• office@soyqirim.az
  • (023)335-37-07
Əli bəy Zizikski

Quba qəzasının müdafiəçilərindən biri olan Əli bəy Zizikski Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçısı və Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olmuşdur. Fevral inqilabından sonra kapitan Ə.Zizikski Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən Quba qəzasının komissarı təyin edilmişdir. 1917-ci il oktyabr çevrilişindən sonra Əli bəy qəzanın Bakı Sovetinin nəzarətinə keçməsinin qarşısını almağa çalışmışdır. 1918-ci il mart soyqırımı zamanı Zizikski öz dəstələri ilə Dağıstandan Bakının köməyinə gələn Nəcməddin Qotsinskinin alaylarına qoşulmuşdur. Qotsinski və Zizikskinin silahlı dəstələri daşnak-bolşevik birləşmələrinin Biləcəri-Xırdalan müdafiə xəttinə qədər yaxınlaşmış, ilk toqquşmada onları məğlubiyyətə uğradaraq, şəhər üzərinə son hücum hazırlığına başlamışdılar. Lakin Həştərxandan Xəzər dənizi vasitəsilə göndərilən çoxsaylı bolşevik hərbi qüvvələrinin Bakıya çatması ilə qüvvələrin nisbəti dəyişmiş və onlar tutduqları mövqeləri tərk etməli olmuşdular.
1918-ci ilin aprelində Bakı Soveti tərəfindən Quba qəzasına bolşevik adı altında daşnak ermənilərdən ibarət qoşun göndərilmişdir. Həmin dəstələr bir neçə gün sonra Əli bəy Zizikski, Həmdulla Əfəndi Əfəndizadə və başqalarının rəhbərlik etdiyi müsəlman birləşmələri tərəfindən Quba şəhərindən çıxarılmışlar. Bunun ardınca mayın əvvəlində S.Şaumyan və G.Korqanovun göstərişi ilə daşnak Hamazaspın başçılığı altında Qubaya 3 min daşnak-bolşevik qüvvələri yeridilmişdir. Qəzanın milli qüvvələri Zizikski başda olmaqla düşmənin sayca üstün olan və yaxşı silahlanmış qüvvələrinə müqavimət göstərə bilməyib Dağıstana keçməyə məcbur olmuşdular. Qafqaz İslam Ordusunun və Dağıstanda yerli əhalinin köməkliyi ilə yeni hərbi dəstələr yaradılmasında təşkilatçılıq edən Zizikski Hamazaspın daşnak-bolşevik dəstələrinə qarşı güclü hücum təşkil edərək Qubanın azad edilməsində iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Zizikskinin dəstəsinin əksər üzvləri yeni yaradılan Milli ordunun sıralarına daxil olmuşlar..
Aprel işğalından sonra Zizikski bolşevik təqiblərinə məruz qalmış, həbs edilmiş, “erməni qırğını törətməkdə” ittiham olunaraq daha sonralar edam edilmişdir.

Paylaş

Spread the love