"Heydər Əliyev Mərkəzi"

Dünya memarlığının incilərindən sayılan, Bakı şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Mərkəzi Azərbaycanın müasir memarlıq simvollarından biridir. 2007-ci ildə inşasına başlanılmış Mərkəz 2012-ci il mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə istifadəyə verilmişdir. Dünyada parametrik dizaynın ən məşhur nümayəndələrindən sayılan bu binanın memarı, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir. O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektur müəllifi kimi tanınır. Olduqca fərqli bir dizaynda olan binanın küncləri tamamilə aradan qaldırılmış, divarlar və damlar isə bir-birinə axırmış kimi görünür. Bu axıcı, dalğavari xətlər binaya futuristik və dinamik bir görünüş verir.
Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar, foto və video materiallar və digər ünikal eksponatlar təqdim olunur. Mərkəz həmçinin turizm, mədəniyyət mərkəzi kimi də fəaliyyət göstərir. Belə ki, sərgi zalları, konfrans otaqları, auditoriyalar və geniş ictimai sahələr mövcuddur ki, ziyarətçilər həm mədəni, həm də təhsil tədbirlərində iştirak edə bilirlər. Burada beynəlxalq sərgilərin, konfransların və mədəni tədbirlərin keçirilməsi üçün də istifadə olunur. Heydər Əliyev Mərkəzi həm müasir texnologiya, həm də estetik baxımdan unikal bir bina olmaqla, Azərbaycan memarlığının qürur mənbəyinə çevrilmişdir.
Paylaş