Kompleksin muzeyi ilə tanış olduqdan sonra ziyarətçilər üçün tədbir təşkil olunub. Kompleksin direktor müavini Mehriban Əliyevanın moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov Qubanın tarixi və burada yaşayan etnik qruplar haqqında danışaraq vurğulayıb ki, gələcəyimiz olan uşaqların vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində, eləcə də maariflənməsində belə tədbirlərin keçirilməsi vacibdir. Daha sonra çıxış edən kompleksin direktoru, Dr. Rəxşəndə Bayramova qonaqları salamlayaraq kompleksin fəaliyyəti və görülən işlər barədə ətraflı məlumat verib. Çıxış edən “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, təşkilat ictimai fəal şəxsləri ətrafında birləşdirərək uşaqların sosial və hüquqi baxımdan müdafiəsi, hərtərəfli inkişafı, istedad və bacarıqlarının aşkarlanması, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif proqram və layihələr həyata keçirir. Sonda “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı–Reinteqrasiya Mərkəzinin uşaqları tərəfindən hazırlanmış kompozisiya təqdim olunub. Qeyd edək ki, layihə “Azərbaycan Uşaqları” İctimai Birliyinin təşəbbüsü, Quba Rayon İcra Hakimiyyətinin və Regional İnkişaf İctimai Birliyinin (RİİB) tərəfdaşlıq dəstəyi ilə həyata keçirilib.