• office@soyqirim.az
  • (023)335-37-07
Quba Soyqırımı Memorial Kompleksinin açılışı / 18 Sentyabr, 2013

2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışın ediblər.

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak etmişdir.

Son dövrlərdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artmışdır. Bu işdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm və tarixi işlər görür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilmişdir. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilmiş, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınmışdır. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılmış, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılmışdır. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə kompleksin məlumat mərkəzində yaradılmış şəraitlə tanış oldular.

Dövlətimizin başçısı və xanımı burada kompleksin sxemini əks etdirən stendlərə baxdılar.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov məlumat verdi ki, kompleksdəki bütün bölmələr və eksponatların yanında quraşdırılan xüsusi audio bələdçi qurğuları vasitəsilə ingilis, rus və Azərbaycan dillərində ətraflı məlumat almaq mümkündür.

Kompleksin ekspozisiya zalı ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, aşkar olunmuş kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrlik hissəsində tədqiqat işləri aparılsa da, 20 kvadratmetr ərazi beynəlxalq tədqiqat işləri üçün saxlanılmışdır. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilmişdir. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilmişdir ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılmışdır.

Bildirildi ki, kütləvi məzarlığın yerləşdiyi ərazini sel sularından qorumaq məqsədilə Qudyalçayın məcrasında uzunluğu 400 metr olan qoruyucu beton bənd inşa olunmuşdur. Ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri soyqırımı siyasəti nəticəsində Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilmişdir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilmişdir.

Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılmışdır. Kompleksin 3,5 hektarlıq ərazisində geniş quruculuq işləri görülmüşdür. Quba Soyqırımı Memorial Kompleksində rəmzi məzarlıq sahəsi yaradılmışdır. Qalereyada yaradılan inzibati binanın tikinti sahəsi 320 kvadratmetrdir. Burada zəngin kitab fondu ilə təchiz olunmuş kitabxana, arxiv və digər inzibati otaqlar vardır.

Diqqətə çatdırıldı ki, kompleksin tərtibatı orijinallığı ilə seçilir. Buradakı abidə üç hissədən – sivri uclu bıçaqları xatırladan iki konstruksiya, eləcə də ortada xatirə daşı yerləşən əsas zaldan ibarətdir. Abidənin iti ucları ürəkləri parçalayan şiddətli ağrıları təcəssüm etdirir. İti ucların yerin altından çıxması isə həqiqəti gizlətməyin mümkün olmadığını göstərir. Abidə bütövlükdə brutto-betondan hazırlanmışdır. Memarlar soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq matəm sükutunu təcəssüm etdirməyə çalışmışlar. Soyqırımı qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı bəzəkdən istifadə olunmamışdır.

Azərbaycan Prezidentinə və xanımına memorial kompleksin ikinci mərhələsi barədə də məlumat verildi.

Dövlətimizin başçısı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad etdi, kompleksin önünə əklil qoydu.

Sonra Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva kompleksin muzeyindəki eksponatlarla tanış oldular.

Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar yer almışdır. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada ümummilli lider Heydər Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər, bunun üçün imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılmışdır. Həmçinin Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə məlumatların və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar vardır. Bu guşələrə həm də qəzaların əhalisi, müdafiəçiləri, müsəlman qırğınları üzrə Fövqəladə Təhqiqat Komissiyasının məlumatları, sənədləri, Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin sənədləri sərgilənir. Kompleksdə kütləvi məzarlığın fotoları, məzarlıq ərazisində tapılan soyuq silah və digər əşyalar da vardır. Burada, həmçinin Azərbaycan, İran, Böyük Britaniya və digər ölkələrin ictimai, siyasi, dövlət və hərbi xadimlərinin ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı barədə fikirləri yer almışdır. Qafqaz İslam Ordusunun və Azərbaycan hərbçilərinin fotoları da maraq doğurur. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı qətlə yetirilənlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Heydər Əliyev Fondunun atdığı bu addım tarixi əhəmiyyəti ilə seçilir.

Komplekslə tanışlıqdan sonra dövlətimizin başçısı burada Quba rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

– Bu gün biz Quba Soyqırımı Memorial Kompleksinin açılışına toplaşmışıq. 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir. Bu memorial kompleksin yaradılması hesab edirəm ki, tarixi hadisədir. Bildiyiniz kimi, 2007-ci ildə burada qazıntı işləri aparılarkən kütləvi məzarlıq aşkarlanmışdır. Ondan sonra buraya alimlər, ekspertlər ezam edilmişdir və böyük tədqiqat işləri aparılmışdır. Tədqiqat işlərinin aparılması nəticəsində aşkar edilmişdir ki, burada minlərlə soydaşımız erməni quldur dəstələri tərəfindən amansızlıqla, qəddarlıqla öldürülmüşdür. 2009-cu ilin sonunda mənim tərəfimdən Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına dair Sərəncam imzalanmışdır və 2011-ci ildən işlər başlanmışdır. Bu gün biz memorial kompleksin açılışını edirik.

