2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmusdur. Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009- cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial Kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilmiş və 2013- cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir.
I Xatirə Abidə (aşkarlanan məzarlıqdan çıxan insan sümüklərinin dəfn olunduğu yer)
II Simvolik məzarlıq
III Soyqırımı muzeyi
IV Bayraq meydanı
V İnformasiya Mərkəzi
Kütləvi məzarlıq 2007-ci ilin aprel ayının 1-də ərazidə torpaq işləri görülərkən açılmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən məzarlıqda 2007-ci ilin aprel ayının 8-dən 11-dək ilkin tədqiqat işləri aparılmış, məzarlığın 1918-ci ildə erməni quldur dəstələrinin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımla bağlı olduğu müəyyən edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası bu məsələyə daha dolğun aydınlıq gətirilməsi üçün məzarlıqda daha geniş şəkildə tədqiqat işləri aparılmasını məsləhət bilmişdir. 2007-ci ilin iyul ayından etibarən Qəhrəman Ağayevin başçılığı altında Azərbaycan Milli Elimlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun 7 nəfərdən ibarət elmi heyəti tərəfindən kütləvi məzarlıqda tədqiqat işlərinə başlanmış, 2008-ci ilin sentyabr ayında isə tədqiqat işləri başa çatdırılmışdır.
II Simvolik məzarlıq: Kompleksin bu hissəsində qədimdən bəri Qubanın rəmzi və həyat simvolu sayılan alma ağacları əkilmişdir. Alma bağında 3 yaş qrupu üzrə (kiçik, orta, yaşlı ) 1918-ci il faciə qurbanları olan qadın, gənc, uşaq və qocaların xatirəsinə hörmət əlaməti olaraq 3 ölçüdə 40 simvolik mərmər daşı yerləşdirilmişdir.
III Soyqırımı muzeyi 3 hissədən ibarətdir:
1. Sivriuclu bıçaqların yerə saplanması (giriş)
2. Xatirə daşı ( əsas zal )
3. Sivriuclu bıçaqların üzə çıxması ( çıxış )
Dünyada azsaylı, Azərbaycan üçün isə yeni olan sosial-tarix muzeyində soyqırımdan əvvəl, soyqırımı zamanı və bu hadisələrdən sonra sosial, mədəni və s. sahələrdə əhalinin həyatında baş verən dəyişikliklər haqqında məlumat verilir. Yaşanmış faciənin miqyası, ağırlığı və acılığını memar Vahid Kasımoğlu soyqırımı qurbanlarının xatirəsinə dərin hörmət əlaməti olaraq heç bir dekorasiyadan və bəzək-düzəkdən istifadə etməmiş, matəm sükutunu təcəssüm etdirməyə çalışmışdır. Muzeyin görünüşünün yerin altından üzə çıxması tarixin gizlətməyin mümkünsüzlüyü, bıçaqların itiuclu olması isə ürəkləri parçalayan şiddəti bildirir.
Muzeyin giriş hissəsiində yerləşən ekspozisiya “Dinc Quba” adlanır. Bu hissədə XX əsrin əvvələrində Quba qəzasının sakinlərinin və şəhərin görüntüləri verilir. Fotoşəkillər Quba qəzasının əhalisinin – dövlət qulluqçuları, din xadimləri, məktəb uşaqları, qadınlar və digər şəhər və kənd sakinlərinin: iş başında, məişətdə, ailədə və istirahət zamanı çəkilib. Quba qəzasında azərbaycanlı türklərlə yanaşı başqa millətlərin və etnik qrupların nümayəndələri də kompakt şəkildə yaşayıblar. Qəzanın müxtəlif milli-etnik və dini əhalisi arasında dinc qonşuluq münasibətləri əsrlərlə qorunub saxlanılıb. Bu da xalqımızın multikulturalizm ənənəsinə həmişə sadiq olduğunu göstərən amildir. Giriş hissəsi “Azərbaycan” qəzetinin 8 dekabr 1918-ci il epiqrafı ilə başa çatır.
Azərbaycanın müxtəlif qəzalarında baş vermiş soyqırımlar zamanı kütləvi şəkildə qəddarlıqla öldürülmüş insanların – əksəriyyəti yandırıldığı, dənizə, quyulara atılmış və dəfn edilmədikləri üçün faciə qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq zalın mərkəzində qara mərmər daş ucaldılmışdır.
