• qsmk@soyqirim.az
  • (023)336-37-07
KOMPLEKS HAQQINDA

Quba Soyqırımı Memorial Kompleksi
Quba Soyqırımı Memorial Kompleksi

Kompleks 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli 673№-li sərəncam imzalamışdır. Sərəncama müvafiq olaraq 2012-2013-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi” inşa edilmiş və 2013-cü il sentyabr ayının 18-də Prezident cənab İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuşdur.

Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir.

Struktur

Kompleksin 5 hissəsi

Xatirə abidəsi - kütləvi məzarlıq
Xatirə abidəsi - əlavə görüntü
I hissə

Xatirə abidəsi (kütləvi məzarlıq)

2007-ci ilin aprel ayında Quba şəhərinin şimal-qərb hissəsində, Qudyalçayın sağ sahilində yerləşən şəhər stadionunda təmir-qazıntı işləri apararkən kütləvi məzarlıq aşkar edildi. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası bu məsələyə dolğun aydınlıq gətirilməsi üçün məzarlıqda daha geniş şəkildə tədqiqat işləri aparılmasını məsləhət bilmişdir. 2007-ci ilin iyul ayından etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun 7 nəfərdən ibarət elmi heyəti tərəfindən kütləvi məzarlıqda tədqiqat işlərinə başlanmış, 2008-ci ilin sentyabr ayında isə tədqiqat işləri başa çatdırılmışdır. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Araşdırmalar nəticəsində aşkar edilmiş kütləvi məzarlığın 1918-ci ildə bolşevik-daşnak erməni quldur hərbi dəstələri tərəfindən soyqırıma məruz qalmış yerli dinc əhaliyə aid olduğu müəyyən edilmişdir. Məzarlıqda 500-dək insan kəlləsi-onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Tapılan kütləvi məzarlıq erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin əyani sübutu idi.

Açıq şəkildə nümayiş olunan kütləvi məzarlıqda sürüşmə hallarının aktivləşməsi, eroziyaya uğraması və təbii proseslər nəticəsində insan sümüklərinin çürüməsi səbəbindən 2018-ci ilin mart ayında şəriət qaydalarına uyğun dəfn edilmiş və üzərində xatirə abidəsi ucaldılmışdır.

Simvolik məzarlıq
II hissə

Simvolik məzarlıq

Kompleksin bu hissəsində qədimdən bəri Qubanın rəmzi və həyat simvolu sayılan alma ağacları əkilmişdir. Alma bağında 1918-ci il faciəsinin qurbanları – qadınlar, gənclər, uşaqlar və qocaların xatirəsinə ehtiram əlaməti olaraq, üç yaş qrupu (kiçik, orta və yaşlı) üzrə üç fərqli ölçüdə 40 ədəd simvolik mərmər daş yerləşdirilmişdir.

Soyqırımı muzeyi
III hissə

Soyqırımı muzeyi

Muzey 3 hissədən ibarətdir:

Təsirli tərtibata malik kompleksin memarlıq üslubu və muzeydə nümayiş etdirilən eksponatlar böyük rəmzi məna daşıyır, xalqımızın zəngin tarixini əks etdirir.

Soyqırımı qurbanlarının xatirəsinə dərin hörmət əlaməti olaraq yaşanmış faciənin miqyası, ağırlığı və əzabı memar Vahid Kasımoğlu tərəfindən sadə və bəzəksiz formada ifadə edilmiş, bununla da matəm sükutu təcəssüm etdirilmişdir. Muzeyin yerin altından üzə çıxan görünüşü tarixin gizlədilməsinin mümkünsüzlüyünü, iti uclu bıçaq elementləri isə ürəkləri parçalayan şiddəti simvolizə edir.