Deyə bilərəm ki, Azərbaycanda ilk dəfə olaraq belə memorial kompleks yaradılır. Kompleksin tərtibatı çox təsirlidir, memarlığı çox böyük rəmzi məna daşıyır. Bir sözlə, burada nümayiş etdirilən eksponatlar bizim tariximizi göstərir. Eyni zamanda, memorial kompleksdə yaradılmış ekspozisiya çox böyük məna daşıyır. Kompleksin girişində Quba qəzasının dinc vaxtları öz əksini tapır. Ailələr, vətəndaşlar dinc həyat sürürlər. Ondan sonra qanlı günlər, dinc əhaliyə qarşı törədilən vəhşilik əks olunur. Ekspozisiyanın sonunda hesab edirəm ki, çox düzgün tərtibat nəticəsində insanlar buradan nikbin əhval-ruhiyyə ilə ayrılır. Çünki Bakının erməni quldur dəstələrindən azad edilməsi elə bil ki, ekspozisiyanın son nöqtəsidir.

Burada həlak olmuş insanlar müxtəlif dinlərin, müxtəlif millətlərin nümayəndələridir. Onların ermənilər üçün bir günahı var idi ki, onlar erməni millətindən deyildilər.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xüsusi tədqiqat komissiyası yaradılmışdır. Komissiya işə başlamışdır, ancaq 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra bu komissiya təbii ki, öz işini dayandırmışdır və komissiyanın fəaliyyəti natamam olmuşdur. Eyni zamanda, o vaxt əlbəttə ki, bu faciə, bu qırğın haqqında dünyaya məlumat çatdırmaq üçün bizim imkanlarımız çox məhdud idi.

Memorial kompleksin ekspozisiyasında ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncam da öz əksini tapır – Azərbaycanlıların soyqırımı Sərəncamı. Orada göstərilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə komissiya yaradılmışdır və komissiyanın görə bilmədiyi işləri artıq müstəqil Azərbaycan dövləti tamamlayır. İlk dəfə olaraq 1998-ci ildə bu soyqırımına hüquqi və siyasi qiymət verilmişdir.

Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, – onların da mənfur adları orada göstərilir, – Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır. Erməni faşizminə o vaxt düzgün qiymət verilmədiyi üçün sonra tarixin müxtəlif dövrlərində erməni faşizmi öz yırtıcı sifətini nümayiş etdirmişdir.

İkinci Dünya müharibəsi zamanı Hitlerin sərəncamında olan, ona qulluq edən erməni quldurları Ermənistanda qəhrəman kimi qəbul edilir, onların şərəfinə abidələr ucaldılır. Bu, onu göstərir ki, müasir Ermənistan dövlətinin ideologiyası da faşizm üzərində qurulmuşdur. Hesab edirəm ki, erməni faşizmi Azərbaycan alimləri tərəfindən daha geniş şəkildə tədqiq edilməlidir. Hesab edirəm ki, tarixi paralellər əsasında çox böyük əsərlər yaradılmalıdır. Şadam ki, son illərdə, o cümlədən mənim təşəbbüsümlə alimlərimiz İrəvan xanlığı, bizim tarixi torpaqlarımız haqqında kifayət qədər dolğun və məzmunlu əsərlər yaratmışlar. Biz bu tarixi gənc nəsillərə də çatdırırıq. Məsələn, İrəvanın Ermənistanın paytaxtı elan olunmasının tarixi hesab edirəm ki, bir çoxlarına bəlli deyildi. Biz bu məsələni qaldıranda, tarixi faktlar əsasında bu məsələyə diqqət yetirəndə, artıq bunu həm Azərbaycanda hər kəs bilir, dünyada da bilirlər ki, İrəvanın Ermənistan dövlətinin paytaxtı elan edilməsi Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmiş qərar əsasında olmuşdur. Ona görə, hesab edirəm ki, tarixi həqiqətləri əks etdirən böyük elmi əsərlər yaradılmalıdır. Onların bir hissəsi artıq yaradılıbdır. Ancaq hesab edirəm ki, bu məsələyə daha da ciddi diqqət verməliyik. Ermənilərin bizim tarixi torpaqlarımıza köçürülməsi məsələləri hesab edirəm ki, Azərbaycan elmində kifayət qədər işıqlandırılmayıb. Biz hamımız yaxşı bilirik ki, Azərbaycanın ayrılmaz torpağı olan Dağlıq Qarabağa ermənilər XIX əsrin birinci yarısında Şərqi Anadoludan və İrandan köçürülmüşdür. Onlar orada məskən salmışdır və ondan sonra dinc Azərbaycan əhalisinə qarşı öz təxribatlarını başlamışlar. Yəni, bu tarixi paralel, ondan sonra Bakı soyqırımı, Quba soyqırımı İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməli və gözəl əsərlər yaradılmalıdır.