Zalın giriş hissəsində Fövqəladə Təhqiqat Komissiyasının (FTK) üzvlərının fotoşəkilləri (F.Xoyski, M.Hacınski, X. Xasməmmədov, Ə. Xasməmmədov, İ. Şahmalıyev, M. Təkinski, N. Mixaylov, Ə. Xanbudaqov) və sənədlər nümayiş olunub. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti ölkədə baş verən qanlı hadisələrə münasibət bildirməyi zəruri saymış və Birinci Dünya müharibəsi başlandığı vaxtdan bolşevik adı altında erməni quldur dəstələri tərəfindən müsəlman əhalisinə və mülkiyyətinə qarşı törədilən zorakılıq hallarını araşdırmaq məqsədilə 1918-ci il 15 iyul tarixində Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. FTK- nın sədri tanınmış hüquqşunas Ələkbər bəy Xasməmmədov idi. Komissiya 7 nəfərlik tərkiblə təsis edilsə də, sonralar Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə orqanlarının digər nümayəndələri işə cəlb edilmişdir. FTK- nın tərkibi çoxmillətli olmaqla, əsasən, polyak, rus, alman, litva tatarı və Rusiyada təhsil almış hüquqşunas azərbaycanlılardan ibarət idi. Fəaliyyət göstərdiyi dövr ərzində 15 iyul 1918-ci ildən, 1 noyabr 1919-cu ilə qədər FTK tərəfindən 36 cilddən ibarət istintaq materialı toplanmışdır. Bakı, Şamaxı, Quba, Göyçay, Cavad, Nuxa, Lənkəran qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda ermənilər tərəfindən törədilmiş amansız cinayətlər araşdırılmışdır. FTK-nın fəaliyyətinin yekunu olaraq 128 məruzə və qərar layihəsi hazırlanmış, onların əsasında müxtəlif cinayətlərdə müqəssir bilinən 194 şəxsə qarşı cinayət işi qaldırılmışdır.
Növbəti ekspozisiyada 1918-ci ildə soyqırımlar törədilən bölgələrin xüsusi qırmızı nişanlarla işarələnmiş Azərbaycanın 1918-1920-ci ilə qədərki xəritəsinin təsviri, daha sonra Azərbaycan tarixi haqqında qısa məlumat olan 4 dildə (azərbaycan, rus, türk, ingilis) lövhələr yerləşdirilmişdir.
Sonrakı ekspozisiyada AXC-nin varisi olan Azərbaycan Respublikası bu gün həmin işi axıra qədər həyata keçirə bilmədiyi və məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul etmiş, müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin fotoşəkili və “31 Mart Azərbaycanlıların soyqırımı” haqqında verdiyi 26 mart 1998-ci il fərmanı (3 dildə) (azərbaycan, rus, ingilis) öz əksini tapmışdır.
Muzey qaleriyasının bütöv bir divarını Quba qəzasına həsr edilmiş 4 bölmədən ibarət ekspozisiyalar təşkil edir. Birinci bölmədə inzibati ərazi vahidi olan Qubanın 1918-ci il tarixi üçün vəziyyəti əks olunmuşdur. Quba qəzası (Quba, Qusar, Şabran, Xaçmaz, Siyəzən) çar Rusiyası, AXC, Az. SSR dövrünün 1929 -cu il tarixinə qədər mövcud olmuşdur. 1918-ci ildə Quba qəzasında baş verən soyqırımları xüsusi qırmızı işarələrlə xəritədə qeyd olunmuşdur. İlkin məlumatlara görə, qəzada 122 kəndin talanlara və dağıntılara məruz qalması qeyd olunsa da, daha dəqiq aparılmış təhqiqatlar nəticəsində bu kəndlərin sayı 167 olduğu sübut olunmuşdur. Quba şəhəri və ətraf kəndlərində-38, Qusarda-27, Xaçmazda-65, Şabranda-21, Siyəzəndə-16 yaşayış məntəqəsi dağıdılmışdır.
İkinci bölmədə 1918-ci ilə qədərki Quba qəzasının əhalisinin yaşayışı haqqında geniş məlumat verilmişdir. 1916-cı il məlumatlarına görə Quba qəzasının 198. 204 nəfər əhalisinin 64,15 %-ni azərbaycanlılar və tatlar, 24.72%-ni ləzgilər, qrızlılar, buduqlular, ceklilər, avarlar və s., 7, 58%-ni yəhudilər, 2,71%-ni ruslar, 0,76%-ni ermənilər təşkil edirdi. Bu guşədə müxtəlif millətlərin və etnik qrupların fotoşəkilləri əks olunmuşdur.
