• office@soyqirim.az
  • (023)335-37-07
Azərbaycanlıların soyqırımının 101-ci ildönümü ilə bağlı Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə konfrans keçirilib / 31 Mart, 2019

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A. Bakıxanov adına Tarix İnstitutu, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “31 Mart Azərbaycanlıların soyqırımı”nın 101-ci ildönümünə həsr edilmiş respublika elmi praktik konfransı təşkil edilmişdir. Konfransda Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun və dini konfessiyaların nümayəndələri iştirak etmişlər. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, daha sonra Memorial Kompleksdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılaraq, ruhlarına dualar oxunmuşdur. Kompleksin zalında konfrans iştirakçıları “31 mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilən foto və kitab sərgisi ilə tanış olmuşlar.Tədbir şagirdlərin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arazbarı” muğamıilə başlayaraq, sənədli filmin nümayişi ilə davam etmişdir.
Konfransda məruzə ilə çıxış edən Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirdi ki, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımının ağır nəticələrinin yenidən diqqət mərkəzinə çəkilməsi və bu barədə həqiqətlərin dünyaya çatdırılması baxımından təşkil olunan tədbirin əhəmiyyətinin çox böyük olduğunu vurğulamışdır. Mədəniyyət naziri cənab Əbülfəs Qarayev bildirmişdir ki, bu gün ziyarət etdiyimiz Quba Soyqırımı Memorial Kompleksi – xalqımıza qarşı törədilən soyqırımlarının simvoluna çevrilib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyyədin Əliyev, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı akademik Yaqub Mahmudov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, Milli Məclisin deputatları Vahid Əhmədov və Qənirə Paşayeva və başqaları məruzələrlə çıxış etdilər.
Ölkənin bütün bölgələrindən minlərlə insan 1918-ci il soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək məqsədi ilə Quba soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə əklil, tər çiçəklər qoyaraq faciə qurbanlarının xatirəsini ehtiramla yad etmişlər. Quba kütləvi məzarlığına insanların ziyarəti axşam saatlarına kimi davam etmişdir.

Paylaş

Spread the love