fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
Ermənistan SSR-dən 1948-1953-cü illərdə Azərbaycanlıların kütləvi deportasiyası

Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-illərdə soyqırım və 1930-1938-ci illərdə kütləvi repressiya və sürgün aksiyaları həyata keçirilməsinə baxmayaraq, Ermənistanın Türkiyə və İran sərhədləri, eləcə də Azərbaycan və Gürcüstan sərhədləri boyunca yenə də əsasən azərbaycanlılar yaşayırdılar.

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası isə ermənilərin və onların havadarlarının İkinci Dünya müharibəsinin sonunda Sovet İttifaqının üstün mövqeyə çıxması ilə yaranan şəraitdən bəhrələnmək siyasətinin növbəti mərhələsi idi.

1945-ci il mayın 15-də Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Q.Arutinov məktubla SSRİ Xalq Komissarları Sovetinin sədri İ.Stalinə müraciət edərək, xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına “qaytarılması” haqqında qərarın qəbul edilməsini xahiş edir. İyunun 6-da İ.Stalin Kremldə Q.Arutinovu qəbul edir. Q.Arutinov İ.Stalinə Türkiyə ilə 1914-cü ildəki vəziyyətə uyğun sərhədləri bərpa etmək haqqında məktubunu təqdim edir.
Oktyabrın 27-də Q.Arutinov yenidən İ.Stalinin qəbulunda olarkən İ.Stalin ona Sovet hökumətinin Türkiyəyə qarşı ərazi iddiasının gündəlikdən düşmədiyini bildirir. Q.Arutinov 300 mindən artıq erməninin Sovet Ermənistanına can atdığını, lakin ilk öncə “mövcud ədalətsizliyin” aradan qaldırılmasını – yəni Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında məktubunu Stalinə təqdim edir.

SSRİ Xalq Komissarları Soveti 21 noyabr 1945-ci il tarixdə “Ermənilərin xaricdən Sovet Ermənistanına qayıtmaları ilə əlaqədar tədbirlər haqqında” qərar qəbul edir. Bundan bir həftə sonra ÜİK(b)P MK-nın ikinci katibi G.Malenkov Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi barədə Arutinovun Stalin qarşısında qaldırdığı vəsatəti Azərbaycan KP MK-nın birinci katibi M.C.Bağırova göndərir. 1945-ci il dekabrın 10-da M.C.Bağırov həmin məktuba cavab olaraq göndərdiyi  sərt cavab məktubundan sonra həmin məsələ qapadılmış, əvəzində azərbaycanlıların Ermənistandan deportasiyası məsələsi aktuallaşmışdı.
SSRİ Ali Sovetinin 19 oktyabr 1946-cı il tarixli fərmanına əsasən xaricdən Ermənistana “deportasiya” edilən ermənilərə Sovet İttifaqının ərazisinə daxil olduqları andan etibarən SSRİ vətəndaşı statusu verilməsi qərara alınır. 1946-1949-cu illərdə xarici ölkələrdən Ermənistana 96 min erməni köçürülmüşdü ki, onların da xeyli hissəsi İrəvanda məskunlaşmışdıı. Onlar əsasən şəhər ətrafındakı Nor-Areş, Zeytun, Nor Kilikiya massivlərində məskunlaşdırılmışdılar.

1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edir. Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. Qərarın 1-ci bəndində 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Həmin qərarın 11-ci bəndində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilməsi üçün istifadə etsinlər.