Üçüncü bölmədə FTK-nın Quba qəzasında törədilmiş dağıntılar, zorakılıq və soyqırımı faktlarının qısa təfsilatı, sənədlər və bu hadisələrin canlı şahidlərinin fotoşəkilləri, dindirilmə protokolları nümayiş olunmuşdur.
Dördüncü bölmədə Quba qəzasının müdafiəçiləri haqqında məlumat verilmişdir. Bakı sovetinin rəhbəri S. Şamuyanın göstərişi ilə Hamazaspın 3 minlik quldur erməni dəstəsi 2 həftə ərzində 1918-ci ilin aprel ayının sonundan may ayının ortalarınadək Quba qəzasında amansızcasına qətllər və qarətlər törətmişlər. Türklərə qarşı xüsusi nifrət bəsləyən daşnak Hamazaspın qarşısına qoyduğu əsas məqsəd cəza tədbirlərini həyata keçirmək, müsəlman əhalisini məqsədyönlü şəkildə sayını azaltmaqdan ibarət idi. Hamazaspın quldur erməni dəstələri müsəlman əhaliyə qarşı misli görünməmiş xüsusi qəddarlıqla uşaq, qadın, qocaya belə rəhm etmədən qətlə yetirilmiş, cəsədləri eybəcər hala salınmış və meyitləri şəhərin küçə və meydanlardan götürülüb dəfn edilməsinə belə icazə verilməmişdir. Ermənilərdən fərqli olaraq azərbaycan xalqının hətta belə bir şəraitdə tolerant bi millət olduğunu bildirən sənəd nümayiş olunmuşdur. Bu sənəd Dəvəçinin (Şabran) Kilvar kəndinin 90 nəfər erməni əhalisi tərəfindən həyatlarının təhlükəsizliyinin qorunması haqqında şəxsi imzaları və möhürü olan Həmdulla Əfəndi Əfəndizadənin müdafiəsi üçün verilmişdir. Ekspozisiyada Quba qəzasının müdafiəçilərinin fotoşəkilləri öz əksini tapıb. (Ə. Zizikski. H.Əfəndizadə, Ş. Əfəndizadə, M. İbrahimov və s.) Quba qəzasının müdafiə dəstələrinin daşnak-ermənilərlə mübarizə aparması haqqında məlumat verilib və şiddətli döyüşlər getmiş Digah, Xucbala kəndlərinin arasında yerləşən “Qanlı dərə” adlanan ərazinin görüntüsü verilmişdir.
Növbəti ekspozisiyada 1919-cu il Paris sülh konfransında iştirak edən nümayəndə heyətinin fotoşəkilləri (Ə. Topçubaşov-sədr, A. Atamalıbəyov, Y. Mehdiyev,C. Hacıbəyli, Ə. Şeyxülislamov, M, Məhərrəmov), eləcə də AXC sərhədlərini göstərən Qafqazın tarixi xəritələri (fransız və osmanlı türkcəsində) verilmişdir. Heyətin əsas məqsədi Azərbaycanı müstəqil dövlət kimi tanıtmaqla yanaşı, Azərbaycan xalqına qarşı 1918-ci ildə erməni-daşnaklarının törətdikləri cinayətlərin dünya ictimayyətinə çatdırmaqdan ibarət idi. Bu məqsədlə FTK-nın materiallarının bir hissəsi Azərbaycan Xarici İşlər Nazirliyinin xətti ilə Parisə nümayəndə heyəti ilə göndərilmişdir. Bu materiallar Bakı, Şamaxı, Quba, Göyçay, Cavad qəzalarında 1918- ci ildə baş verən soyqırımları əks etdirən 6 cild sənədlər toplusundan və 102 fotoşəkildən ibarət idi. Azərbaycan nümayəndə heyəti öz üzərinə qoyulan vəzifəni yerinə yetirmiş, sənədlərin surətləri böyük dövlətlərin başçılarına və müxtəlif beynəlxalq təşkilatlara təqdim edilmişdir. Bakıdan Parisə göndərilən bütün materiallar tarix elmləri doktoru, professor Solmaz Rüstəmova (Tohidi) tərəfindən 2011-ci ildə Fransada Topçubaşovun şəxsi arxivindən tapılmış və 94 ildən sonra vətənə qaytarılmışdır. Həmin sənəd və fotoşəkillərin surətləri muzeyin ekspozisiyasında orijinalda olduğu kimi verilmişdir. Soyqırımı hadisələrini əks etdirən sənədli film zalda davamlı olaraq nümayiş olunur.