Muzeyin girişi
III hissə / 01

Giriş – Dinc Quba

Muzeyin giriş hissəsində yerləşən ekspozisiya “Dinc Quba” adlanır. Bu hissədə XX əsrin əvvələrində Quba qəzasının sakinlərinin və şəhərin görüntüləri verilir. Fotoşəkillər Quba qəzasının əhalisinin dövlət qulluqçuları, din xadimləri, məktəb uşaqları, qadınlar və digər nahiyə və kənd sakinlərinin: iş başında, məişətdə, ailədə və istirahət zamanı çəkilib. Quba qəzasında azərbaycanlı türklərlə yanaşı başqa millətlərin və etnik qrupların nümayəndələri də kompakt şəkildə yaşayıblar. Qəzanın müxtəlif milli-etnik və dini əhalisi arasında dinc qonşuluq münasibətləri əsrlərlə qorunub saxlanılıb. Bu da xalqımızın multikulturalizm ənənəsinə həmişə sadiq olduğunu göstərən amildir. Giriş hissəsi “Azərbaycan” qəzetinin 8 dekabr 1918-ci il epiqrafı ilə başa çatır.

Xatirə daşı
III hissə / 02

Əsas zal – Xatirə daşı

Azərbaycanın müxtəlif qəzalarında baş vermiş soyqırımlar zamanı qəddarlıqla qətlə yetirilmiş, əksəriyyəti yandırılmış, dənizə və quyulara atılaraq dəfn olunmamış insanların xatirəsini əbədiləşdirmək məqsədilə zalın mərkəzində qara mərmərdən ucaldılmış abidə faciə qurbanlarına dərin hörmətin rəmzidir.

Həmçinin muzeyin əsas zalında Fövqəladə Təhqiqat Komissiyası tərəfindən toplanmış sənədlərə əsasən Bakı şəhəri və Bakı quberniyasının müxtəlif qəzalarında Şamaxı, Quba, Cavad, Göyçay və digər ərazilərdə baş vermiş soyqırımları əks etdirən ekspozisiyalar nümayiş olunur.

Əsas zal

Ekspozisiyalar

Fövqəladə Təhqiqat Komissiyası
Əsas zal ekspozisiyası

Fövqəladə Təhqiqat Komissiyası

Zalın giriş hissəsində Fövqəladə Təhqiqat Komissiyasının (FTK) üzvlərinin fotoşəkilləri (F.Xoyski, M.Hacınski, X. Xasməmmədov, Ə. Xasməmmədov, İ. Şahmalıyev, M. Təkinski, N. Mixaylov, Ə. Xanbudaqov) və sənədlər nümayiş olunub. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti ölkədə baş verən qanlı hadisələrə münasibət bildirməyi zəruri saymış və Birinci Dünya müharibəsi başlandığı vaxtdan bolşevik adı altında erməni quldur dəstələri tərəfindən müsəlman əhalisinə və mülkiyyətinə qarşı törədilən zorakılıq hallarını araşdırmaq məqsədilə 1918-ci il 15 iyul tarixində Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. FTK-nın sədri tanınmış hüquqşünas Ələkbər bəy Xasməmmədov idi. Komissiya 7 nəfərlik tərkiblə təsis edilsə də, sonralar Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə orqanlarının digər nümayəndələri işə cəlb edilmişdir. FTK-nın tərkibi çoxmillətli olmaqla, əsasən, polyak, rus, alman, litva tatarı və Rusiyada təhsil almış hüquqşünas azərbaycanlılardan ibarət idi. Fəaliyyət göstərdiyi dövr ərzində 15 iyul 1918-ci ildən, 1 noyabr 1919-cu ilə qədər FTK tərəfindən 36 cilddən ibarət istintaq materialı toplanmışdır. Bakı, Şamaxı, Quba, Göyçay, Cavad, Nuxa, Lənkəran qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda ermənilər tərəfindən törədilmiş amansız cinayətlər araşdırılmışdır. FTK-nın fəaliyyətinin yekunu olaraq 128 məruzə və qərar layihəsi hazırlanmış, onların əsasında müxtəlif cinayətlərdə müqəssir bilinən 194 şəxsə qarşı cinayət işi qaldırılmışdır.

Xəritə
Əsas zal ekspozisiyası

Xəritə

Növbəti ekspozisiyada 1918-ci ildə soyqırımlar törədilən bölgələrin qırmızı nişanlarla qeyd olunduğu, 1918–1920-ci illəri əhatə edən Azərbaycanın xəritəsi nümayiş etdirilir. Bununla yanaşı, Azərbaycan tarixi haqqında qısa məlumat verən lövhələr azərbaycan, rus, türk və ingilis dillərində təqdim olunaraq ziyarətçilərə çatdırılır.

