Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd olunur. / 18 Oktyabr, 2022
1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin imzalanması ilə Azərbaycanın müstəqilliyi dünyaya bəyan edilmişdir. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cumhuriyyəti dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirmişdir. Təəssüf ki, baş vermiş ictimai-siyasi hadisələr, məqsədyönlü qətliamlarla müşahidə olunan hərbi təcavüzlər nəticəsində ilk Cumhuriyyətimiz suquta uğradılmışdır.
Azərbaycanın Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu nəticəsində mümkün olmuşdur. Belə ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilmişdir. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuşdur.
Bu təntənəli gündə istiqlaliyyət yolunda,vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizi dərin hörmətlə yad edir,uca ruhları qarşısında sayğı ilə baş əyirik.
Paylaş