Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin birgə təşkilatçılığı ilə azərbaycanlıların soyqırımının 108 illiyinə həsr olunmuş “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” adlı elmi-praktik konfrans keçirilib. / 17 Mart, 2026
Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda daha sonra ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərimizin, soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova çıxışında Azərbaycanın tarixi həqiqətlərini, o cümlədən 1918-ci il soyqırımı həqiqətlərinin geniş şəkildə araşdırılmasının, elmi əsaslarla öyrənilməsinin və beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulamış, bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs etmişdir. O bildirib ki, 1918-ci ilin 31 martından başlayaraq Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri dinc əhaliyə qarşı soyqırımı törətmişlər. 1918-ci il soyqırımı hadisələrinə hüquqi-siyasi qiymət Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla verilmiş və bu sənəddə azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi şəkildə bəyan edilmişdir.
Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin dekanı tarix elmləri doktoru, professor Adil Baxşəliyev erməni millətçiləri tərəfindən son 200 ildə, eləcə də 1918-ci il martın 31-də xalqımıza qarşı həyata keçirilən soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyətindən danışıb. Bildirib ki, azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı tarixin qanlı səhifələrindən biridir. Mart soyqırımı nəticəsində təkcə Bakı şəhərində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, bütövlükdə Cənubi Qafqazda 50 min nəfərdən çox türk-müsəlman əhali məhv edilib, on minlərlə insan itkin düşüb.
Konfransda SDU-nun Tarix, coğrafiya və metodika kafedrasının müdiri dosent Sona Məhərrəmova “1918-ci ildə Qərbi Azərbaycanda azərbaycanlılara qarşı etnik təmizlmə və deportasiyalar” adlı mövzu ilə çıxış edərək həmin dövrdə baş vermiş faciəvi hadisələrin tarixi mənbələr əsasında təhlilini təqdim etmiş, azərbaycanlı əhaliyə qarşı həyata keçirilən zorakılıq, qırğın və məcburi köçürmələrin səbəb və nəticələrindən geniş bəhs etmişdir. O, çıxışında bu hadisələrin regionun demoqrafik vəziyyətinə ciddi təsir göstərdiyini vurğulamışdır. Daha sonra universitetin Tarix, coğrafiya və metodika kafedrasının dosenti Yusifəli Həsənov “31 mart 1918-ci il soyqırımı: Bakıda törədilən qırğınlar”, Tarix, coğrafiya və metodika kafedrasının dosenti Samir Kərimli “1918-ci ildə Azərbaycanın Şamaxı bölgəsində törədilən qırğınlar”, Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Sona Həsənova “1918-ci ildə Quba bölgəsinda törədilən qırğınlar”, Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Rahil Cəfərov “1918-ci ildə Azərbaycanın Qarabağ bölgəsində törədilən qırğınlar”, Tarix, coğrafiya və metodika kafedrasının baş müəllimi Nofəl Abdullayev “1918-ci il Azərbaycanlıların soyqırımına hüuqi-siyasi qiymətin verilməsi” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda müəllim və tələbələrə Kompleksin muzeyində soyqırımı ilə bağlı nümayiş etdirilən sənədlər, foto materiallar və arxeoloji tapıntılar haqqında məlumat verilmişdir.
Paylaş