Fərman
Əsas zal ekspozisiyası

Fərman

Sonrakı ekspozisiyada AXC-nin varisi olan Azərbaycan Respublikası bu gün həmin işi axıra qədər həyata keçirə bilmədiyi və məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul etmiş, müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin fotoşəkili və “31 Mart Azərbaycanlıların soyqırımı” haqqında verdiyi 26 mart 1998-ci il fərmanı (3 dildə) (azərbaycan, rus, ingilis) öz əksini tapmışdır.

Quba qəzası
Əsas zal ekspozisiyası

Quba qəzası

Muzey qaleriyasının bütöv bir divarını Quba qəzasına həsr edilmiş 4 bölmədən ibarət ekspozisiyalar təşkil edir. Birinci bölmədə inzibati ərazi vahidi olan Qubanın 1918-ci il tarixi üçün vəziyyəti əks olunmuşdur. Quba qəzası (Quba, Qusar, Şabran, Xaçmaz, Siyəzən) çar Rusiyası, AXC, Az. SSR dövrünün 1929-cu il tarixinə qədər mövcud olmuşdur. 1918-ci ildə Quba qəzasında baş verən soyqırımları xüsusi qırmızı işarələrlə xəritədə qeyd olunmuşdur. İlkin məlumatlara görə, qəzada 122 kəndin talanlara və dağıntılara məruz qalması qeyd olunsa da, daha dəqiq aparılmış təhqiqatlar nəticəsində bu kəndlərin sayı 167 olduğu sübut olunmuşdur. Quba şəhəri və ətraf kəndlərində 38, Qusarda 27, Xaçmazda 65, Şabranda 21, Siyəzəndə 16 yaşayış məntəqəsi dağıdılmışdır.

Quba qəzasının əhalisi
Əsas zal ekspozisiyası

Quba qəzasının əhalisi

1918-ci ilə qədərki Quba qəzasının əhalisinin yaşayışı haqqında geniş məlumat verilmişdir. 1916-cı il məlumatlarına görə Quba qəzasının 198.204 nəfər əhalisinin 64,15%-ni azərbaycanlılar və tatlar, 24,72%-ni ləzgilər, qrızlılar, buduqlular, ceklilər, avarlar və s., 7,58%-ni yəhudilər, 2,71%-ni ruslar, 0,76%-ni ermənilər təşkil edirdi. Bu guşədə müxtəlif millətlərin və etnik qrupların fotoşəkilləri əks olunmuşdur.

FTK
Əsas zal ekspozisiyası

Şahid ifadələri

Fövqəladə Təhqiqat Komissiyası Quba qəzasında törədilmiş dağıntılar, zorakılıq və soyqırımı faktlarının qısa təfsilatı, sənədlər və bu hadisələrin canlı şahidlərinin fotoşəkilləri, dindirilmə protokolları nümayiş olunmuşdur.

Müdafiəçilər
Əsas zal ekspozisiyası

Müdafiəçilər

Dördüncü bölmədə Quba qəzasının müdafiəçiləri haqqında məlumat verilir. Bakı Sovetinin rəhbəri S. Şaumyanın göstərişi ilə Hamazaspın 3 min nəfərlik erməni quldur dəstəsi 1918-ci ilin aprel ayının sonundan may ayının ortalarınadək, iki həftə ərzində, Quba qəzasında amansız qətllər və qarətlər törətmişdir. Türklərə xüsusi nifrət bəsləyən Hamazaspın əsas məqsədi cəza tədbirləri həyata keçirmək və müsəlman əhalinin sayını məqsədli şəkildə azaltmaq idi. Onun dəstələri uşaq, qadın, qoca demədən insanları xüsusi qəddarlıqla qətlə yetirmiş, cəsədləri eybəcər hala salmış, meyitlərin dəfninə belə imkan verməmişdir.

Ekspozisiyada azərbaycanlıların ən ağır və faciəli şəraitdə belə öz humanist dəyərlərinə sadiq qalaraq tolerantlıq nümayiş etdirdiyini əks etdirən sənəd də yer alır. Dəvəçinin (indiki Şabran rayonu) Kilvar kəndinin 90 erməni sakini tərəfindən imzalanıb möhürlənmiş bu sənəd Həmdulla Əfəndi Əfəndizadənin onları müdafiə etməsi və həyatlarını təhlükədən qoruması faktını təsdiqləyir, insanlıq nümunəsi kimi təqdim olunur.