SSRİ hökumətinin azərbaycanlıların köçürülməsi haqqında verdiyi qərarlar Ermənistan hökumətinə şans vermişdi ki, ilk növbədə İrəvan ətrafında və Ermənistanın xarici sərhədləri boyunca mövcud olan azərbaycanlı yaşayış məntəqələrinin köçürülməsinə nail olunsun. Ermənistan hökumətinin nümayəndələri azərbaycanlı əhalinin psixoloji cəhətdən köçürülməyə hazırlanması üçün müxtəlif şayiələr yayırdılar. Ermənistan SSR-in daxili işlər naziri general-mayor X.Qriqoryanın imzası ilə 3 may 1948-ci ildə M.C.Bağırova ünvanlanmış “Azərbaycan SSR-ə qarşıdakı köçürülmə ilə əlaqədar Ermənistanın azərbaycanlı əhalisi arasındakı əhval-ruhiyyə haqqında arayış”da təkcə köçürülməsi nəzərdə tutulan rayonların azərbaycanlı əhalinin narazılıqları deyil, bu işdə marağı olan, Dağlıq Qarabağın və Naxçıvanın Ermənistana birləşdirilməsini arzulayan ermənilərin söylədikləri də öz əksini tapmışdır.
Arxiv sənədlərində İrəvan şəhərindən azərbaycanlıların deportasiyasına dair faktlar da  bunu göstəriri. Məsələn, 1948-ci ilin dekabrında İrəvan şəhərindən 64 azərbaycanlı ailəsinin (253 nəfər) köçürüldüyü, 1949-cu ildə isə 400 ailənin köçürülməsinin nəzərdə tutulması faktı qeyd edilmişdir.
1948-1950-ci illərdə Ermənistandan köçürülmüş 8110 ailədən yalnız 3232-si yaşayış evləri ilə təmin olunmuşdu. 1950-ci ildə köçürülənlər üçün 3500 ev tikmək qərara alınsa da, yalnız 470 ev tikilmişdi. Yalnız 1488 köçkün ailəsi həyətyanı təsərrüfat sahəsi ilə təmin olunmuşdu. 1951-ci ildə köçkünlər üçün 5000 yaşayış evinin tikintisi planlaşdırılsa da, cəmisi 3074 ev tikilib istifadəyə verilmişdi. 1952-ci ildə Ermənistan SSR-dən Kür-Araz ovalığına 600 təsərrüfatın köçürülməsi planlaşdırılır və plan artıqlaması ilə (124,6 faiz) yerinə yetirilir.

Ermənistandan azərbaycanlıların deportasiyası başa çatdırıldıqdan sonra orada yaşayan azərbaycanlı əhalinin azalmasını bəhanə edərək, rayon və respublika miqyasında müəyyən vəzifələr tutan azərbaycanlı kadrların ermənilərlə əvəz edilməsinə başlanıldı.

Qarabağlar, Vedi, Zəngibasar, Krasnoselo rayonlarının partiya komitələrinin azərbaycanlı birinci katibləri, digər 10 rayonda isə ikinci və üçüncü katibləri vəzifədən azad edərək yerlərinə erməniləri təyin etdilər. Amasiya, Basarkeçər və Krasnoselo rayonlarından başqa, yerdə qalan rayonlarda Azərbaycan dilində çıxan qəzetlər bağlandı.

C.Cabbarlının adını daşıyan İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1949-cu ildə azərbaycanlıların yaşamadığı Basarkeçər rayonunun mərkəzinə köçürülmüş, 1952-ci ildə isə maliyyələşdirilməməsi səbəbindən bağlanmışdı. İrəvan teatrı yalnız 1967-ci ildə yenidən İrəvanda fəaliyyətini bərpa etmişdi.

X.Abovyan adına İrəvan Pedaqoji İnstitutunda 1937-ci ildən təhsili Azərbaycan dilində olan bölmələri – dil-ədəbiyyat, tarix-coğrafiya, fizika-riyaziyyat fakültələri və Ermənistan Dövlət Qiyabi Pedaqoji İnstitutunda mövcud olan eyniadlı fakültələri bağlanaraq, 1948-ci ildə Azərbaycandakı müvafiq institutlara köçürüldülər. 1924-cü ildə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu bağlanaraq onun fakültələri kənd rayonu hesab edilən Xanlar  ( hazırda Göygöl ) rayon mərkəzinə köçürüldü.

1948-53-cü illər deportasiyası nəticəsində İrəvan şəhərinin azərbaycanlı əhalisi yarıbayarı azaldı. 1939-cu ildə keçirilən siyahıyaalma zamanı İrəvan şəhərində 6569 nəfər azərbaycanlının qeydə alındığı halda, 1959-cu ildə 3413 nəfər azərbaycanlı qeydə alınmışdı (1949-cu ildə siyahıyaalma keçirilməmişdir)

Ermənistandan azərbaycanlıların deportasiyası ilə yanaşı, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi əməliyyatı aparılırdı. Təkcə 1947-1953-cü illərdə 60-dan artıq azərbaycanlı yaşayış məntəqələrinin adlarını erməniləşdirmişlər.

Xalqımıza qarşı tarixi cinayət kimi qiymətləndirilən bu aksiyaya hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 18 dekabr 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalamışdır.

Nazim Mustafa,
AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi