdə həm fiziki gücə, həm də yüksək əxlaqi kodeksə malik igid obrazlarına rast gəlinir. Bu qəhrəmanlar sonrakı nəsil pəhləvanlar üçün nümunəyə çevrilmişdir.
28 noyabr – 3 dekabr 2022-ci il tarixlərində Mərakeş Krallığının Rabat şəhərində keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 17-ci sessiyasında “Pəhləvanlıq mədəniyyəti: ənənəvi zorxana oyunları, idman və güləş” bəşəiryyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.
Paylaş