Burada həmçinin Quba qəzasının müdafiəçilərinin — Ə. Zizikski, H. Əfəndizadə, Ş. Əfəndizadə, M. İbrahimov və başqalarının fotoşəkilləri təqdim olunur. Müdafiə dəstələrinin daşnak-ermənilərlə apardığı mübarizədən bəhs edilir, eləcə də şiddətli döyüşlərin getdiyi Digah və Xucbala kəndləri arasındakı “Qanlı dərə”nin görüntüsü verilir.

Paris sülh konfransı
Əsas zal ekspozisiyası

Paris sülh konfransı

Növbəti ekspozisiyada 1919-cu il Paris sülh konfransında iştirak edən nümayəndə heyətinin fotoşəkilləri (Ə. Topçubaşov-sədr, A. Atamalıbəyov, Y. Mehdiyev, C. Hacıbəyli, Ə. Şeyxülislamov, M. Məhərrəmov), eləcə də AXC sərhədlərini göstərən Qafqazın tarixi xəritələri (fransız və osmanlı türkcəsində) verilmişdir. Heyətin əsas məqsədi Azərbaycanı müstəqil dövlət kimi tanıtmaqla yanaşı, Azərbaycan xalqına qarşı 1918-ci ildə erməni-daşnaklarının törətdikləri cinayətlərin dünya ictimaiyyətinə çatdırmaqdan ibarət idi. Bu məqsədlə FTK-nın materiallarının bir hissəsi Azərbaycan Xarici İşlər Nazirliyinin xətti ilə Parisə nümayəndə heyəti ilə göndərilmişdir. Bu materiallar Bakı, Şamaxı, Quba, Göyçay, Cavad qəzalarında 1918-ci ildə baş verən soyqırımları əks etdirən 6 cild sənədlər toplusundan və 102 fotoşəkildən ibarət idi. Azərbaycan nümayəndə heyəti öz üzərinə qoyulan vəzifəni yerinə yetirmiş, sənədlərin surətləri böyük dövlətlərin başçılarına və müxtəlif beynəlxalq təşkilatlara təqdim edilmişdir. Bakıdan Parisə göndərilən bütün materiallar tarix elmləri doktoru, professor Solmaz Rüstəmova (Tohidi) tərəfindən 2011-ci ildə Fransada Topçubaşovun şəxsi arxivindən tapılmış və 94 ildən sonra vətənə qaytarılmışdır. Həmin sənəd və fotoşəkillərin surətləri muzeyin ekspozisiyasında orijinalda olduğu kimi verilmişdir. Soyqırımı hadisələrini əks etdirən sənədli film zalda davamlı olaraq nümayiş olunur.

Dəmir tablo
Əsas zal ekspozisiyası

Simalar

Növbəti ekspozisiyada bədii tətbiqi sənətin nümunəsində verilən dəmir tabloda müasir insan simaları verilmişdir. Bu simalar gənc və yaşlı nəsilləri təcəssüm etdirir. Simalarda sezilən baxışlar müxtəlifdir. Əgər gənc simaların baxışlarında təəccüb, heyrət, qorxu hiss olunursa, yaşlı nəsilə aid simalarda bir o qədər kin, kədər, acı hissləri əks olunub.

Məlumat
Əsas zal ekspozisiyası

Soyqırım icraçıları

Sıradakı ekspozisiyada 1918-ci ildə törədilən soyqırımların rəhbərləri və icraçılarının adları (Şaumuyan, Hamazasp, Korqanov, Andranik, Lalayan, Mikoyan və s.), onların həyata keçirdiyi soyqırımı siyasətinin mahiyyəti haqqında məlumat verilmişdir.