Dediyim kimi, erməni faşizmi özünü bir daha 1980-ci illərin sonlarında – 1990-cı illərin əvvəllərində göstərmişdir. Biz o tarixi də yaxşı xatırlayırıq. Çünki ulu öndər Heydər Əliyevin sovet hakimiyyətinin rəhbərliyindən uzaqlaşdırılmasından iki həftə sonra erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırmışlar. O vaxtkı sovet rəhbərliyi, ilk növbədə o vaxtkı rəhbər Qorbaçov və onun ətrafında olan erməni millətçiləri Azərbaycan xalqına qarşı böyük cinayətlər törətmişlər. Qanlı Yanvar hadisələri bilavasitə Qorbaçovun əməlləridir. Ondan əvvəl və ondan sonra xalqımıza qarşı törədilən cinayətlər artıq tarixdə kifayət qədər öyrənilibdir. O vaxt Heydər Əliyev amili ermənilərin əl-qolunu bağlamışdı. Sovet dövründə – 1969-cu ilə qədər ermənilər dəfələrlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə əlaqədar sovet hökumətinə müraciətlər etmişlər. Hətta rəsmi səviyyədə müraciətlər etmişlər. Ancaq Heydər Əliyevin qətiyyəti və çox ciddi etirazı buna imkan verməmişdir. Ondan sonra Heydər Əliyevin sovet hakimiyyətində fəaliyyəti dövrü başlamışdır. O vaxt da əlbəttə ki, ermənilərin təxribat etmək üçün heç bir imkanları olmamışdır. 1987-ci ilin noyabrında – ulu öndər Heydər Əliyev vəzifədən gedəndən iki həftə sonra bu məsələ qaldırıldı və demək olar ki, o vaxtdan azərbaycanlılara qarşı növbəti soyqırımı prosesi başladı. Təxribatlar törədildi, sovet və dünya mətbuatında bu məsələ ilə bağlı yanlış və təhrif edilmiş rəy yaradıldı. Nəticədə 1992-ci ildə Xocalı soyqırımı törədildi. Xocalı soyqırımını törədənlər bu gün Ermənistan rəhbərliyində təmsil olunan adamlardır. Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni, biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri – bütün bunlar həqiqətdir və reallıqdır. Ancaq nədənsə bəziləri bunu görmək istəmir, bəziləri bu günə qədər də erməniləri qurban kimi təqdim etmək istəyirlər. Əlbəttə ki, bunun səbəbi vardır. Dünyada fəaliyyət göstərən erməni lobbisi və onun nəzarəti altında olan bəzi riyakar və rüşvətxor siyasətçilər tarixi tamamilə təhrif edərək bütün günahı Azərbaycanın üzərinə qoymağa çalışırlar. Bu ədalətsizlik bu günə qədər də davam edir. Xocalı soyqırımı zamanı 613 günahsız insan ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Əgər burada uyuyan soydaşlarımız soyuq silahlarla və küt alətlərlə öldürülmüşlərsə, Xocalıda artıq soydaşlarımız avtomatlarla, qumbaralarla öldürülmüşdür. Yüzlərlə insan itkin düşmüşdür. Xocalıda ermənilər tərəfindən 63 uşaq, 106 qadın öldürülmüşdür. Bu, misli görünməmiş vəhşilikdir.

Bu gün Azərbaycan dövləti və Azərbaycanda fəaliyyət göstərən ictimai qurumlar, ilk növbədə Heydər Əliyev Fondu Xocalı soyqırımının dünyada soyqırımı kimi tanıdılmasında çox böyük işlər görür. Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasında da Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. “Xocalıya ədalət!” kampaniyasının başlanması və uğurla davam etdirilməsində də Heydər Əliyev Fondu, bizim diaspor təşkilatlarımız və əlbəttə ki, Azərbaycan dövləti bir nöqtəyə vurur və artıq tədricən istədiyimizə nail oluruq. Artıq bir neçə ölkə rəsmi qaydada Xocalı soyqırımını soyqırımı kimi tanıyıb və bu proses davam etdirilir.

Gələcəkdə bu faciələrdən sığortalanmaq üçün erməni faşizminə dünya miqyasında mütləq layiqli qiymət verilməlidir. Ancaq əfsuslar olsun ki, ədalətsizlik bu günə qədər davam edir. Mən xatırlayıram ki, Azərbaycan zabitini – Ramil Səfərovu Vətənə qayıtdığına və azadlığa buraxdığıma görə mənə qarşı nə qədər əsassız ittihamlar səsləndi, nə qədər riyakar xarici siyasətçilər mənə qarşı hücumlar etdilər. Hətta Avropa Parlamenti bu məsələ ilə bağlı qətnamə qəbul etmişdir və mənim addımlarımı pisləmişdir. Mən bu gün də tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan öz zabitini Vətənə qaytarmışdır, azadlığa buraxmışdır və ədaləti bərpa etmişdir. Ancaq baxın görün, buna görə dünya mətbuatında, müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycana qarşı nə qədər əsassız hücumlar edilmişdi.