Növbəti ekspozisiyada bədii tətbiqi sənətin nümunəsində verilən dəmir tabloda müasir insan simaları verilmişdir. Bu simalar gənc və yaşlı nəsilləri təcəssüm etdirir. Simalarda sezilən baxışlar müxtəlifdir. Əgər gənc simaların baxışlarında təəcüb, heyrət, qorxu hiss olunursa, yaşlı nəsilə aid simalarda bir o qədər kin, kədər, acı hissləri əks olunub.
Sıradakı ekspozisiyada
1918-ci ilin qırğınlarınınrəhbərləri və icraçılaının adları (Şaumuyan, Hamazasp, Korqanov, Andranin, Lalayan, Mikoyan və s.), onların həyata keçirdiyi soyqırımı siyasətinin mahiyyəti haqqında məlumat verilimişdir.
Azərbaycana “Böyük Ermənistan” dövləti üçün potensial ərazi kimi baxan və eyni zamanda müsəlman əhalisini regionda soyqırımlar törətmək yolu ilə maksimum azaltmaq məqsədi güdən ermənilər, istədiklərinə nail olmaq üçün bütün vasitələrdən istifadə edirdilər. Bu planı reallaşdırmağa çalışan Bakı Sovetinin rəhbəri Şaumyan, bütün Qafqazın erməni qüvvələrinin, o cümlədən” Daşnaksytün” partiyasının üzvləri ilə sıx əməkdaşlıq edirdi. Ona verilmiş səlahiyyətlərdən sui- istifadə edərək, Azərbaycanın müxtəlif bölgələrində xüsusi qəddarlıqla cəza tədbirləri həyata keçirdi. Beləliklə, 1918-ci il faciəli hadisələrin bolşevik-daşnak tandemi tərəfindən həyata keçirilmişdir. 1918-ci il mart ayından başlayaraq müsəlman əhalisinin kütləvi qırğınlarını 70 % erməni əsgərlərindən ibarət olan, erməni zabitlərinin rəhbərlik etdiyi qoşunlar tərəfindən törədilmişdir. Azərbaycanda soyqırımı həyata keçirmiş erməni quldur dəstələrinin rəhbərləri və icraçılarının konkret adlarının və şəxsiyyətlərinin məlum olması bu faciənin guya “erməni qara camaatı” tərəfindən müxtəlif bəhanələrlə törədildiyi kimi istər o dövr erməni dairələrində, istərsədə muasir dövrdə ermənilər tərəfindən yürüdülən uydurmaları təkzib edir. Guşədə həmçinin erməni quldurlarının həmin dövrdə soyqırımlar zamanı istifadə etdikləri soyuq, odlu silah nümunələri, işgəncə alətləri nümayiş olunmuşdur.
Bakı quberniyası qəzaları mövzusu Cavad qəzasına aid ekspozisiya ilə davam edir. Cavad qəzası indiki Salyan, Saatlı, İmişli, Sabirabad, Cəlilabad rayonlarının ərazisini əhatə edirdi. Cavad qəzasına aid ekspozisiyanın mətn hissəsində qəzanın və əhalinin tərkibi haqqında məlumat verilmişdir. Qəzada 1918- ci ilin mart-iyun aylarının ortalarına qədər ermənilər tərəfindən müsəlman əhalisinə qarşı soyqırımı baş vermiş, həmin ilin aprelində Salyan bolşeviklərin nəzarətinə keçdikdən sonra bu qəzanın dinc əhalisi daha çox təqiblərə məruz qalmışdı. Bu vəziyyət torpaqlarımızın Azərbaycan-Türk qoşunları azad edənədək davam etmişdir. FTK-nın fəaliyyəti zamanı müsəlman kəndlərinin bir hissəsi hələ də ermənilərin nəzarəti altında olduğu üçün kəndlərə dəymiş ziyanın miqdarını və qətlə yetirilənlərin dəqiq siyahısını əldə etmək mümkün olmamışdır. Lakin ermənilərin yerli müsəlman əhaliyə qarşı törətdikləri vəhşiliklərinin, vandalizmin miqyasını təsəvvür etmək çətin deyildi. Bu baxımdan, ekspozisiyada yer almış Cavad qəzasının Xocalı kəndinin sakini 18 yaşli Sürəyya Məşədi Dadaş qızına aid dindirilmə və məhkəmə-tibbi müayinənin protokoluna baxmaq kifayətdir. Qətllər xüsusi qəddarlıqla müşayiət olunmuşdur: insanları süngülərə keçirmiş, xəncərlə doğramış, başlarını kəsmiş və yandırmışlar.