Silahlar
Əsas zal ekspozisiyası

Silahlar

Azərbaycana “Böyük Ermənistan” dövləti üçün potensial ərazi kimi baxan və eyni zamanda müsəlman əhalisini regionda soyqırımlar törətmək yolu ilə maksimum azaltmaq məqsədi güdən ermənilər, istədiklərinə nail olmaq üçün bütün vasitələrdən istifadə edirdilər. Bu planı reallaşdırmağa çalışan Bakı Sovetinin rəhbəri Şaumyan, bütün Qafqazın erməni qüvvələrinin, o cümlədən “Daşnaksutyun” partiyasının üzvləri ilə sıx əməkdaşlıq edirdi. Ona verilmiş səlahiyyətlərdən sui-istifadə edərək, Azərbaycanın müxtəlif bölgələrində xüsusi qəddarlıqla cəza tədbirləri həyata keçirdi. Beləliklə, 1918-ci il faciəli hadisələrin bolşevik-daşnak tandemi tərəfindən həyata keçirilmişdir. 1918-ci il mart ayından başlayaraq müsəlman əhalisinin kütləvi qırğınlarını 70% erməni əsgərlərindən ibarət olan, erməni zabitlərinin rəhbərlik etdiyi qoşunlar tərəfindən törədilmişdir. Azərbaycanda soyqırımı törədən erməni silahlı dəstələrinin rəhbər və icraçılarının konkret şəxsiyyətlərinin məlum olması, bu faciənin guya “erməni qara camaatı” tərəfindən törədildiyi barədə iddiaları təkzib edir. Guşədə həmçinin erməni quldurlarının həmin dövrdə soyqırımlar zamanı istifadə etdikləri soyuq, odlu silah nümunələri, işgəncə alətləri nümayiş olunmuşdur.

Cavad qəzası
Əsas zal ekspozisiyası

Cavad qəzası

Bakı quberniyası qəzaları mövzusu Cavad qəzasına aid ekspozisiya ilə davam edir. Cavad qəzası indiki Salyan, Saatlı, İmişli, Sabirabad, Cəlilabad rayonlarının ərazisini əhatə edirdi. Cavad qəzasına aid ekspozisiyanın mətn hissəsində qəzanın və əhalinin tərkibi haqqında məlumat verilmişdir. Qəzada 1918-ci ilin mart-iyun aylarının ortalarına qədər ermənilər tərəfindən müsəlman əhalisinə qarşı soyqırımı baş vermiş, həmin ilin aprelində Salyan bolşeviklərin nəzarətinə keçdikdən sonra bu qəzanın dinc əhalisi daha çox təqiblərə məruz qalmışdı. Bu vəziyyət torpaqlarımızın Azərbaycan-Türk qoşunları azad edənədək davam etmişdir. FTK-nın fəaliyyəti zamanı müsəlman kəndlərinin bir hissəsi hələ də ermənilərin nəzarəti altında olduğu üçün kəndlərə dəymiş ziyanın miqdarını və qətlə yetirilənlərin dəqiq siyahısını əldə etmək mümkün olmamışdır. Lakin ermənilərin yerli müsəlman əhaliyə qarşı törətdikləri vəhşiliklərinin, vandalizmin miqyasını təsəvvür etmək çətin deyildi. Bu baxımdan, ekspozisiyada yer almış Cavad qəzasının Xocalı kəndinin sakini 18 yaşlı Sürəyya Məşədi Dadaş qızına aid dindirilmə və məhkəmə-tibbi müayinənin protokoluna baxmaq kifayətdir. Qətllər xüsusi qəddarlıqla müşayiət olunmuşdur: insanları süngülərə keçirmiş, xəncərlə doğramış, başlarını kəsmiş və yandırmışlar.