Əlbəttə ki, bu hücumların heç bir təsiri ola bilməzdi. Çünki Azərbaycan dövlətinin iradəsinə, qərarlarına heç bir qüvvə təsir edə bilməz. Biz ədaləti bərpa etmişik və bundan sonra da öz siyasətimizdən dönməyəcəyik. Ancaq nə üçün bu məsələ ilə bağlı öz səslərini ucaldanlar bu gün Ermənistanda faşistlərə qoyulan abidələri görmürlər? Nə üçün terror aktları, o cümlədən Avropa ölkələrində bu aktları törədən erməni terrorçuları sərbəst buraxılır və Ermənistana qaytarılır, orada isə onlara qəhrəman kimi münasibət göstərilir? Nə üçün bunu görmürlər? Bu ədalətsizlik nə vaxta qədər davam edəcək? Bu işğal nə vaxta qədər davam edəcək? Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımız artıq 20 ilə yaxındır ki, işğal altındadır. Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi torpağıdır. Azərbaycan BMT-yə üzv olarkən vahid dövlət kimi üzv olmuşdur. Heç bir dövlət bizim ərazi bütövlüyümüzü şübhə altına almır. Nə üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir? Bütün bu suallar cavabsız qalır. Biz bu suallara cavabları bilirik. Bu məsələnin həll olunmamasının səbəblərini bilirik və bunu açıq ifadə edirik. Ancaq bu suallar havada qalmamalıdır, bu ədalətsizliyə son qoyulmalıdır.

Bizim torpaqlarımız işğal altındadır, tarixi abidələrimiz, məscidlərimiz dağıdılıb, muzeylərimiz talan olunub, bütün şəhərlər yerlə-yeksan edilib. Bu memorial kompleksdə Şamaxının görüntüləri əks olunub. Burada Şamaxı məscidinin – qədim müsəlman aləmində ən qədim məscidlərdən biri olan Şamaxı məscidinin yarıdağılmış vəziyyətdə olan şəkilləri göstərilir. Biz bu ilin may ayında Şamaxı Cümə məscidini yenidən bərpa etdik, 743-cü ildə tikilmişdir. Bu məscid bu gün yenidən dindarların üzünə açılmışdır. Soyqırımı törədildi, bütün tarixi abidələr dağıdıldı. Bax, Şamaxının bu memorial kompleksdə əks olunan dağılmış vəziyyətdə olan şəkilləri bu gün yenə də təkrarlanır. Bu gün Ağdam, Füzuli, Şuşa belə vəziyyətdədir və bunu edənlər ermənilərdir. Bunu edənlər bu gün özlərini mədəni millət kimi təqdim etmək istəyirlər. Ancaq bunu edənin bir adı var – vəhşi! Başqa ad ola bilməz.

Əfsuslar olsun ki, beynəlxalq hüquq normaları işləmir. Beynəlxalq təşkilatların qərarları kağızda qalır, ədalətsizlik davam edir. Belə olan halda əlbəttə ki, güclənən Azərbaycan dövləti yalnız öz gücünə güvənməlidir və öz gücünə güvənir. Necə ki, bu memorial kompleksin son ekspozisiyasında əks olunduğu kimi, 95 il bundan əvvəl Qafqaz İslam Ordusunun fəaliyyəti və yerli qüvvələrlə birlikdə aparılan döyüşlər nəticəsində Bakı ermənilərdən təmizləndi. Gün gələcək əgər beynəlxalq hüquq normaları bərpa olunmazsa və Ermənistan öz işğalçı siyasətini davam etdirərsə Ordumuz son sözünü deyəcəkdir. Bunu etmək üçün bu gün bizim gücümüz vardır.

Bu gün Azərbaycan Ordusu bu bölgənin – Cənubi Qafqazın ən güclü ordusudur. Bu gün Azərbaycan müstəqillik illərində bizim üçün yaradılan imkandan tam şəkildə istifadə edibdir. Əgər müstəqillik qazanılanda Ermənistan ilə Azərbaycan arasında iqtisadi və hərbi sahədə paritet var idisə, artıq bu paritetdən çoxdan əsər-əlamət qalmayıbdır. Son 10 il ərzində böyük bir yol keçmişik. On il bundan əvvəl Azərbaycanın və Ermənistanın dövlət büdcələri təxminən eyni səviyyədə idi. Bu gün bizim dövlət büdcəmiz Ermənistandakından təxminən 10 dəfə çoxdur. Bizim təkcə hərbi məsələlərə xərclədiyimiz vəsait Ermənistanın bütün dövlət büdcəsindən təxminən 30-50 faiz artıqdır. Yəni, biz bütün başqa parametrlər üzrə böyük üstünlük əldə etmişik – iqtisadi sahədə, siyasi sahədə, dünya birliyində oynadığımız rol baxımından. Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür və dünya tərəfindən böyük dəstəyə malikdir. Bu gün biz artıq fəzaya çıxmışıq. Bizim peykimiz vardır. Bizim iqtisadi inkişafımız çox sürətlidir, o cümlədən bax, bu zonada – Quba-Qusar zonasında son illərdə çox böyük işlər görülmüşdür. Şəhərlər, kəndlər abadlaşır, investisiya qoyulur. Bizim demoqrafik vəziyyətimiz çox müsbətdir. Artıq 9 milyon yarıma yaxın əhalimiz vardır.

