Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. / 12 Mart, 2026
Tədbirdə Soyqırımı Memorial Kompleksinin əməkdaşları, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının müəllim və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva Azərbaycan tarixinin faciəli səhifələrindən biri olan 1918-ci il hadisələrinin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıb. O, eyni zamanda Kompleksin fəaliyyəti barədə iştirakçılara məlumat verib.
Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tarix müəllimi Fərmanzadə Bikə çıxış edərək 1918-ci il hadisələrinin təkcə Azərbaycan üçün deyil, ümumilikdə regionun tarixində dərin iz buraxdığını vurğulayıb. Bildirilib ki, tələbələrin bu kimi tədbirlərdə iştirakı onların tarixi mənbələrə əsaslanan biliklərini genişləndirir, həmçinin vətənpərvərlik və vətəndaşlıq məsuliyyəti hisslərinin formalaşmasına müsbət təsir göstərir.
Tədbir çərçivəsində memorial kompleksin əməkdaşı Nurcan Allahverdiyeva tərəfindən 1918-ci il soyqırımı Bakı şəhəri və Bakı kəndlərinin sakinlərinin şahid ifadələrində (Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında) mövzusunda təqdimat keçirilib. Təqdimatda arxiv materialları, elmi araşdırmalar və müxtəlif mənbələr əsasında 1918-ci ildə baş vermiş hadisələrin tarixi konteksti barədə iştirakçılara ətraflı məlumat verilib.
Sonda tələbələr memorial kompleksin ekspozisiya zalları ilə tanış olub, soyqırımı ilə bağlı nümayiş etdirilən sənədlər, foto materiallar və arxeoloji tapıntılar haqqında məlumat əldə ediblər.
Paylaş