Göyçay qəzası
Əsas zal ekspozisiyası

Göyçay qəzası

1918-ci ildə AXC Bakı quberniyasının tərkibində inzibati-ərazi vahidi olmaqla indiki Göyçay, Kürdəmir, Zərdab rayonlarının ərazisini əhatə edirdi. Ekspozisiyada qəzanın inzibati ərazisində əhalinin milli-dini tərkibi (müsəlman, erməni, rus, yəhudi) haqqında məlumat verilmişdir. Göyçay ərazisindən bir neçə dəmiryol stansiyalarının keçməsi hələ I Dünya müharibəsində gedən və qayıdan erməni silahlı dəstələrinin bu bölgəyə hücumunu asanlaşdırırdı. 1918-ci il iyun ayından isə bolşevik hakimiyyəti qurmaq adı ilə ermənilər daha da azğınlaşdı. Belə ki, Ərəb-Mehdibəy kəndində 84 mülk yandırılmış, əmlakı qarət edilmiş, 83 nəfər öldürülmüşdür. Cəhri kəndinin 20 sakini isə öldürülməmişdən öncə dözülməz işgəncələrə məruz qalmışdır. Burunları, qulaqları kəsilmiş, kəllə sümükləri sındırılmışdır. Eyni vəhşiliklər Kürdəmir kəndində də baş vermişdir. FTK-nın həmin bölgədə apardığı təhqiqat sənədləri, yandırılmış kənd məscidlərinin, şəxsi mülklərin, evlərin, insan cəsədlərinin fotoşəkilləri lövhədə öz əksini tapmışdır. Yalnız 1918-ci il 16-30 iyun tarixlərində Göyçay qəsəbəsi və Qaraməryəm kəndi istiqamətində gedən döyüşlərdə BXKS-nin ordusu ilə Qafqaz İslam ordusu arasında baş vermiş həlledici döyüşlər nəticəsində torpaqlarımızın bolşevik-daşnak qüvvələrindən azad olunması başlanmışdır.

Şamaxı qəzası
Əsas zal ekspozisiyası

Şamaxı qəzası

İnzibati-ərazi vahid olmaqla indiki Şamaxı, Ağsu, İsmayıllı, Qobustan, Hacıqabul rayonlarının ərazilərini əhatə edirdi. Digər qəzalarda olduğu kimi, Şamaxı qəzasının əhalisinin də tərkibi milli-dini mənşəyinə görə müxtəlif idi. Qəzada müsəlman əhalisinin çoxluq təşkil etməsinə baxmayaraq gözlənilmədən erməni-bolşeviklərin hücumuna məruz qalması nəticəsində görülməmiş vəhşiliklərlə üzləşmişlər. Şamaxı soyqırımları Bakıda baş verən hadisələrlə eyni vaxtda başlamış, mart-aprel aylarında Şamaxı şəhəri 2 dəfə, qəzanın 110 kəndi isə bir neçə dəfə talanlara məruz qalmışdır. Bolşevik-daşnak quldurlarının Şamaxı şəhərində törətdikləri soyqırımları bir neçə gün davam etmiş, zəngin müsəlmanlara məxsus “Piran-Şirvan” yaşayış məhəlləsi yanğınla tamamilə məhv edilmişdir. Mart qırğınlarından sonra ürəkləri soyumayan ermənilər aprelin 10-da S. Lalayevin və T. Əmirovun başçılığı ilə şəhərə yenidən basqın etmişlər. Şamaxının dini ocaqları, həmçinin 8 əsrlik tarixi olan “Cümə məscidi” yandırılmış və dağıdılmışdır. Bu dövr ərzində ümumilikdə Şamaxı qəzasının 106 kəndi ermənilər tərəfindən viran qoyulmuş, 10341 nəfər öldürülmüşdür. Həmin faktlar fotoşəkillərlə ekspozisiyada nümayiş olunmuşdur.

