• office@soyqirim.az
  • (023)335-37-07
Tarixdə bu gün: 11 yanvar 1920-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi Versal Sülh konfransında de-fakto tanınmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq keşməkeşli fəaliyyətinin uğurlu addımlarından biri də müstəqilliyinin bir çox ölkələr tərəfindən tanıdılması olmuşdur. Əlimərdan Bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh konfransına göndərilmiş nümayəndə heyəti dünyaya hürr yaşamaq istəyən, demokratik inkişaf yolunu tutan, dinindən, irqindən və millətindən asılı olmayaraq bütün insanlara hörmət və sayğı ilə yanaşan bir dövlətin – Azərbaycan dövlətinin mövcudluğu barədə məlumat vermişlər.
1920-ci ilin 11 yanvarında Dünya müharibəsinin yekunları ilə bağlı keçirilmiş Versal sülh konfransının Ali Şurasında Böyük Britaniyanın həmin dövrdəki xarici işlər naziri Lord Corc Nataniel Kerzonun təklifi ilə Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınması barədə qərar qəbul olundu. 15 yanvar 1920 ci il tarixində Paris Sülh konfransının rəsmi qərarı Ə.B.Topçubaşova təqdim edildikdən bir gün öncə yanvarın 14-də Azərbaycan Cümhuriyyətinin Baş naziri Nəsib Bəy Yusifbəyli vətəndaşlara müraciət edərək tanınma haqqında məlumat vermiş və bu münasibətlə 14 yanvar tarixində Azərbaycan Xalq Cümhuriyyətində qeyri-iş günü elan olunmuşdur.
Yanvarın 14-də Cümhuriyyətin de-fakto tanınması ilə əlaqədar Parlamentdə keçirilmiş təntənəli iclasda istiqlal yolunda həyatlarını qurban vermiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, daha sonra isə təbrik nitqləri söylənmişdir. İclasda təbrik çıxışı edən Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə nitqini bu sözlərlə bitirmişdir:”Azərbaycan xalqı öz istiqlalını dünyaya tanıtdı. Bir kərə yüksələn bayraq, bir daha enməz!”

Paylaş

Spread the love