fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
1918-ci il soyqırımı-Quba qəzası

1918-ci il qanlı mart hadisələrindən sonra bolşeviklər Sovet hakimiyyətini genişləndirmək məqsədi ilə D. Gelovanini Quba qəzasına göndərmişlər.
Quba sakinləri, Bakıda və Şamaxıda baş vermiş qanlı toqquşmalardan və bu qəzaların şəhər və kəndlərinin müsəlman əhalisi üzərində erməni daşnakları tərəfindən törədilmiş zorakılıqlardan xəbərdar idilər. Sovet hakimiyyətini tanımaq və ona tabe olmaq haqqında Gelovani tərəfindən irəli sürülən ultimatum qəbul edilməyəcəyi təqdirdə, artıq bütün şəhəri təhlükə gözləyirdi.
Quba sakinləri ultimatumu qəbul etmiş və 8 gün Sovet hakimiyyəti altında yaşamışlar. Qubada Sovet hakimiyyətinin 9-cu günü qəzanın əsasən yerli sakinlərindən ibarət silahlı dəstələrin hücumu başlamışdır. Gelovaniyə kömək etmək məqsədilə Xaçmazdan 2 topla birlikdə Ağacanyanın rəhbərlik etdiyi və yalnız ermənilərdən ibarət olan 150 nəfərlik hərbi dəstək gəlmişdir. ümumilikdə 600 nəfərdən yuxarı bolşevik ermənilərin olduğu silahlılara qarşı üç gün davam edən şiddətli döyüşlərdən sonra yerli dəstələr bolşeviklərin ilk “komandasını” Qubadan qovub çıxarmışlar.
Həmin günlərdə Quba qəzası ictimaiyyətinin görkəmli xadimləri – Əli bəy Zizikski, Həmdulla Əfəndi Əfəndizadə, Əliabbas bəy Əlibəyov, Şıxlar bəylərindən – Mürsəl bəy və İbrahim bəy, Möhübəli Əfəndi Kuzunlu, Hətəm ağa Cağarvi, Bəybala bəy Alpanlı və digərləri xüsusi süvari bölmələr yaradaraq Quba qəzasının müdafiəsini təşkil etmişdilər.
Bu hadisələrə cavab olaraq, 1918-ci il may ayının 1-də Hamazaspın komandanlığı altında 3 minlik erməni ordusu üç tərəfdən Quba şəhərinə daxil olaraq 4 qərargah yaratmış, qəzanın azərbaycan əhalisi ilə yanaşı burada yaşayan etnik qrupların nümayəndələri, o cümlədən yəhudi əhalisi toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutularaq vəhşicəsinə qətlə yetirilmişlər.
Hamazaspın məqsədi yeni hakimiyyətin qurulması deyil, sırf cəza missiyasını yerinə yetirdiyi qəza sakinlərində heç bir şübhə doğurmurdu. Hamazasp şəxsən özü qubalıları Cümə məscidinin qarşısındakı meydana toplayaraq onlara təxminən aşağıdakı məzmunda nitqlə müraciət etmişdir: “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərinin müdafiəçisiyəm… Mən buraya qayda-qanun yaratmağa və sovet hakimiyyəti qurmağa yox, sizdən qisas almağa göndərilmişəm”.
Quba şəhəri və Quba qəzasının kəndlərində törədilmiş zorakılıq halları Fövqəladə Təhqiqat Komissiyasının istintaq materiallarına əsasən 3 cilddə 451 vərəqdən ibarət sənədlər toplusunda əks etdirilmişdir. Belə ki, 1918-ci ilin aprel-may aylarında Hamazaspın dəstələri tərəfindən Quba qəzasında 167 kənd yandırılmış və talan edilmiş, Quba qəzası üzrə öldürülən insanların sayı 16 min nəfərə yaxın, əhaliyə dəyən maddi ziyanın miqdarı isə 121.824.819 rubldan artıq təşkil etmişdir.Hamazasp dəstəsi tərəfindən hadisələrin 9-cu günü
qəzanın mərkəzi Quba şəhərindən Xaçmaz dəmiryolu vağzalına 35 arabada talan edilmiş xalça və silahlar daşınmışdır.Bolşevik və daşnak Şaumyanın rəhbəri olduğu Bakı Sovetinin əsasən ermənilərdən ibarət və daşnak Hamazaspın komandanlığı altında olan quldur dəstələrinin Qubada törətdikləri vəhşiliklər vətəndaş müharibəsi və ya Sovet hakimiyyətinin qurulması deyil, bütöv bir xalqın kütləvi şəkildə məhv edilməsi- soyqırımı hadisəsi idi.