“İstiqlal” muzeyi Azərbaycanın tarix və mədəniyyətini, milli bədii irsini təbliğ edən ilk dövlət muzeyi kimi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmışdır. Muzey 1919- cu il dekabrın 7-də Azərbaycanın görkəmli sənətşünas-alimi Məmməd Ağaoğlunun və Hüseyn bəy Mirzəcamalovun təşəbbüsü ilə təsis olunmuşdur. Yeddi mindən çox eksponatı olan “İstiqlal” muzeyinin fəaliyyəti 1920-ci ilin 28 aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra dayandırıldı.
Müstəqilliyimiz qazanıldıqdan sonra İstiqlal muzeyi 1991-ci il yanvarın 9-da yenidən fəaliyyətə başlayaraq ilk muzeyin mənəvi varisi oldu. Muzeyin bərpasında məqsəd Azərbaycan xalqının istiqlalı uğrunda apardığı mübarizənin mərhələlərini ardıcıl əks etdirməkdir. 20 mindən çox eksponatı olan muzeydə nadir sənədlər, fotoşəkillər, numizmatik kolleksiyalar, bədii əsərlər və digər əşyalar nümayiş olunur.