• office@soyqirim.az
  • (023)335-37-07
Arxiv sənədi.

Kompleksin muzeyində 1918-ci il hadisələri ilə bağlı dövrün ən vacib sənədlərindən hesab edilən Dəvəçinin (Şabran) Kilvar kəndinin 90 nəfər erməni əhalisi tərəfindən həyatlarının və əmlaklarının təhlükəsizliklərinin qorunması və onlara heç bir ziyan dəyməməsi ilə bağlı imzalanmış sənədin surəti nümayiş olunur. Bu sənəd ölkədə hökm sürən anarxiya və hərc-mərclik illərində Dəvəçi nahiyəsində qayda-qanunun və sabitliyin qorunmasına nəzarət edən, Quba qəzasının görkəmli nümayəndəsi, 1918 – 1920-ci illərdə Azərbaycan Parlamentinin üzvü olmuş Həmdulla Əfəndi Əfəndizadənin adı ilə bağlıdır. 1920-1921-ci illərdə Quba qəzasında sovet hakimiyyəti əleyhinə üsyanın başlanmasına səbəb olmuş və üsyanın yatırılmasında yüzlərlə qızıl əsgərin öldürülməsində təqsirli bilinən Həmdulla Əfəndi 1927-ci ilin avqustunda həbs edilərək Bakıya gətirilir və burada, Az.DSİ tərəfindən Az.SSR Cinayət Məcəlləsinin 76-cı maddəsi ilə – quldurluqda ittiham edilmişdir.

Həmin dövrdə Kilvar kəndinin erməni əhalisi Həmdulla Əfəndinin müdafiəsi üçün sənəd imzalamışdır. Sənəddə deyilir: “Biz, 1927-ci ilin 19 avqust tarixində, aşağıda imza edən Kilvar kəndinin sakinləri, öz imzamızla təsdiq edirik ki, Gələgah kəndinin sakini vətəndaş Həmdulla Əfəndiyev bizə qarşı həmişə xeyirxah olmuş, bizə xeyirdən başqa heç bir pisliyi dəyməmişdir; əlavə olaraq, 1905-ci ildə iğtişaşlar zamanı qonşu kəndlərə bizimlə daima dinc dolanmağı məsləhət görmüşdür və hər cür münaqişələrin qarşısı alınmışdır. 1918-ci ildən 1920-ci ilədək həm bizə, həm də bizim əmlakımıza toxunmağa heç kimə imkan verməmişdir. Ümumiyyətlə heç vaxt bizimlə qonşularımız arasında milli ədavət aparmamışdır. Bütün bu yuxarıdakı işləri o, mənfəət niyyəti ilə yox, açıq ürəkdən etmişdir. Bu səbəbdən biz, aşağıda imza edənlər, yuxarıda deyilənləri nəzərə almağınızı xahiş edirik və imzalayırıq”.
Sənədin yalnız imzalanması ilə kifayətlənməyən ermənilər Kilvar kənd Sovetinin sədri A. A. Ambarsumovdan həmin sənədin möhürlə təsdiqlənməsini xahiş etmişlər və bu xahiş yerinə yetirilmişdir.

Paylaş

Spread the love