Göyçay qəzası 1918-ci ildə AXC Bakı quberniyasının tərkibində inzibati-ərazi vahidi olmaqla indiki Göyçay, Kürdəmir, Zərdab rayonlarının ərazisini əhatə edirdi. Ekspozisiyada qəzanın inzibati ərazisində əhalinin milli-dini tərkibi (müsəlman, erməni, rus, yəhudi) haqqında məlumat verilmişdir. Göyçay ərazisindən bir neçə dəmiryol stansiyaların keçməsi hələ I Dünya müharibəsində gedən və qayıdan erməni silahlı dəstələrinin bu bölgəyə hücumunu asanlaşdırırdı. 1918-ci il iyun ayından isə bolşevik hakimiyyəti qurmaq adı ilə ermənilər daha da azğınlaşdı. Belə ki, Ərəb-Mehdibəy kəndində 84 mülk yandırılmış, əmlakı qərat edilmiş, 83 nəfər öldürülmüşdür. Cəhri kəndinin 20 sakini isə öldürülməmişdən öncə dözülməz işgəncələrə məruz qalmışdır. Burunları, qulaqları kəsilmiş, kəllə sümükləri sındırlmışdır. Eyni vəhşiliklər Kürdəmir kəndində də baş vermişdir. FTK-nın həmin bölgədə apardığı təhqiqat sənədləri, yandırılmış kənd məscidlərinin, şəxsi mülklərin, evlərin, insan cəsədlərinin fotoşəkilləri lövhədə öz əksini tapmışdır. Yalnız 1918-ci il 16-30 iyun tarixlərində Göyçay qəsəbəsi və Qaraməryəm kəndi istiqamətində gedən döyüşlərdə BXKS-nin ordusu ilə Qafqaz İslam ordusu arasında baş vermiş həlledici döyüşlər nəticəsində torpaqlarımızın bolşevik-daşnak qüvvələrindən azad olunması başlanmışdır.
Şamaxı qəzası inzibati-ərazi vahid olmaqla indiki Şamaxı, Ağsu, İsmayıllı, Qobustan, Hacıqabul rayonlarının ərazilərini əhatə edirdi. Digər qəzalarda olduğu kimi, Şamaxı qəzasının əhalisinin də tərkibi milli-dini mənşəyinə görə müxtəlif idi. Qəzada müsəlman əhalisinin çoxluq təşkil etməsinə baxmayaraq gözlənilmədən erməni-bolşeviklərin hücumuna məruz qalması nəticəsində görülməmiş vəhşiliklərlə üzləşmişlər. Şamaxı soyqırımları Bakıda baş verən hadisələrlə eyni vaxtda başlamış, mart-aprel aylarında Şamaxı şəhəri 2 dəfə, qəzanın 110 kəndi isə bir neçə dəfə talanlara məruz qalmışdır. Bolşevik-daşnak quldurlarının Şamaxı şəhərində törətdikləri soyqırımları bir neçə gün davam etmiş, zəngin müsəlmanlara məxsus “Piran-Şirvan” yaşayış məhəlləsi yanğınla tamamilə məhv edilmişdir. Mart qırğınlarından sonra ürəkləri soyumayan ermənilər aprelin 10- da S. Lalayevin və T. Əmirovun başçıliğı ilə şəhərə yenidən basqın etmişlər. Şamaxının dini ocaqları, həmçinin 8 əsrlik tarixi olan “ Cümə məscidi” yandırılmış və dağıdılmışdır. Bu dövr ərzində ümumilikdə Şamaxı qəzasının 106 kəndi ermənilər tərəfindən viran qoyulmuş, 10341 nəfər öldürülmüşdür. Həmin faktlar fotosəkillərlə ekspozisiyada nümayiş olunmuşdur.