Yəni, bütün bu amillər bizim gücümüzü təsdiqləyir və düşünülmüş siyasətin nəticəsidir. Ermənistan isə artıq öz hərəkətləri və bəyanatları ilə açıq şəkildə etiraf edir ki, öz təhlükəsizliyini öz gücünə təmin edə bilmir. Biz bunu çoxdan bilirdik. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan bütün tərəflər bunu bilir. Ancaq bu gün Ermənistan məcburdur ki, özü bunu etiraf etsin. Bizim qarşımızda nə qədər aciz, nə qədər gücsüz olduğunu, qorxu içində yaşadığını etiraf etsin. Mən bir dəfə demişəm ki, erməni xalqı bizdən qorxmamalıdır, öz rəhbərliyindən qorxmalıdır. Qaniçən, yırtıcı, quldur, cəllad rəhbərliyindən qorxmalıdır ki, bu gün onlar öz xalqına divan tuturlar, öz xalqını gülləbaran edirlər. İndiki Ermənistan rəhbərliyi nə qədər çox hakimiyyətdə qalsa, Ermənistan bir o qədər də tez tamamilə çökəcək və tarixi ədalət bərpa ediləcəkdir. Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bütün amillər – güclərin nisbəti, beynəlxalq, iqtisadi-hərbi amillər bunu göstərir. Sadəcə olaraq, vaxt gedir. Sadəcə olaraq biz istəyirik ki, bu, tezliklə olsun. Ancaq bu, hərtərəfli və tam şəkildə olmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq.

Bu gün tarixi gündür. Bir daha demək istəyirəm ki, Quba Soyqırımı Abidə-Memorial Kompleksinin yaradılması tarixi məna daşıyır. İlk dəfə olaraq Azərbaycanda belə memorial kompleks yaradılır və bu yaddaş daim bizim qəlbimizdə yaşayacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

X X X

Rayon sakini İsa ŞİRİNOV çıxış edərək dedi:

– Möhtərəm cənab Prezident. Mən Sizi Quba ictimaiyyəti adından salamlayıram, qədim Quba torpağına “Xoş gəlmisiniz!” deyirəm.

Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən tarixi bir hadisənin şahidi oluruq. Bu gün Qubamızda Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edirik. 2007-ci ilin aprelində Quba şəhər stadionunda, bax bu ərazidə yenidənqurma işləri aparılarkən kütləvi məzarlıq aşkar edilmişdir. Bundan sonra Siz, cənab Prezident, burada soyqırımına aid böyük kompleksin tikilməsi barədə Sərəncam imzaladınız. Gördüyümüz bu kompleks qısa bir müddətdə hazır oldu. İnanırıq ki, bu kompleksin xarici vətəndaşlara, xaricdən gələn qonaqlarımıza soyqırımı, ermənilərin başımıza gətirdiyi faciələr barədə mühüm məlumatların çatdırılmasında böyük xidmətləri olacaqdır.

Möhtərəm cənab Prezident, uzun illər yaddaşıma həkk olunmuş bir xatirəni Sizə danışmaq istəyirəm. Hələ mən kiçik yaşlarımda olarkən qonşumuzda yaşlı Adil kişi var idi. O, bir gün mənə qorxa-qorxa, pıçıltı ilə dedi ki, bala, ermənilər bizim düşmənimizdir. Xalqımızın başına gələn bütün bu bəlalar onların məkrli siyasətinin nəticəsidir. Mən təəccübləndim, çünki bizə belə bir şey öyrətməmişdilər. Mənim təəccübləndiyimi görən Adil kişi bu hadisələrlə əlaqədar başqa daha böyük bir faciəli hadisəni danışdı. O dedi ki, Qubaya gələn quldur erməni dəstəsinin başında Hamazasp adında bir qaniçən erməni dururdu. Soyqırımının son günləri idi. O, Qubanın mötəbər adamlarını, din xadimlərini Cümə məscidinin həyətinə toplayaraq dedi: “Mən buraya Sovet hakimiyyəti qurmağa gəlməmişəm. Mən buraya Qarabağda öldürülən ermənilərin qisasını almağa gəlmişəm. Mənə tapşırıblar ki, Xəzər dənizindən Şahdağa qədər olan ərazidə müsəlmanları qırım”. Adil kişi daha başqa faciəli hadisələri də mənə danışdı. Çox qəribə idi, həm də xahiş etdi ki, bu barədə mən heç kimə heç nə deməyim. Həmin söhbətdən, cənab Prezident, 60 ildən artıq vaxt keçir. İndi mənim 76 yaşım vardır.

