“Şəhərsalma və Memarlıq İli”

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 dekabr tarixli 858 nömrəli Sərəncamına əsasən 2026-cı il “Şəhərsalma və Memarlıq ili” elan edilmişdir. Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkənin tarixi irsinə və gələcək inkişafına verilən önəmin ifadəsidir. Bu qərar şəhərlərə yalnız yaşayış məkanı kimi deyil, mədəni və sosial yaddaş daşıyıcısı kimi yanaşma zərurətini ön plana çıxarır. Azərbaycan şəhərləri əsrlər boyu İpək Yolunun üzərində formalaşaraq ticarət, sənətkarlıq və mədəniyyət mərkəzləri kimi inkişaf edib. Bu proses şəhərlərin memarlıq simasında özünəməxsus üslub və kimlik yaradıb.
Tarixi qalalar, karvansaralar, məscidlər və türbələr milli memarlıq düşüncəsinin dərin köklərə malik olduğunu göstərir. Möminə xatun türbəsi, Xudafərin körpüsü və Atəşgah kompleksi kimi abidələr memarlıq irsimizin dünya miqyasında tanınan nümunələrindəndir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər, Şirvanşahlar Sarayı kompleksi, Qız Qalası və Şəkinin tarixi mərkəzi bu irsin dəyərini bir daha təsdiqləyir.
Xüsusilə Əcəmi Naxçıvaninin yaradıcılığı Azərbaycan memarlıq məktəbinin Yaxın Şərq məkanında formalaşmasına güclü təsir göstərmişdir. XIX əsrdən etibarən Bakı şəhərində Şərq və Qərb üslublarının sintezi ilə yeni memarlıq dili yaranmağa başlamışdır. XX əsrdə isə milli ənənələr əsasında müasir şəhərsalma yanaşmaları formalaşmış, bir çox şəhərlərin planlaşdırılması yenilənmişdir.
Müstəqillik dövründə memarlıq sahəsində reallaşdırılan layihələr şəhərlərin estetik görünüşünü və funksional imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Heydər Əliyev Mərkəzi, Alov Qüllələri və Ağ Şəhər kompleksi müasir memarlığın simvoluna çevrilmişdir. Regionlarda aparılan quruculuq işləri şəhərlərin tarazlı inkişafına yeni impuls vermişdir.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri şəhərsalmanın humanist və dayanıqlı mahiyyətini ortaya qoyur. Şuşanın tarixi memarlıq mühitinin bərpası milli iradənin və yaddaşın təcəssümüdür. “Şəhərsalma və Memarlıq İli” bu proseslərin sistemli və düşünülmüş şəkildə davam etdirilməsinə çağırışdır. Bu il şəhərlərin daha yaşanıqlı, estetik və gələcəyə açıq şəkildə formalaşmasına xidmət edir.
Paylaş