Bakı qəzası
Əsas zal ekspozisiyası

Bakı qəzası

Bakı quberniyasının qəzaları mövzusu Bakı qəzasına aid ekspozisiya ilə yekunlaşır. 1918-ci il soyqırımı başlandığı Bakı şəhərində həmin hadisələri şərtləndirən amillər və mart soyqırımları haqqında məlumat verilmişdir. 442.097 nəfərlik əhalisi olan Bakı qəzası özünün çoxmillətli tərkibi ilə seçilirdi. Bakı şəhəri əhalisinin iki əsrlik köçürmə siyasəti və neft sənayesinin XIX əsrin 2-ci yarısından inkişafı ilə əlaqədar gəlmələrin hesabına artmasına baxmayaraq müsəlman, əsas da azərbaycanlılar əhalinin böyük əksəriyyətini təşkil edirdi. Ekspozisiyada Bakı qəzasının xəritəsi, əhalinin milli-dini tərkibinə aid diaqram, soyqırımda ziyan çəkmiş sakinlərin fotoşəkilləri və dindirilmə protokolları verilmişdir. Azərbaycan xalqının milli-azadlıq hərəkatına zərbə vurmaq, “Müsavat” partiyasının sosial bazasını məhv etmək, müsəlman əhalinin sayını maksimum azaltmaq niyyətində olan bolşevik-daşnak qüvvələri hərəkətə keçmişlər. 1918-ci ilin mart ayının 26-da “Evelina” gəmisinin azərbaycanlılardan ibarət əsas heyətinin tərkisilah olunması ilə bağlı təxribat on minlik bolşevik erməni ordusunun müsəlman qırğınlarını həyata keçirməsi üçün bəhanə oldu. Şəhərin dinc müsəlman əhalisinin 12 min nəfəri 3 gün ərzində (30 mart-02 aprel) vəhşicəsinə qətlə yetirilmişdir. Öldürülənlər arasında qadın, qoca, uşaqların olması guya şəhərdə “vətəndaş müharibəsi” getdiyi barədə iddiaları inkar edir, qırğınların kütləvi şəkildə müsəlman əhaliyə qarşı olduğunu sübut edirdi. Erməni “Daşnaksutyun”, erməni Milli Şurası və bolşevik cəlladlarının rəhbərliyi ilə keçirilən qırğınlarda azərbaycanlı əhalisinin bütün təbəqələri zorakılığın, haqsızlığın, talanların qurbanları olmuşlar. Bakının “Kərpicxana”, “Məmmədli” və s. məhəllələri, “Təzəpir”, “Şah”, “Şamaxı”, “Hacı Əjdər bəy”, “Bibiheybət” məscidlərini, “Kaspi”, “Açıq söz” qəzetlərinin redaksiyaları, “İskəndəriyyə”, “İslamiyyə” mehmanxanalarının binaları dağıdılmış və yandırılmışdır. Ekspozisiyada adı çəkilən bir çox yerlərin fotoşəkilləri verilmişdir. 1918-ci il mart-sentyabr aylarında Bakıda baş verən soyqırımlar Bakı kəndlərində də törədilmişdir. (Məhəmmədli, Əhmədli, Balaxanı, Zarat, Sabunçu, Xırdalan və s.) Bakı qəzasında dəymiş ziyanın ümumi məbləği təxminən 400 000 000 rubl təşkil edirdi.

Çıxış
III hissə / 03

Çıxış

Muzeyin çıxış hissəsində dövlət xadimlərinin, görkəmli şəxslərin, mətbuat orqanlarının 1918-ci ildə Azərbaycanda, erməni quldur dəstələri tərəfindən törədilmiş soyqırımı hadisələrinə münasibətini bildirən ekspozisiyalar nümayiş olunmuşdur.

Muzeyin çıxışı

Ekspozisiyalar

Toplu məzarlıq
Çıxış ekspozisiyası

Toplu məzarlıq

1-ci vitrində 2007-ci ildə tikinti zamanı aşkarlanmış məzarlığın görüntüləri verilmişdir.

Məqalələr - 1
Məqalələr - 2

Çıxış ekspozisiyası

Məqalələr

2-ci və 3-cü divar vitrində 1918-ci ildə Azərbaycanda baş vermiş soyqırımları haqqında dövrün tanınmış şəxslərinin və mətbuat məlumatları öz əksini tapmışdır. M.Ə.Rəsulzadə, Ü. Hacıbəyli, M.H. Əbdülsəlimzadənin “Azərbaycan” qəzetinin (1919-cu il, 31 mart) 147-ci nömrəsində hadisələrə münasibət bildirən məqalə, şeirlər, fotoşəkillər və nüsxələrin surəti nümayiş olunmuşdur. Həmçinin “İstiqlal”, “Qardaş qayğısı” (Tiflisdə nəşr olunub), “Naş qolos” və s. qəzetlər də öz səhifələrində soyqırımı hadisələrini işıqlandırmışdır.

Məqalələr və sənədlər - 1
Məqalələr və sənədlər - 2

Çıxış ekspozisiyası

Dövlət xadimləri

4-cü divar vitrində Cənubi Azərbaycandan olan soydaşımız, görkəmli dövlət xadimi S.C. Cavadzadənin (Pişəvəri), “Ajir” (Tehran) qəzetində yazdığı məqalənin bir hissəsi, 1918-ci ildə İranın Azərbaycandakı konsulu Səid Məhəmməd Əl-Vəzarə Marağeyinin dəhşətli hadisələrlə bağlı təəssüratları verilmişdir. Vitrində həmçinin ingilis generalı L.Ç. Denstervilin, 1918-ci ildə B.Britaniyanın Bakıdakı vitse-konsulu R. Makdonellin baş vermiş faciələrlə bağlı yazılmış sənədlərin surəti verilmişdir.