Möhtərəm cənab Prezident, həyəcansız danışmaq olmur. Biz artıq müstəqil dövlətə malikik və bizim Sizin kimi aqil bir Prezidentimiz vardır. Müstəqilliyimizin bizə bəxş etdiyi töhfələrdən biri də tarixi həqiqətlərimizi, tariximizi obyektiv şəkildə araşdırmaq və bu faktları insanlara olduğu kimi çatdırmaqdan ibarətdir.

Bu gün Sizin açılışını etdiyiniz bu memorial abidə özündə möhtəşəm acı bir tarixi yaşadır. Belə ki, 1918-ci ildə ermənilər Quba rayonunda, Quba ərazisində minlərlə günahsız uşağı, qadını, qocanı vəhşicəsinə qətlə yetirmiş, daha sonra ölənləri, yaralıları, hətta diriləri belə kiçik dərələrdə basdırmışlar. O dövrdə qəzanın mərkəzində 2 min, ətraf kəndlərlə birlikdə 16 min insan qətlə yetirilmişdir. Böyük bir faciədir. Azərbaycanlılarla yanaşı, soyqırımına bizimlə qardaşcasına yaşayan yəhudilər, ləzgilər, tatlar və digər xalqlar da məruz qalmışlar. Ermənilər o vaxt insanları kütləvi halda qırırdılar.

Cənab Prezident, Siz bu tarixi həqiqətlərin unudulmamasına, daim yaddaşlarda qalmasına çalışırsınız. Bakının Xətai rayonu ərazisində Xocalı soyqırımına həsr edilmiş abidə kompleksinin inşası barədə göstərişiniz bunun bariz nümunəsidir. Biz bunu alqışlayırıq. Bu, Sizin tariximizə olan münasibətinizdir, gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə olunması barədə düşüncələrinizin təzahürüdür. Mən də yaşlı nəslin nümayəndəsi kimi, gənclərimizə tövsiyə edirəm ki, xalqımızın başına gələn bu müsibətləri unutmasınlar, ondan ibrət dərsi götürsünlər.

Möhtərəm Prezident, biz əminik ki, xalqımız bir daha nə 1905-ci il, nə 1918-ci il, nə Xocalı, nə də digər soyqırımları ilə rastlaşmayacaqdır. Azərbaycanlıların başına dəhşətlər gətirmiş bu qəddar düşmənlərimizdən torpaqlarımızı, Qarabağımızı azad edəcəksiniz. Çünki bu gün Azərbaycanımız qüdrətli, güclü bir məmləkətə çevrilib. Ölkəmiz tərəqqi yolunu inamla addımlayır, inkişafının zirvəsinə doğru gedir. Biz qubalılar bu tərəqqini, inkişafı daim görmək, bunları Sizinlə birlikdə yaşamaq istəyirik.

Cənab Prezident, mənim ürəyimdə bir fikir var, onu burada demək istəyirəm. Cənab Prezident, Siz “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən Ulu Öndərin oğlusunuz. Siz “Mən ömrünün qalan hissəsini xalqıma bağışlayıram” deyən Ulu Öndərin oğlusunuz. Sizin fəaliyyətinizdə Ulu Öndərin bu proqramları öz əksini tapmaqdadır. Siz fəaliyyətə başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” dediniz. Siz buna nail oldunuz. Bu gün Siz hər bir azərbaycanlının Prezidentisiniz.

Cənab Prezident, Sizə uzun ömür, cansağlığı arzu edirəm. Allah Sizi qorusun!

X X X

Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Boris SİMANDUYEV çıxış edərək dedi:

– Möhtərəm cənab Prezident!

İcazə verin, ölkəmizin dilbər guşələrindən biri olan bağlar diyarı Qubada Qırmızı Qəsəbə əhalisi adından Sizi salamlayım və Sizə “Xoş gəlmisiniz!” deyim.

