• office@soyqirim.az
  • (023)335-37-07
Abidələrimizi tanıyaq, tanıdaq: İSA BULAĞI

İsa bulağı Qarabağın ən məşhur istirahət yerlərindəndir. Bulağın olduğu yer Şuşa şəhərindən o qədər də uzaq olmayan məsafədə, Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, çox gözəl mənzərəli qalın meşələr qoynunda yerləşən səfalı istirahət guşəsidir. İsa bulağının suyu həm soyuq, həm xeyirli, həm də göz yaşı kimi dumdurudur.
Rəvayətə görə, bulaq ilk dəfə XVIII əsrdə ərazinin qalın meşəlik hissəsində İsa adlı əkinçi tərəfindən tapılmış və elə onun da adını daşımışdır. İsa bulağı bir çox tarixi hadisələrin və buraya istirahətə gələn insanların şahidi olmuşdur. Zamanında yüz minlərlə insan bu bulaqdan su içməyə, bu yerlərin gözəlliklərindən zövq almağa gəlirdilər. Bulaq buraya səfər edənlərin o qədər xoşuna gəlmişdir ki, vaxtilə xalq arasında belə bir deyim də məşhurlaşmışdır: “İsa bulağında olmayan Şuşada olmayıb”.
Qarabağ təbiətinin təkrarolunmaz gözəlliyinə, onun nadir incilərindən olan ecazkar bulaqlarına həsr edilmiş çoxlu əsərlər vardır. Belə əsərlərdən biri sözləri Məmməd Rahimə, musiqisi isə Bahadur Hüseynova məxsus olan “İsa bulağı” mahnısıdır.
Çox təəsüf ki, 1992-ci il may ayının 8-də Şuşa şəhərinin Ermənistan ordusu tərəfindən işğal olması ilə xalqımıza bu əfsanəvi bulağın şəfalı suyundan içmək uzun müddət nəsib olmadı. Lakin II Qarabağ müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsindən sonra Şuşanın incisi, simvollarından biri olan İsa Bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilmişdir. Bulağın üstü mərmərdən hazırlanmış, adı isə milli ornamentlə yazılıb və su təminatı ilə tam təchiz edilmişdir.

Paylaş

Spread the love