Bakı quberniyasının qəzaları movzusu Bakı qəzasına aid ekspozisiya ilə yekunlaşır. 1918-ci il soyqırımı başlandığı Bakı şəhərində həmin hadisələri şərtləndirən amillər və mart soyqırımları haqqında məlumat verilmişdir. 442.097 nəfərlik əhalisi olan Bakı qəzası özünün çoxmillətli tərkibi ilə seçilirdi. Bakı şəhəri əhalisinin iki əsrlik köçürmə siyasəti və neft sənayesinin XIX əsrin 2-ci yarsından inkişafı ilə əlaqədar gəlmələrin hesabına artmasına baxmayaraq müsəlman, əsas da azərbaycanlılar əhalinin böyük əksəriyyətini təşkil edirdi. Ekspozisiyada Bakı qəzasının xəritəsi, əhalinin mill -dini tərkibinə aid diaqram, soyqırımda ziyan çəkmiş sakinlərin fotoşəkilləri və dindirilmə protokolları verilmişdir. Azərbaycan xalqının milli- azadlıq hərəkatına zərbə vurmaq, “Müsavat” partiyasınının sosial bazasını məhv etmək, müsəlman əhalinin sayını maksimum azaltmaq niyyətində olan bolşevik- daşnak qüvvələri hərəkətə keçmişlər. 1918-ci ilin mart ayının 26-da “Evelina” gəmisinin azərbaycanlılardan ibarət əsas heyətinin tərkisilah olunması ilə bağlı təxribat on minlik bolşevik erməni ordusunun müsəlman qırğınlarını həyata keçirilməsi üçün bəhanə oldu. Şəhərin dinc müsəlman əhalisinin 12 min nəfəri 3 gün ərzində (30 mart- 02 aprel) vəhşicəsinə qətlə yetirilmişdir. Öldürülənlər arasında qadın, qoca,uşaqların olması guya şəhərdə “vətəndaş müharibəsi” getdiyi barədə iddiaları inkar edir, qırğınları kütləvi şəkildə müsəlman əhaliyə qarşı olduğunu sübut edirdi. Erməni “Daşnaksyutun”, erməni Milli Şurası və bolşevik cəlladlarının rəhbərliyi ilə keçirilən qırğınlarda azərbaycanlı əhalisinin bütün təbəqələri zorakılığın, haqsızlığın, talanların qurbanları olmuşlar. Bakının “Kərpicxana”, “Məmmədli” və s. məhəllələri, “Təzəpir”, “Şah”, “Şamaxı”, “Hacı Əjdər bəy”, “Bibiheybət” məscidlərini, “Kaspi”, “Açıq söz” qəzetlərinin redaksiyaları, “İskəndəriyyə”, “İslamiyyə” mehmanxanalarının binaları dağıdılmış və yandırılmışdır. Ekspozisiyada adı çəkilən bir çox yerlərin fotoşəkilləri verilmişdir. 1918-ci il mart-sentyabr aylarında Bakıda baş verən soyqırımlar Bakı kəndlərində də törədilmişdir. (Məhəmmədli, Əhmədli, Balaxanı, Zarat, Sabunçu, Xırdalan və s.) Bakı qəzasında dəymiş ziyanın ümumi məbləği təxminən 400 000 000 rubl təşkil edirdi.
Muzeyin çıxış hissəsində dövlət xadimlərinin, görkəmli şəxslərin, mətbuat orqanlarının 1918-ci ildə Azərbaycanda, erməni quldur dəstələri tərəfindən törədilmiş soyqırımı hadisələrinə münasibətini bildirən ekspozisiyalar nümayiş olunmuşdur.
1-ci vitrində 2007-ci ildə tikinti zamanı aşkarlanmış məzarlığın görüntüləri verilmişdir. (foto)
2-ci və 3-cü divar vitrində 1918-ci ildə Azərbaycanda baş vermiş soyqırımları haqqında dövrün tanınmış şəxslərinin və mətbuat məlumatları öz əksini tapmışdır. M.Ə.Rəsulzadə, Ü. Hacıbəyli, M.H. Əbdülsəlimzadənin “Azərbaycan” qəzetinin (1919- cu il, 31 mart ) 147- ci nömrəsində hadisələrə münasibət bildirən məqalə, şeirlər, fotoşəkillər və nüsxələrin surəti nümayiş olunmuşdur. Həmçinin “İstiqlal”, “Qardaş qayğısı”( Tiflisdə nəşr olunub), “Naş qolos” və s. qəzetlər də öz səhifələrində soyqırımı hadisələrini işıqlandırmışdır.