Bu kütləvi məzarlıq erməni vandalizminin dəhşətlərini əks etdirən mühüm tarixi bir ərazidir. Ermənilər tarix boyu azərbaycanlılara qarşı çoxlu qanlı faciələr törətmişlər. Qısa vaxt ərzində belə bir möhtəşəm abidə kompleksini ucaltmaqla Siz bütün dünyaya ermənilərin əsl simasını nümayiş etdirirsiniz. Ermənilər hər zaman tarixi saxtalaşdırmağa, bu yollarla öz iç üzlərini gizlətməyə çalışıblar. Hətta onu da deyim ki, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş qırğınlar ermənilər üçün ən əlverişli məqsədə çatmaq üsulu idi. Torpaqlara birbaşa yiyələnmək niyyətinin əməli cəhdləri tarixi, hüquqi əsasa malik olmadığından onlar bu işləri yalnız fiziki müdaxilə ilə həyata keçirməyə başladılar.

Sizin apardığınız müdrik xarici siyasət nəticəsində artıq dünyanın bir sıra ölkələri Azərbaycan həqiqətlərini obyektiv öyrənməyə və ermənilərin mahiyyətini anlamağa başlayıblar. Bir neçə xarici dövlətdə tariximizin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımı rəsmi olaraq tanınıb. Həmin dövlətlərin xalqları dərdimizə, ağrımıza şərik çıxıblar. Bu kompleks də tariximizin dünyaya çatdırılmasında böyük rol oynayacaqdır. Məhz Azərbaycan tarixi üçün mühüm əhəmiyyət kəsb edən bu böyük abidə kompleksinin inşasına görə Sizə rayonumuzun bütün əhalisi, Qırmızı qəsəbə dağ yəhudiləri dini icması adından dərin təşəkkürümüzü bildirirəm.

Möhtərəm cənab Prezident! 1918-ci ildə ermənilər Azərbaycanın müxtəlif bölgələrində qanlı qırğınlar törətmişlər, soyqırımı siyasəti həyata keçirməyə başlamışlar. Bu soyqırımı Quba qəzasında da xüsusi vəhşiliklə həyata keçirilmişdir. Ermənilər uşaq, qadın, qoca tanımadan minlərlə insanı deyiləsi belə mümkün olmayan qəddar üsullarla qətlə yetirmişlər, yüzlərlə yaşayış məntəqəmizi xarabazara çevirdilər. Həmin dəhşətli qırğınlar nəticəsində Qubada yaşayan digər xalqların nümayəndələri, o cümlədən biz dağ yəhudiləri də soyqırımına məruz qalmışıq. Biz həmin hadisələr barədə böyüklərimizdən çoxlu söhbətlər eşitmişik. Nə qədər insanlıqdan uzaq olasan ki, belə vəhşiliklərə əl atasan! Bu, ancaq ermənilərə xas olan keyfiyyətlərdir.

Fürsətdən istifadə edərək, bir daha dünya xalqlarını ermənilərin xislətini yaxşı öyrənməyə və onların törətdikləri vəhşiliklərə hüquqi qiymət verməyə çağırıram.

Möhtərəm cənab Prezident, Siz ölkəmizdə yaşayan bütün xalqlara olduğu kimi, dağ yəhudilərinə də həmişə yüksək diqqət və qayğı göstərmisiniz. Regionumuza hər səfəriniz zamanı Qırmızı qəsəbəyə gəlirsiniz, sakinlərlə səmimi söhbətlər aparırsınız, problemlərimizlə maraqlanırsınız, bizə bütün köməyi göstərirsiniz.

Elə bu yaxınlarda Siz 80 illik yubileyim münasibətilə məni ölkəmizin ən yüksək dövlət mükafatlarından biri olan “Şöhrət” ordeni ilə təltif etdiniz. Sizi əmin edirəm ki, göstərdiyiniz böyük etimadı doğrultmaq üçün bundan sonra da var gücümlə çalışacağam.

Təkzibedilməz bir həqiqətdir ki, ölkəmiz gündən-günə tərəqqi edir, dünyada qüdrətimiz getdikcə artır, əhalimizin güzəranı getdikcə yaxşılaşır. Bununla yanaşı, ölkəmizdə bütün xalqlar bərabər şəkildə mehriban bir ailə kimi yaşayırlar. Bunun nəticəsində Azərbaycan bütün dünyada tolerantlıq, xalqlar dostluğu rəmzinə çevrilmişdir.

Möhtərəm cənab Prezident, uzun ömür yaşayan bir insan kimi xoşbəxtəm ki, həyatım bu dövrə təsadüf edir. Çünki Azərbaycanın inanılmaz inkişafını gördüm. Qubanın yeni simasını, Qırmızı qəsəbənin yeni görkəmini gördüm. Bunun davamını görmək istəyirəm. Sizə ölkəmizin yüksəlişi naminə çətin və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayırıq. Ulu Tanrı köməyinizdə olsun.

