• office@soyqirim.az
  • (023)335-37-07
“Söhübqala abidəsi"

Tarixi “Söhübqala” abidəsi
Azərbaycan ərazisində ən qədim qalalardan biri də “Söhübqala”dır. Abidə Quba rayonunun Söhüb kəndində, Baş Qafqazın dağ ətəyində, 1700 metr hündürlükdə yerləşir. Abidəni “Söhübqala”, həmçinin “Divlərqala”, “Div qalası”, “Sükut qalası” adlandırırlar.
Tarixi sənədlərdə “Söhübqala”nın inşa tarixi dəqiq yazılmasa da, bəzi mənbələrdə onun IV-VI əsrlərə, digərlərində isə IX-XI əsrlərə aid olduğu bildirilir. Araşdırmaçıların fikrincə, “Söhübqala” sözünün mənası “qala tərəfi”, “qalanın səmti” deməkdir. Bu qədim tarixi abidə kərpicdən hörülüb, tikintisində yumurta sarısından istifadə olunub. Abidə kənardan 2 çəlləyə oxşayır və 8 rəqəminə bənzəyir. İlk vaxtlardan abidənin girişi olmayıb. Deyilənə görə, abidədən yeraltı gizli yollar ayrıldığına görə giriş hissəsi də yerdən olub. Bəzi rəvayətlərə görə, insanlar klinik ölüm keçirəndə onları burada 3 gün saxlayıblar ki, ayılsınlar. “Söhübqala” abidəsi həmçinin strateji əhəmiyyətə malikdir. Buradan qədimdə hərbi xəbərləşmə mövqeyi kimi istifadə olunub. Abidənin üstündə qalanmış tonqal izlərinin indi də qaldığına görə “Söhübqala”dan özünəməxsus qaydada hərbi xəbərləşmə həyata keçirilib. Qalanın ətəyində qədim qəbirlər mövcuddur.
“Söhübqala” tarixi abidəsi ümumi uzunluğu 25 kilometr olan Quba-Xanəgah turizm marşrutunun üzərində yerləşir, tarixi abidə yerli və xarici turistlər üçün diqqətçəkən unikal məkandır. Tarixi abidənin yerləşdiyi zirvədən ətraf dağlara, kəndlərə əsrarəngiz mənzərə açılır.
Tarixi abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 02 avqust tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə əsasən, yerli əhəmiyyətli memarlıq abidəsi kimi 4676 nömrəli inventarla qorunur.

Paylaş

Spread the love