• office@soyqirim.az
  • (023)335-37-07
Erməni xəyanətinin qurbanı, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, ictimai-siyasi xadim, AXC dövrünün daxili işlər naziri, parlamentin üzvü Behbud xan Cavanşir.

Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəslindən olan Behbud xan Cavanşir 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində anadan olub. Alman, ingilis, fransız, rus, gürcü və erməni dillərini mükəmməl bilən Behbud xan 1890-cı ildə alman dili təmayüllü Tiflis Realnı Məktəbinə daxil olmuş, daha sonra Almaniyadakı Frayberq Dağ-Mədən Akademiyasını bitirmişdir.

   AXC dövründə, 1918-ci il iyunun 17-də Behbud xan Cavanşir Gəncədə Fətəli xan Xoyskinin yaratdığı II Hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutmuşdur. Nazirliyə rəhbərlik etdiyi dövrdə o, ölkədə anarxiyaya son qoymaq, qanunvericiliyi və vətəndaş təhlükəsizliyini təmin etmək məqsədilə mühüm addımlar atmışdı.

1918-ci il oktyabrın 6-da hökumətin tərkibində kabinetdaxili dəyişikliklərdən sonra da o, bir çox məsul vəzifələrdə  çalışmışdır. Eyni zamanda B.Cavanşir Azərbaycan Milli Şurasının Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanununa əsasən Cümhuriyyət Parlamentinə üzv seçilmiş,  “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin rəhbərlərindən biri, eləcə də Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir.

1921-ci il iyulun 18-də Behbud xan Cavanşir “intiqam və düşmənçilik” hisslərini başlıca fəaliyyət prinsipinə çevirmiş erməni terroristi tərəfindən İstanbulda qətlə yetirilmişdir. Erməni xəyanətinə bələd olan Behbud xanın ölüm ayağında olarkən son sözləri belə olmuşdur: “Mənim şəxsi düşmənim yoxdur. Məni ancaq ermənilər vura bilərlər”.

Paylaş

Spread the love