X X X

Qusar rayon sakini Qorxmaz MURADOV çıxış edərək dedi:

– Möhtərəm cənab Prezident. Əvvəlcə Sizi bütün qusarlılar adından salamlayır və Sizə “Xoş gəlmisiniz!” deyirik. Bədnam erməni daşnaklarının Azərbaycanda soyqırımı aktları təkcə Azərbaycan türklərinə qarşı deyil, həm də Azərbaycanda etnik baxımdan zəngin olan şimal bölgəsinin bütün xalqlarına – ləzgilərə, buduqlara, tatlara, yəhudilərə, qırızlara qarşı da törədilmişdir. 1918-ci ildə erməni daşnaklarının və bolşeviklərin birləşmiş dəstələrinə qarşı şimal bölgəsində gedən döyüşlərdə təbii ki, həmin xalqların nümayəndələri də böyük fədakarlıqlar göstərmişlər. Bizim tariximiz yalnız faciələr tarixi deyil, həm də qəhrəmanlıqlar tarixidir. 1918-ci il mayın 18-də Quba rayonunun Digah kəndi yaxınlığında “Şimi dərəsi” adlanan yerdə ermənilər Azərbaycan xalqına köməyə gəlmiş ləzgilərin müqaviməti ilə rastlaşmışlar. Döyüş bir neçə gün davam etmiş və güclü xalq müqavimətinə rast gələn ermənilər böyük tələfatla məğlub olaraq geri çəkilmişlər.

Möhtərəm cənab Prezident, igid oğullarımızın qanı ilə suvarılmış həmin ərazi o vaxtdan başlayaraq “Qanlı dərə” adlandırılmışdır. İndiki gənc nəsil ulu əcdadlarımızın, babalarımızın qəhrəmanlıqlarını unutmur, Azərbaycan və ləzgi xalqları arasındakı möhkəm dostluq əlaqələrini yaşadaraq nəsildən-nəslə ötürürlər.

Cənab Prezident, Qusarda 31 mart soyqırımı artıq dörd ildir ki, yeni bir məkanda – 2009-cu ilin sentyabrında açılışında Sizin də iştirak etdiyiniz “İgid atlı” abidəsi önündə qeyd olunur. Bu abidə həmin döyüşlərdə qəhrəmanlıq göstərərək qələbə çalan, eləcə də şəhid olanların xatirəsinə böyük hörmət və ehtiramınızın ifadəsidir və daim bizə babalarımızın qəhrəmanlıqlarla dolu mübarizə yolunu xatırladır. Həmin illərin hadisələri xalqımız, tariximiz üçün böyük qəhrəmanlıq, igidlik səhifələridir. Biz – ölkənin bütün xalqları və millətləri birlik, ümumi düşmənə qarşı dəyanət nümayiş etdirib qələbə çalmağı bacarmışıq və əminəm ki, bundan sonra da bacaracağıq.

Möhtərəm cənab Prezident, ürəyim doludur. Qusardan da danışmaq istəyirəm. Uzun illər həsrətində olduğumuz arzular həyata keçir. Xəyallarımız gerçəkləşir. Bu gün Qusar özünün ən xoş çağlarını yaşayır, abad bir diyara, möhtəşəm turizm mərkəzinə çevrilir. Son bir neçə il ərzində salınan park və xiyabanlar, bir-birinin ardınca tikilərək istifadəyə verilən təhsil, səhiyyə və mədəniyyət obyektləri, sadalamaqla bitməyən tikinti və quruculuq işləri Qusarın görkəmini tamamilə dəyişib. Hazırda şəhərimizin küçə və meydanları nura qərq olub. Qabaqlar gediş-gəlişi çox çətin olan ucqar dağ kəndlərimizə rahat asfalt yollar çəkilib, körpülər salınıb. Kənd evlərimizin çoxunda mavi alov şölələnir.

Möhtərəm cənab Prezident, qarşısında durduğumuz bu memorial kompleks görünüşünə görə nadir bir abidədir və hər birimiz üçün həm acı xatirədir, həm də böyük fəxrdir. Mədəniyyətimizin və qəhrəmanlıq tariximizin inkişafına misilsiz töhfə verəcək bu abidə təbii ki, yetişməkdə olan gənc nəslin hərtərəfli və ahəngdar inkişafında, gənclərimizin mənəviyyatca zənginləşməsində, onların milli mədəni və mənəvi dəyərlər uğrunda tərbiyəsində böyük rol oynayacaqdır. Gələcəyimizə, yetişməkdə olan gənc nəslə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minnətdarlığımızı bildiririk. Sizi bütün qusarlılar adından əmin etmək istəyirik ki, göstərilən bu qayğıya cavab olaraq Vətənə bağlılığımızı hər zaman öz əməli işlərimizlə sübuta yetirəcəyik.

Möhtərəm cənab Prezident, biz var gücümüzlə çalışacağıq ki, bu ənənəni – rəşadət, sədaqət, dostluq, qardaşlıq ənənəsini bundan sonra da, gələcəkdə də davam etdirək və ən böyük qələbəmizi Qarabağda qeyd edək. Allah işinizi avand etsin.

X X X

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva soyqırımı qurbanlarının xatirəsinə ağac əkdilər.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Paylaş

Spread the love