Son günlər Kompleksin yaxınlığındakı ərazidə ayrı-ayrı şəxslər tərəfindən aparılan qanunsuz tikinti və qazıntı işləri ilə bağlı məsələyə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba Rayon İcra Hakimiyyəti, Quba rayon Polis Şöbəsi və rayonun digər aidiyyəti qurumları tərəfindən dərhal operativ reaksiya verilmiş, qanunsuz tikinti işlərinin qarşısı alınmış və ərazi öz əvvəlki vəziyyətinə gətirilmişdir.
Məsələ ilə əlaqədar müvafiq sənədlər toplanaraq Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə müraciət edilmişdir.
Qeyd edək ki, erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli 673№-li sərəncam imzalamışdır. Sərəncama müvafiq olaraq 2012-2013-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi” inşa edilmiş və 2013-cü il sentyabr ayının 18-də ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuşdur.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” beynəlxalq əhəmiyyətli, dövlət tərəfindən qorunan tarixi memarlıq qoruğudur. 1918-ci il azərbaycanlıların soyqırımı tarixini və erməni vandalizmini özündə əks etdirən yeganə ideoloji mərkəzdir.