Məqalə
Çıxış ekspozisiyası

Qafqaz İslam Ordusu

5-ci divar vitrin Türk-Azərbaycan Qafqaz İslam ordusuna həsr olunmuş ekspozisiyası ilə bitir. AXC hökuməti müsəlman əhalisinə qarşı kütləvi soyqırımın qarşısını almaq üçün bir sıra tədbirlər görmüşdür. Hökumətin əsas məqsədi hakimiyyəti bütün Azərbaycan ərazisində bərqərar etmək və torpaqlarımızı düşmən tapdağından azad etmək idi. Yeni yaranmaqda olan Azərbaycan Milli ordusunun və Osmanlı Türkiyəsinin silahlı qüvvələrindən təşkil olunmuş Qafqaz İslam ordusu Gəncədə separatçı ermənilərin tərkisilah edilməsində, Göyçay qəzasında Qaraməryəm, Kürdəmir, Şamaxı qəzası ərazisində, nəhayət Bakı ətrafında gedən döyüşlərdə sürətlə əks hücuma keçərək bolşevik-daşnak qüvvələrini ağır məğlubiyyətə uğratmışlar. Qafqaz İslam ordusunun zəfər yürüşü 1918-ci il sentyabrın 15-də Bakı şəhərinin azad olunması ilə başa çatdı. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin əsasını qoymuş, Azərbaycan xalqının erməni-bolşevik əsarətindən azad olunması ilə nəticələnmişdir. Bu vitrində Qafqaz İslam ordusunun Azərbaycan torpaqlarını azad etmək yürüşünü əks etdirən fotoşəkillərlə başlayır. Həmçinin türk və azərbaycan zabit və əsgərlərinin ümumi, kiçik dəstələr və tək-tək şəkilləri, Türk qoşunlarının komandanı Nuru Paşa ilə Azərbaycan hərbi birləşmələrinin komandanı general-leytenant Əliağa Şıxlinskinin fotoşəkilləri ilə davam etmişdir.

Məlumat
Çıxış ekspozisiyası

Hərbi parad

Ekspozisiya 1918-ci il sentyabrın 15-də Bakının azad edilməsi münasibətilə keçirilmiş hərbi yürüşün görüntülərini əks etdirən fotoşəkillə tamamlanır. Muzeyin sonuncu ekspozisiyasının Azərbaycan Milli Ordusuna həsr edilmiş foto-sənədlərlə bitməsi 1918-ci il soyqırımlarına məhz ordu tərəfindən son qoyulması kimi tarixi həqiqətlə yekunlaşmır. Əslində, bu, bir daha onu təsdiqləyir ki, Azərbaycan dövlətinin suverenliyini, ərazi bütövlüyünü, xalqımızın qorxusuz, təhlükəsiz yaşaması üçün onu həmişə qoruyan güclü ordusu olmalıdır. Yaşanan faciə bunu bir daha sübut etdi. Tarixdən alınan bu dərs gələcək nəsillər üçün ibrətdir.

Bayraq meydanı
IV hissə

Bayraq meydanı

Quba “Soyqırımı Memorial Kompleksi”nin “Bayraq meydanında” Azərbaycan Respublikasının üç rəngli bayrağı 20 metr hündürlükdə dalğalanır.

İnformasiya mərkəzi - 1
V hissə

İnformasiya mərkəzi

Kompleksin Məlumat Mərkəzinə gələn ziyarətçilər üçün Heydər Əliyev Fondu tərəfindən müasir avadanlıqlarla təchiz olunmuş zəngin kitabxana, oxu zalı, audiobələdçi və 1918-ci ildə Azərbaycan qəzalarında baş verən soyqırımı tarixi faktlarını əks etdirən üç dildə 16 adda buklet və kitablardan istifadə etmək üçün şərait yaradılmışdır.

Əlavə olaraq kompleksdə ödənişsiz, 4 dildə (Azərbaycan, ingilis, rus, ərəb) bələdçilik xidməti mövcuddur.

Paylaş

Spread the love