4-cü divar vitrində Cənubi Azərbaycandan olan soydaşımız, görkəmli dövlət xadimi S.C. Cavadzadənin( Pişəvəri), “Ajir” (Tehran) qəzetində yazdığı məqalənin bir hissəsi, 1918-ci ildə İranın Azərbaycandakı konsulu Səid Məhəmməd Əl-Vəzarə Marağeyinin dəhşətli hadisələrlə bağlı təəssüratları verilmişdir. Vitrində həmçinin ingilis generalı L.Ç.Denstervilin, 1918-ci ildə B.Britaniyanın Bakıdakı vitse-konsulu R. Makdonellin baş vermiş faciələrlə bağlı yazılmış sənədlərin surəti verilmişdir.
5-ci divar vitrin Türk-Azərbaycan Qafqaz İslam ordusuna həsr olunmuş ekspozisiyası ilə bitir. AXC hökuməti müsəlman əhalisinə qarşı kütləvi soyqırımın qarşısını almaq üçün bir sıra tədbirlər görmüşdür. Hökumətin əsas məqsədi hakimiyyəti bütün Azərbaycan ərazisində bərqərar etmək və torpaqlarımızı düşmən tapdağından azad etmək idi. Yeni yaranmaqda olan Azərbaycan Milli ordusunun və Osmanlı Türkiyəsinin silahlı qüvvələrindən təşkil olunmuş Qafqaz İslam ordusu Gəncədə separatçı ermənilərin tərkisilah edilməsində, Göyçay qəzasında Qaraməryəm, Kürdəmir, Şamaxı qəzası ərazisində, nəhayət Bakı ətrafında gedən döyüşlərdə sürətlə əks hücuma keçərək bolşevik-daşnak qüvvələrini ağır məğlubiyyətə uğratmışlar. Qafqaz İslam ordusunun zəfər yürüşü 1918-ci il sentyabrın 15 də Bakı şəhərinin azad olunması ilə başa çatdı. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin əsasını qoymuş, Azərbaycan xalqının erməni-bolşevik əsarətindən azad olunması ilə nəticələnmişdir. Bu vitrində Qafqaz İslam ordusunun Azərbaycan torpaqlarını azad etmək yürüşünü əks etdirən fotoşəkillərlə başlayır. Həmçinin, türk və azərbaycan zabit və əsgərlərinin ümumi, kiçik dəstələr və tək-tək şəkilləri, Türk qoşunlarının komandanı Nuru Paşa ilə Azərbaycan hərbi birləşmələrinin komandanı general- leytenant Əliağa Şıxlinskinin fotoşəkillərilə davam etmişdir.
Ekspozisiya 1918-ci il sentyabrın 15-də Bakını azad edilməsi münasibətilə keçirilmiş hərbi yürüşün görüntülərini əks etdirən fotoşəkillə tamamlanır. Muzeyin sonuncu ekspozisiyası Azərbaycan Milli Ordusuna həsr edilmiş foto-sənədlərlə bitməsi 1918-ci il soyqırımları məhz ordu tərəfindən son qoyulması kimi tarixi həqiqətlə yekunlaşmır. Əslində, bu, bir daha onu təsdiqləyir ki, Azərbaycan dövlətinin suverenliyini, ərazi bütövlüyünü, xalqımızın qorxusuz, təhlükəsiz yaşaması üçün onu həmişə qoruyan güclü ordusu olmalıdır. Yaşanan faciə bunu bir daha sübut etdi. Tarixdən alınan bu dərs gələcək nəsillər üçün ibrətdir.
IV. Quba “Soyqırımı Memorial Kompleksi”nin “Bayraq meydanında” Azərbaycan Respublikasının üç rəngli bayrağı 20 metr hündürlükdə dalğalanır.
V. Kompleksin Məlumat Mərkəzinə gələn ziyarətçilər üçün Heydər Əliyev Fondu tərəfindən müasir avadanlıqlarla təchiz olunmuş zəngin kitabxana, oxu zalı, audiobələdçi və 1918-ci ildə Azərbaycan qəzalarında baş verən soyqırımı tarixi faktlarını əks etdirən üç dildə 16 adda buklet və kitablardan istifadə etmək üçün şərait yaradılmışdır.