1918-ci il mart hadisələri zamanı Bakıda nəzarəti ələ keçirən ermənilər şəhərin əhalisi ilə yanaşı, xalqımızın mədəniyyət abidələrini də planlı və məqsədyönlü şəkildə məhv etmişlər. Bu möhtəşəm memarlıq abidələrindən biri də Bakının mərkəzi küçələrindən sayılan Nikolayev (İstiqlaliyyət) küçəsində yerləşən Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binasıdır.
1917-ci ildə Qafqaz Müsəlmanlarının qurultayı keçirildiyi bu binada Azərbaycana muxtariyyət verilməsi ideyası səslənmiş, istiqlal tariximizin müstəqillik uğrunda mübarizənin əsas qərargahına çevrilmişdir. 1918-ci ilin mart hadisələri zamanı ermənilər “İsmailiyyə” binasını qarət etmiş, sonra isə yandırmışlar. Törədilən yanğınlar zamanı binaya dəyən zərərlə yanaşı, sarayda fəaliyyət göstərən qurumların, o cümlədən sarayın öz arxivi yanaraq məhv edilmişdir. ”İsmailiyyə” binası Azərbaycan Xalq Cümhuriyyəti dövründə yenidən bərpa edilmiş, hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binası kimi fəaliyyət göstərir.