“1918-ci il Azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri” adlı növbəti vebinar keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə “1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri” adlı vebinar keçirilib. Kompleksin direktor müavini Mehriban Əliyevanın moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən kompleksin əməkdaşları —Səriyyə Abidova, Ülkər Zeynalova və İslam Aslanov bildiriblər ki, 1918-ci ildə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər.
Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Sonda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, vebinarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlardan 25-dən çox əməkdaş iştirak edib.